Tanınmış polkovnik, müdafiə nazirinin sabiq müavini Haqq dünyasına qovuşdu...
Ekskluziv
6463
19 Dec 2023 | 11:40

Tanınmış polkovnik, müdafiə nazirinin sabiq müavini Haqq dünyasına qovuşdu...

Azərbaycan ordusunun qurucularından biri, tanınmış hərbçi polkovnik, Azərbaycanın müdafiə nazirinin siyasi və ictimai işlər üzrə sabiq müavini (1995–1999) Mehman Səlimov bu gün səhər saatlarında haqq dünyasına qovuşub. Polkovnikin Gəncə şəhərindəki Mərkəzi Klinikada ağır pnevmoniya xəstəliyindən sonra ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
Bu haqda Moderator.az-a mərhumun oğlu Fərhad Səlimov məlumat verib.
 
Polkovnik Mehman Səlimov 1991-ci ildən başlayaraq Azərbaycan Milli Ordusunun quruculuğunda ən fəal iştirak edən hərbçilərimizdən olub. O, Azərbaycan əsgərinin ilk hərbi andının müəlliflərindən biridir.
 
Mərhumun ömür yolu:
 
Mehman Əmirxan oğlu Səlimov 1955-ci il avqustun 12-də Gürcüstan SSR-in Dmanisi rayonunun Qızıl-Kilsə kəndində anadan olub.
 
1962-73-ci illərdə Dmanisi 1 saylı rus məktəbində tam orta, 1974-78-ci illərdə isə Donetsk Ali Siyasi Hərbi Məktəbində ali təhsil alıb.
 
1978-ci ildən 1984-cü ilədək Kiyev Hərbi Dairəsinin hərbi hissələrində komandirin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir.
 
1984-cü ildə V.İ.Lenin adına Hərbi-Siyasi Akademiyaya daxil olmuş və 1987-ci ildə akademiyanı bitirmişdir.
1987-ci ildən Zaqafqaziya Hərbi Dairəsində Ermənistan SSR-in o vaxtkı Leninakan, indiki Gümrü şəhərində 120-ci tank alay komandirinin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir. 1989-1990-cı illərdə Gəncədə 130-cu tank alayı komandirinin siyasi məsələlər üzrə müavini işləyib. 1990-1991-ci illərdə Zaqafqaziya Hərbi Dairəsinin Bakıdakı 295-ci motoatıcı diviziyası komandirinin müavini-siyasi şöbənin rəisi vəzifəsində çalışmışdır.
 
1991-ci ilin yayından başlayaraq gizli və açıq şəkildə Azərbaycanda Milli Ordu quruculuğuna, Müdafiə Nazirliyi strukturunun formalaşmasına dəstək verməyə başlayıb.
 
Mehman Səlimov 1992-ci ildə artıq Rusiyanın Zaqafqaziya Hərbi Dairəsindəki xidmətindən ayrılıb Azərbaycan Silahlı Qüvvələrinə könüllü daxil olmuşdur. 1992-ci ilin 26 yanvarından sentyabr ayına qədər müdafiə nazirinin köməkçisi - Şəxsi Heyətlə İş İdarəsinin rəisi vəzifəsində xidmət etmişdir. 15 sentyabr 1992-ci ildən 1993-cü ilin mart ayına qədər döyüş zonasına ezam olmuş və hərbi hissəyə komandanlıq edərək Ağdərə-Ağdam istiqamətində döyüş əməliyyatlarına rəhbərlik etmişdir. 1993-cü ilin mart ayından 1993-cü ilin noyabr ayına qədər Azərbaycan Prezident Aparatında hərbi quruculuq məsələləri üzrə şöbə müdirinin müavini vəzifəsində işləmişdir. 1994-cü ilin yanvar ayından 172 saylı hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini vəzifəsinə təyin olunmuş, Füzuli-Kəlbəcər rayonları uğrunda döyüşlərdə iştirak etmişdir.
1995-ci ildə 22 martdan 26 aprelə qədər MN-in Şəxsi Heyətlə İş İdarəsinin rəis müavini olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə 1995-ci il iyun ayında Müdafiə nazirinin müavini, Hərbi-siyasi İdarəsinin rəisi təyin edilmişdir. 1999-cu ilin iyul ayında həmin vəzifənin ixtisarı ilə əlaqədar Azərbaycan Ordusundan tərxis olunmuşdur.
 
1994-cü ildə Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
 
Moderator.az kollektivi polkovnik Mehman Səlimovun ailə üzvləri, doğma və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.
 
Mehman müəllim əsil hərbçi xarakterli, mərd, səmimi, təvazökar, bir sözlə gözəl insan idi...  Dünyasını dəyişməmişdən öncə sonuncu zəngini mənə edib. Dünən -18 dekabr saat 19:35-də...  Dedi ki, "zəng etdim ki, sağam, ölməmişəm... Bir-iki günə əlaqə saxlayarıq..."
 
Allah rəhmət eləsin!..
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər