Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
7092
09 Dec 2023 | 14:04

“Nə qədər ki, biz də onlar kimi olmaq istəyirik, onları yıxa bilməyəcəyik...”

“Bir korrupsioner oliqarx məmurun, başçının, deputatın villalarını, avtomobillərini, restoranlarını və s. gördükdə sənin də ürəyindən, nə yolla olursa-olsun, bu cür varidata yiyələnmək arzusu keçirmi?..”
 
-FİKİR SAVAŞI...-
 
Sən bir sıra məmurların hədsiz bürokrat, rüşvətxor olmasından şikayətlənirsən, bunun ucbatından özünün, yaxud övladının, qardaşının, atanın və s. alverinin, biznesinin baş tutmamasından, “bankrot” olmağınızdan, pulunuzun batmasından və s. gileylənirsən?  Uşaq bağçalarında uşaqlardan, orta məktəblərdə şagirdlərdən, universitetlərdə tələbələrdən, xəstəxanalarda xəstələrdən və s. “hörmət” umulmasından, bir sözlə, beşikdən məzaradək rüşvətlə yaşamaqdan narazılığını ifadə edirsən...
 
Yaxşı... Onda gəl, özün-özünlə bir test keçir. Aşağıdakı suallara tam səmimi, dürüst olaraq “hə”, yaxud “yox” cavabını ver: 
 
-Sən rüşvət faktı ilə rastlaşanda, məsələn, dövlət xəstəxanasında həkim səndən qanunsuz pul ödəməyi tələb edəndə, yaxud icra başçısı işlətdiyin marketə görə səndən “haqq” istəyəndə buna etirazını ifadə edirsən, yoxsa o saat dinməzcə razılaşıb pulunu verib gedirsən?..
 
-Rast gəldiyin bürokratiya, rüşvət faktı barədə müvafiq qurumlara şikayət etməkdən “nəyimə lazım” deyib çəkinirsənmi?..
 
-Çətin sənədləşmə prosedurları, vaxt itkisi ilə müşayiət olunan hər hansı bir işi mümkün qədər tez yekunlaşdırmaq üçün təklif edilən rüşvət məbləğini heç bir tərəddüd etmədən hansısa məmura və ya vasitəçiyə ödəyirsənmi?.. 
 
-Biri sənə saxta xəstəlik və ya əlilliklə pensiya düzəltmək təklifi verirsə, ona “hə” deyib razılaşdırılan məbləği verib dövlət büdcəsi hesabına belə bir qanunsuz ödəniş almağa razılıq verirsənmi?..
 
-İşlədiyin müəssisədə rüşvət yoluyla rəisin, direktorun yerinə keçib onlar kimi “yeyib-dağıtmaq”, pul-para, bahalı maşın, ev-eşik sahibi olmaq imkanı olarsa, bu yola əl atarsanmı?..
 
-Ali məktəb qurtarıb işsiz qalan oğlunun və ya qızının rüşvətlə işə düzəlməsinə, “sistemə keçməsinə” çalışırsanmı?..
 
-Bir məmurun, məsələn, icra başçısının, yaxud deputatın qatı rüşvətxor, korrupsioner, bürokrat olduğunu bilirsənsə, həmin şəxs hansısa münasibətlə evinə qonaq gəldiyində digər adi hesab etdiyin qonaqlarla ona fərq qoyaraq, canfəşanlıq edərək bütün ailə üzvlərini, qohum-əqrəbanı ayağa qaldırıb, var-yoxundan çıxıb onun üçün “super-süfrə” bəzəyirsənmi və belə bir vəzifə, nüfuz sahibinin sənin qonağın olmasıyla qürur duyursanmı?
 
-Bir korrupsioner oliqarx məmurun, başçının, deputatın villalarını, avtomobillərini, restoranlarını və s. gördükdə sənin də ürəyindən, nə yolla olursa-olsun, bu cür varidata yiyələnmək arzusu keçirmi?..
 
Belə sualların sayını artırmaq olar. Lakin  elə təqdim etdiyimiz 8 sualın cavabı da bizə çox şeyi deyər. Əgər əksər suallara, yaxud elə yarıdan çoxuna “hə” cavabı veririksə, deməli, biz məmləkətdəki rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizədə səmimi deyilik. Yəni bizim, ailəmizin, qohum-əqrəbamızın işinə yarayanda, biz vəzifə, var-dövlət sahibi olanda, yağ-bal içində dolananda rüşvətxorluq, korrupsiya, saxtakarlıq, dələduzluq yaxşıdır, ancaq, əksinə, bizə zərbə vuranda, vəzifədən getməyimizə, yoxsulluğumuza səbəb olanda – pisdir. Deməli, biz yalnız sözdə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə aparırıq. Özümüz dost-tanışla söhbətdə filan korrupsioner başçını, deputatı, naziri kəskin tənqid etsək də, nəfsimizin dərinliyində məhz həmin  korrupsionerin, oliqarxın yerində olmaq, onun kimi pul-paraya, villalara, avtomobillərə, ölkədə və xaricdə müxtəlif obyektlərə, restoranlara, mehmanxanalara və s. sahiblənmək istəyirik...
 
Və gəlin etiraf edək ki, sadalanan suallara əksəriyyət “hə” cavabı verəcək. Bu isə o deməkdir ki, bizim xalq, cəmiyyət olaraq korrupsiya, rüşvətxorluq, dələduzluğa qarşı mübarizəmiz kütləvi deyil, biz çoxumuz pislədiyimiz korrupsioner oliqarxlara, nazirlərə, başçılara, deputatlara bənzəmək, onların yerində olmaq istəyirik... Və nə qədər ki, onlar kimi olmağa çalışırıq,  onlara qalib gələ bilməyəcək, onları yıxa bilməyəcəyik, yəni ölkədəki rüşvətxorğluğun, korrupsiyanın, saxtakarlığın, dələduzluğun faizini minumuma endirə bilməyəcəyik... Bu, bir aksiomdur. Çünki sən də korrupsioner, dələduz oliqarx kimi olmağa çalışırsansa, onlar kimi rüşvət verib-almağa, özünün, övladının, qohumunun vəsifəsini rüşvət hesabına yüksəltməyə cəhd edirsən, həmin oliqarxların rəhbərlik etdiyi sahə üzrə xidmətlərə rüşvət ödəyirsənsə, o korrupsionerə dəstək verir, onun yerini bərkidirsən. Digər tərəfdən, məsələn, sən də rəhbəri olduğun hansısa kiçik bir müəssisədə rüşvətxorluq edirsənsə, bunu səndən yuxarıdakı rəhbərlər də, korrupsiya bulaşmış hüquq-mühafizə orqanı nümayəndələri də bilir və sən onların yanında gözükölgəli olursan. Deməli, sabah istəsən də, korrupsioner şəbəkəyə, sistemə qarşı mübarizə apara bilməzsən. Ona görə ki, özün həmin sistemin, mexanizmin kiçik bir tərkib hissəsinə, vintinə, bolt-qaykasına çevrilmisən... Vint-qaykanın, boltun isə nəhəng bir dəzgaha qarşı mübarizə aparması gülüncdür. Bərk ayaqda öz funksiyandan, yəni rüşvət alıb-verməklə işləməkdən imtina edəcəksənsə, sistem üçün problem deyil, dərhal səni yeni “vintcik”lə, “bolt-qaykayla” əvəz edəcək... Mübarizə o halda nəticə verə bilər ki, vintciklərin, boltcuqların əksəriyyəti eyni vaxtda özünü dəzgahdan ayıra... Bu isə real deyil... Çünki ilin-günün bu vaxtında yalnız barmaqla sayılası ayrı-ayrı gerçəkdən milli qeyrətli, fədakar insanlar rahat işdə oturub rüşvət hesabına yağ-bal içində dolanmağı işsizliyə, ehtiyac içində yaşamağa dəyişər... Nə yazıqlar ki, əksəriyyət korrupsioner, saxtakar, dələduz sistemin “bəxş etdiyi” həyat tərzi ilə razılaşır və yeri gəldikdə müxtəlif yollarla qohum-əqrəbasını, yan-yörəsini də bununla  razılaşmağa, buna göz yummağa məcbur edir... Bir sözlə, yalnız özü özünə qalib gəlməyi, öz nəfsini, tamahını, şəhvətini yıxmağı bacaranların çoxluğu hesabına korrupsioner, dələduz, saxtakar şəbəkəsini yıxmaq mümkündür... Real mübarizə aparmaq istəyiriksə, çıxış yolu nəfsimizi təqdim etdiyimiz testdəki suallara mənfi cavab verməyə, yəni sözün əsil mənasında korrupsiyaya, rüşvətxorluğa, dələduzluğa, saxtakarlığa “yox” deməyə öyrətməkdir...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər