Şəhid Milli Qəhrəmanın qızı bərpa olunacaq Ağdərə rayonunun toponimləri haqda yazdı...
2482
05 Dec 2023 | 11:25

Şəhid Milli Qəhrəmanın qızı bərpa olunacaq Ağdərə rayonunun toponimləri haqda yazdı...

Moderator.az-ın poçtuna şəhid Milli Qəhrəman Şirin Mirzəyevin qızı, Azərbaycan Dövlət  İqtisad  Universiteti  Xarici dillər   departamentinin baş müəllimi Aynur Mirzəyevanın “Ağdərənin dünəni və bu günü” başlıqlı məqaləsi daxil olub. Aktuallığını nəzərə alaraq materialı oxucularımızın diqqətinə çatdırırıq:
 
Ağdərənin dünəni və bu günü...
 
Qarabağ - Azərbaycanın tarixi ərazisi, ayrilmaz hissəsi və əbədi torpağımızdır. Heç bir qüvvə bu torpaqları Azərbaycanlıların əlindən ala bilməz və Qarabağa olan sonsuz sevgini içimizdən yox edə bilməz. Qarabağın dağlıq və  aran hissələrinin, yəni bütöv Qarabağın bir- birindən ayrı mövcudluğu mümkün deyil. Erməni ziyalı  Robert Arakelov deyirdi ki, Aran və Dağlıq Qarabağ “siam əkizləridir”, onları ayırmaq nadanlıqdır. Qarabağ yalniz Azərbaycan Respublikasının tərkibində inkişaf edə bilər. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, biz heç zaman Azərbaycan torpağında ikinci bir erməni dövlətinin yaranmasına imkan verməyəcəyik...  
Qarabağın dağlıq ərazisinə aid olan Ağdərə rayonu  füsunkar təbiəti, gözoxşayan mənzərəsi, zəngin faydalı qazıntıları ilə seçilir. “Ağdərə” adlı toponimə - Azərbaycanda; Ağdərə şəhəri, Ağsu rayonunun Bico kəndində dərə, Şamaxı  rayonu ərazisində dərə, Tərtər rayonu ərazisində dağ; Zəngilan rayonunun İsgəndərbəyli, Sadallı və Şərifli kəndləri ərazisində dərə, Xızı rayonunda kənd, Ordubad  rayonunun Parağaçay qəsəbəsi inzibati ərazi vahidində qəsəbə;  Şamaxı  rayonunda  kənd, Tovuz rayonunda kənd, Daşkəsən rayonunda kənd  və s. ərazilərdə rast gəlinir... 
 
"Ağdərə" həm də Qarabağ düzünü  dağlıq hissəsi ilə birləşdirən keçidin adı olmuşdur. Ağdərə rayonunda olan  etnotoponimlərimiz;  Bəşirlər, Çardaqlı, Çıraqlı, Dəmirli, Dovşanlı,   Xatınbəyli,  Kərəmli,  Qaraşlar,  Qazançı, Məlikli kimi  etnotoponimlərdə  xalqın tarixi  etnogenezi göstərilir . Bütün faktlar sübut edir ki,   Qarabağ   torpaqları  Azərbaycan xalqının torpağı olub və yalnız ona məxsusdur... 
 
Erməni  tədqiqatçıları M.Barxudaryan və A. Koçaryan ötən əsrdə keçmiş Dağlıq Qarabağdakı ermənilərin, ümumiyyətlə, gəlmə olduqlarını, konkret olaraq ayrı–ayrılıqda hansı kəndin əhalisinin haradan  gəldiyini qələmə almışlar. XIX əsrədək Qarabağın əhalisini azərbaycanlılar təşkil edirdi... 
 
Ağdərə şəhərinin də tarixinə, toponimlərinə nəzər saldıqda görünür ki, azərbaycanlılar, Ağdərənin öz sakinləridir. Ağdərənin toponimlərinin türk mənşəli olması sübut edir ki,  bu yerlərin yerli xalqı  azərbaycanlılar olmuş, toponimlərə öz dillərində  adlar vermişlər. Toponimlər vasitəsilə  xalqın kimliyi sübuta yetirilir...
 
Ağdərə şəhəri 1923–cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar vilayətinin tərkibində olan  Ağdərə rayonuna tabe edilmişdir. Rayon 1930–cu ilin avqustun 8-də təşkil olunmuşdur. 1960–cı ildə şəhər tipli qəsəbə, 1985–ci ildə şəhər statusu almış (ermənilər tərəfindən “Mardakert” adlandırılan) və 1991-1992- ci illərdə Azərbaycan Respublikasının tərkibində olmuşdur. 1992-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdur. Həmin vaxtdan “Mardakert” şəhərinin adı dəyişdirələrək Ağdərə şəhəri adlandırılmışdır. Birinci Qarabağ müharibəsi zamanı Ağdərə  rayonu  müharibənin baş verdiyi əsas respublika tabeli rayonların sırasına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı qərarı ilə Ağdərə rayonunun  Leninavan(indiki Şıxarx) qəsəbə soveti, Həsənqaya, Çaylı, Seysulan və Talış kənd sovetləri, Ağdərə şəhər sovetinin Qarmiravan və Mağavuz kənd  sovetinin Qızıloba  və Çardaqlı  (Mağavuz ) kənd sovetinin Çerabert ( Çiləbürt) kəndləri Tərtər rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992- ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilmiş, ərazisi Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölüşdürülmüşdü. Rayonun  Xatınbəyli, Qazançı, Maniklu(Məlikli), Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan (Ballıqaya )  kəndləri    və onlara məxsus torpaq sahələri  Ağdam rayonunun, Çərəktar, Qozlu, Ketavan(Qozlu körpü), Yuxarı Oratağ, Qızılqaya, Yayıcı, Dəvədaşı, Drmbon (Heyvalı), Çıldıran, Mehmana, Dovşanlı, Həyat, Bazarkənd, Şahmansurlu, Vəngli, Çormanlı, İmarət Qərvənd, Zərdəxaç, Çapar, Həsənriz, Narınclar, Damğalı, Kolatağ  kəndləri Kəlbəcər rayonunun, Ağdərə şəhəri, Ağabəyyalı, Aşağı Çaylı, Aşağı Oratağ, Çardaqlı, Çaylı, Çıraqlı, Çiləbürt, Dəmirli, Dəstəgül , Göyarx, Həsənqaya, Kiçik Qarabəy, Qızıloba, Lüləsaz, Ortakənd,  Çaylı, Aşağı Oratağ, Suqovuşan, Talış, Umudlu, Zəylik və b. kəndləri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. 
Ağdərə şəhəri 1993-cü il iyunun 27-də işğal olunub. 1993 -2023 cü illər ərzində   Ağdərə işğalçı ermənilərin tabeliyində olmuşdur. 2023–cü il sentyabrın 20- də Azərbaycan Silahlı qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə azad edilmişdir. 2023-cü ilin oktyabrın 15-də  Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Və Ağdərə  erməni qəsbkarlarının işğalından, qurtararaq öz   azadlığına qovuşdu... 
 
Hazırda Azərbaycanda Ağdərə rayonunun  yenidən bərpa olunması planlaşdırılır. Milli Məclisin Regional məsələlər komitəsinin noyabrın 27-də keçirilən iclasında "Ağdərə rayonunun yaradılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra yeni qanun layihəsinin parlamentin plenar iclasına tövsiyə edilib. Ağdərə rayonunun 31 il öncə Kəlbəcər, Tərtər, Ağdam rayonlarının tabeliyinə verilmiş əraziləri geri veriləcək,  və rayonun  sakinləri  yenidən ağ günlərinə qovuşacaqdır...
 
 Aynur  Şirin qızı  Mirzəyeva,                                                                                                                          
Azərbaycan Dövlət  İqtisad  Universiteti  Xarici dillər   departamentinin baş müəllimi.
 
 
 
 
 
Link kopyalandı!
Son xəbərlər