“Bəxtiyar Vahabzadə yolda saxlayıb soruşdu ki, ansamblının adını niyə “Röya” qoymusan?”-FOTO+ÖZƏL
2629
01 Dec 2023 | 09:39

“Bəxtiyar Vahabzadə yolda saxlayıb soruşdu ki, ansamblının adını niyə “Röya” qoymusan?”-FOTO+ÖZƏL

“Mahnılarımı təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də oxuyurlar. Orta Asiya ölkələrində, İraqda, Türkiyədə, İsraildə və s. ölkələrdə oxuduqlarını eşitmişəm. Mahnılarımın müəllif hüququ qorunur. Çox mahnılarıma xalq mahnıları deyirlər. “Daşlı qala” mahnımı da xalq mahnısı kimi təqdim edirlər. Mahnılarımı Türkiyədə ən çox müğənni Nəşə Karaböcək oxuyub. Çox sevinirəm ki, Azərbaycan musiqisini digər ölkələrdə də təbliğ edə bilmişəm”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Niyaməddin Musayev deyib. O daha sonra əlavə edib.
“Bizim o vaxt ayrı-ayrı repertuarlarımız olurdu. Həm efir üçün, həm konsert üçün, həm də el şənlikləri üçün mahnılar oxuyurduq. İndi əksəriyyət toy mahnıları oxuyur. Mahnılarımı ifa edən şəxslərdən bir xahişim var ki, necə yazmışamsa elə də oxusunlar. Əlavə edəndə də yüz ölçüb, yüz biçsinlər” deyə sənətkar bildirib.
Niyaməddin Musayev ansamblına niyə məhz Röya adını qoyduğunu da açıqlayıb.
 
“Mən muğam ifaçısı olmuşam. “Zabul-Segah” təsnifi oxumuşam. Həmin ifam “Qızıl fond”-da qalıb. 1974-cü ildən etibarən tanınmağa başladım. Fikirləşirdim ki, mən nə edim ki, gənclərə də maraqlı olsun?! Gənclər toylarda tvist, müasir rəqslər oynayırdılar. Xarici musiqiçi qruplara qulaq asırdım, onlardan götürdüklərimi ölkədə tətbiq etmək istəyirdim. Bəlkə də gənclər bilmir ki, diskoteka janrını Azərbaycana mən gətirmişəm, milli estradanın əsasını mən qoymuşam. O ki, qaldı Röya adı necə ağlıma gəldi?! Hamı elə bilir ki, ansamblıma Röya adını qızıma görə qoymuşam. Amma öncə “Röya” ansamblı yarandı, daha sonra qızım dünyaya gəldi. Bu hadisələrdən sonra Röya adı Azərbaycanda məşhurlaşdı. Hamıda bir sual yaranır ki, bu ad necə yarandı? Bir gün Filarmoniyaya gedəndə Bəxtiyar Vahabzadə məni saxlayıb dedi ki, Niyaməddin, konsertinə, ansambla qulaq asdım, çox xoşuma gəldi. Mənə dedi ki, ansamblın adını niyə Röya qoymusan?! Dedim ki, Bəxtiyar müəllim, fikirləşdim ki, gələcəkdə röyalarda olacam, ona görə də bəri başdan ansamblımın adını “Röya” qoydum. O da dedi ki, elə hamımız röyalarda olacağıq. Əvvəl “Günəş” qoymaq istəyirdim” deyə sənətkar bildirib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər