Bizi sosial şəbəkələrdən izləyin:
“O qədər olub ki, məni efirlərə dəvət etməyiblər. Ağlamışam ki, mən niyə efirə çıxa bilmirəm?! Pul ödəmişəm, ödənişli çıxmışam. Vaxtında məni efirlərə çağırmayanların da bu gün verilişlərinə gedirəm. Pisliyə pisliklə cavab vermək bizə yaraşmaz. Günü bu günə qədər mən hələ ayağımı İctimai televiziyanın qapısından içəri qoymamışam. Çağırmayıblar. Sözün düzü həmişə də oranın həsrətində olmuşam. Səbəbini bilmirəm. O vaxt bir-iki dəfə Salehə dedim, dedi ki, demişəm rəhbərliyə. Guya orada bir neçə müğənni və mənim adım qara siyahıdadır. Bilmirəm nə etmişəm onlara ki, məni qara siyahıya atıblar?! Dəvət etmirlər etməsinlər, heç mənə lazım da deyil. Sayanın quluyam, saymayanın ağası”
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib. O daha sonra əlavə edib.
“Məni onsuz da gözü götürməyənlər çox idi, qızımla efirlərə çıxandan sonra lap paxıllığımızı çəkənlər çoxalıb. Qızımın üzünə deyirlər ki, bəxtəvər başına, efirlərə pul vermirsən, ana səni çəkir qabağa. Bilmirəm niyə paxıllıq edirlər?! Qızım olmasaydı onun yerinə onlar olacaqdılar?! Bunu etməklə əllərinə nə keçir?! Azərbaycanda nə qədər paxıllar varsa hamısı incəsənətdədir. Allaha şükür, pulu pulumdan çox, hörməti hörmətimdən çox. Adamlıqları adamlığımdan çox deyil. Nəyimə paxıllıq edirlər?!” deyə müğənni bildirib.
Samirə Yusifqızı iddia edib ki, şou biznesdə imkanlı qadınlara yaşayan kişilər var.
“Eşitmişəm, var, tanıyıram. Hamının yanında özlərini kişi kimi aparırlar. Elələrinə kişi demək olar?! Şəxsən mən utanıram. Demərəm də. O ki, qaldı qadınlara?! Qadın qadındır da. Başqa çarəsi yoxdur. Məcburdurlar. Sənətlə bir şey edə bilmirlər, mənim kimi kasıbçılıqla yaşamaq istəmirlər. İstəyirlər ki, hər şeyləri olsun. Şansları da var ki, tapa bilirlər. Onu da bacarırlarsa lap yaxşı. Bacarana can qurban. Kişi sevdiyi xanıma pul xərcləməlidir” deyə Samirə Yusifqızı bildirib.