"Rusiya qərəzsiz vasitəçi ola bilməz..."
Fərhad Bədəlbəyli: “...Dostluq məsələsi burada qeyri-mümkündür, 100 ildən 200 ildən sonra bəlkə mümkün ola bilər, -normal, sivil, qonşu kimi yaşaya bilərik. Əsas budur...”
Ermənistanın O. Tumanyan adına Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan
Azərbaycan mədəniyyət nümayəndələri ilə növbəti görüşə hazır olduğunu bildirib.
Moderator.az xəbər verir ki, “Haykakan Jamanak” nəşrinə açıqlmasında erməni ziyalı deyib ki, qonşu ölkələr əbədi düşmən ola bilməz, ona görə də dialoq həmin düşmənçiliyi aradan qaldırmaq üçün vacib məqamlardan biridir.
O, iki il əvvəl Moskvada özünün də iştirak etdiyi Ermənistan və Azərbaycan ictimai xadimlərinin görüşünü xatırladıb.
R.Babayan bildirib ki, Rusiya Federasiyasının vasitəçiliyi ilə keçirilən həmin görüşdə Azərbaycan tərəfinin orada saxlanılan erməni əsirləri azad etməsinə dair razılıq əldə olunub.
Lakin erməni aktyorun fikrincə, belə dialoq nə qədər zəruri olsa da, hələ də onu nəzəri cəhətdən həyata keçirmək mümkün deyil.
“Rusiya artıq vasitəçi kimi çıxış edə bilməz. İlk görüşdən məlum idi ki, Azərbaycan da belə formatı davam etdirmək istəmir. Bu gün Rusiyanın öz problemləri var ki, onu belə görüşlərlə həll etmək istəyir, yəni bu dövlət qərəzsiz vasitəçi ola bilməz. Mən belə görüşə hazıram, amma vasitəçisiz. Yaxşı olardı ki, görüş yenidən keçirilsin, qarşı tərəfdə universal yanaşmaları bölüşən qərəzsiz ziyalılar olsun, əks halda bu, siyasətçilərin təmaslarına bənzəyər və mənasız olar. Mən dialoqun tərəfdarıyam və hesab edirəm ki, problemlərin əksəriyyəti məhz onun olmamasından yaranır. Nə qədər faciəli tariximiz olsa da, biz irəliyə baxmalıyıq və bu, ünsiyyət olmadan mümkün deyil”, - deyə R.Babayan vurğulayıb.
Xatırladaq ki, 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan ictimai xadimləri arasında ilk və sonuncu görüş 2021-ci ilin dekabrında Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun vasitəçiliyi ilə təşkil edilib. Erməni tərəfdən İrəvan Dövlət Tibb Universitetinin rektoru Mxitar Heratsi Armen Muradyan, Ovannes Tumanyan adına Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, Stanislavski adına Teatrın direktoru Marianna Mxitaryan və rejissor Arutyun Xaçatryan iştirak edib.
Azərbaycan nümayəndə heyətinin tərkibi isə belə olub: Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova.
“Əlbəttə, çox gərgin görüş idi. Biz birinci dəfə görüşürdük müharibədən sonra. Deməzdim ki, çox səmimi, azadıydıq, əksinə, gərginlik hiss olunurdu...
Biz heç Qarabağdan danışmadıq. Görüşdə əsas məsələ Azərbaycanda saxlanan erməni əsgərlər haqqında idi, biz isə Azərbaycan torpaqlarında qalmış minlərlə mina problemini qaldırdıq. Bu iki problem üzərində müzakirə apardıq”- bunu iki il öncəki sözügedən görüşdən sonra “BBC”-yə müsahibəsində Fərhad Bədəlbəyli söyləyib.
“İndiki ilə əvvəlki görüşlərin arasında bir fərq var idimi?” sualını isə ictimai xadim belə cavablandırıb:
“Yerlə-göy qədər, əlbəttə. O illərdə biz tamam başqa rolda çıxış edirdik. İndi biz yerlərimizi dəyişdirmişdik. İndi qalıb bizik. Buna görə əlbəttə söhbətin tonu tamam başqa idi.
- Söhbətin tonu necə idi?
- Əgər onlar 12 il əvvəl -görüş 2008-ci ildə olmuşdu,- bir az, necə deyim, çox sərbəst idilər, deyirdilər ki, "gəlin dost olaq", "gəlin müharibəni yaddan çıxardaq". İndi isə biz bunu deyirik ki, müharibə qurtardı, gəlin planlaşdıraq ki, gələcəkdə bir-birimizlə normal yaşayaq.
Lap dost olmasaq da - çünki dostluq məsələsi burada qeyri-mümkündür, 100 ildən 200 ildən sonra bəlkə mümkün ola bilər, -normal, sivil, qonşu kimi yaşaya bilərik. Əsas budur...”
S.Laçın