"Baş verənlər Budanov və BKİ əməkdaşlarının həyatı və sağlamlığına qəsddir..."
"Rusiya hava limanlarına hücumlar, Rus Könüllü Korpusunun Belqorod vilayətinə reydləri və Krımı yandırmaq cəhdləri Putinin alçaldılması deməkdir..."
Budanovun həyat yoldaşı və Baş Kəşfiyyar İdarəsi əməkdaşlarını kim və necə zəhərləyib?
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi (BKİ) rəisinin həyat yoldaşı Mariannada ağır metallarla zəhərlənmə aşkar edilib.
Moderator.az xəbər verir ki, bu barədə "glavred.info" nəşri yazıb.
Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sabiq rəhbəri Valeri Kondratyuk "Azadlıq Radiosu" jurnalistlərinə şərhində deyib ki, Baş Kəşfiyyat İdarəsində sabiq həmkarlarından aldığı məlumata görə, Mariannadan başqa, Baş Kəşfiyyat İdarəsinin bir neçə əməkdaşında da zəhərlənmə əlamətləri aşkar edilib.
Zəhərlənmə faktının özü şübhə doğurmur, Kondratyuk iddia edib. Onun məlumatına görə, zəhərlənənlərin orqanizmində aşkar edilən ağır metallar arasında o cümlədən arsen də olub.
Eyni zamanda Kondratyuk Marianna və kəşfiyyat əməkdaşlarının həqiqətən "qida vasitəsilə" zəhərlənməsi barədə suala cavab verməkdə çətinlik çəkib.
"Hələlik, söhbət bunun bilavasitə qida ilə orqanizmə düşməsindən getmir, bu suala istintaq cavab verməlidir", - Kondratyuk bəyan edib.
O, həmçinin güman edib ki, Budanovun həyat yoldaşı və BKİ əməkdaşlarını Rusiya xüsusi xidmət orqanları zəhərləndirə bilərdi.
Bu versiya rəsmən təsdiq edilməyib. Lakin o, əmindir ki, Budanov və onun ətrafının bü cür "ovuna çıxılması" bundan sonra da davam edəcək.
"Rusiya xüsusi xidmət orqanları Kirill Budanovu, həmçinin BKİ əməkdaşlarını məhv etmək cəhdlərindən heç vaxt əl çəkməyib. Mənim dəyərləndirməmə görə, bu gün gördüklərimiz Putinin Kirill Budanovun rəhbərliyi altında aparılan əməliyyatlar nəticəsində məruz qaldığı alçaldılmalara görə
şəxsi qisasıdır.
Biz axı xatırlayırıq ki, bu, təkcə hava limanlarına hücumlar deyil, həm də Rus Könüllü Korpusunun Belqorod vilayətinə cəsarətli reydləri və Krımı yandırmaq cəhdləri olub.
Belə şeyləri Putin heç vaxt bağışlamır. Mənə elə gəlir ki, bu da Rusiya xüsusi xidmət orqanlarının bundan sonra da təkcə BKİ rəhbərini deyil, onun əməkdaşlarını da təqib edəcəyinə əsas verir", - Kondratyuk deyib.
Eyni zamanda Ukrayna Xarici Kəşfiyyat Xidmətinin 2005-2010-cu illərdə sədri olmuş Nikolay Malomuj zəhərin BKİ-də istifadə edilən qida və ya suda olduğunu istisna etməyib.
"Həm Budanovun həyat yoldaşı, həm də BKİ əməkdaşlarının zəhərlənməsi onu göstərir ki, bu, həqiqətən BKİ daxilində və ya onların birlikdə olduğu yerdə baş verib.
Bütün bunları istintaq mərhələ-mərhələ, onların harada olduğu, Budanovun harada olması, onun əsas hədəf olduğunu və, sadəcə, zəhərlənmədən yan keçdiyini təhlil etməlidir", - Malomuj qeyd edib.
O, həmçinin deyib ki, istintaq bütün versiya və motivləri, siyasidən şəxsiyədək nəzərdən keçirməlidir.
"Əsas versiya Budanovun həyat yoldaşının və mümkündür ki, Budanovun özünün və BKİ əməkdaşlarının həyatı və sağlamlığına qəsddir.
Çünki Rusiya qarşısına bu xidməti və onların rəhbərlərini neytrallaşdırmaq vəzifəsini qoyub.
Budanovun həyat yoldaşı bu siyahıya təsadüfi olaraq və ya məqsədyönlü şəkildə düşə bilərdi. Müxtəlif variantlar ola bilər", - Malomuj qeyd edib.
Kirill və Marianna Budanovlar 2013-cü ildə evlənib. Bu, Ukrayna kəşfiyyatı rəhbərinin ikinci nikahıdır. 30 yaşlı Marianna ixtisasca psixoloqdur.
2020-ci ildə o, Vitali Kliçkonun "Zərbə" partiyasından Ali Radaya deputatlığa namizədliyini irəli sürüb.
2021-ci ildə o, Kiyev merinin gənclər siyasəti və idman sahəsində korrupsiyaya müqavimət üzrə müşaviri olub.
Bundan öncə Budanov "Azadlıq Radiosu"na müsahibəsində deyib ki, Rusiyanın tammiqyaslı hərbi müdaxiləsi başlanandan onun həyat yoldaşı iş kabinetində onunla birgə yaşayır. Lakin BKİ-də xidmət etmir.