"Qərb qarşısında müharibə və güzəşt deyil, məğlubiyyət və qələbə arasında seçim dayanır..."
"Rusiya təbliğatı Ukraynada nasistlərlə mübarizə narrativindən əsasən kənarlaşıb və müharibəni Vətənin kollektiv Qərbin hücumundan müdafiəsi kimi təqdim edir..."
Son zamanlar Qərbdə Ukraynanı Rusiya ilə danışıqlara getməyə məcbur etmək fikri populyarlıq qazanıb
Ukrayna Silahlı Qüvvələrinin yay əkshücumunun uğursuz olması və şərqdə Rusiyanın hücumunun fəallaşması səbəbindən Qərbdə güzəştə getmək və işğal edilmiş əraziləri Rusiyaya vermək çağırışları getdikcə daha ucadan səslənir.
Moderator.az xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri yazıb.
Nəşr qeyd edir ki, bu çağırışlar Vladimir Putinin mövcud status-kvonun möhkəmləndirilməsi ilə kifayətlənəcəyi və təcavüzünü bu və ya digər formada davam etməyəcəyi barədə yanlış təsəvvürdən irəli gəlir.
Nəşr Ukraynaya silah tədarükü ilə bağlı vəziyyəti və Ukraynaya təcavüzkara güzəştə getmək barədə çağırışlar dalğasını təhlil edib.
Nəşr qeyd edir ki, Qərb tərəfdaşlarının "sözdə deyil, praktikada" strategiyası ondan ibarət olub ki, Ukraynanın həlledici qələbəsini deyil, sağ qalmasını təmin etsin.
Və hazırda Qərbdə Rusiyanın həqiqətən qələbə qazana biləcəyindən əndişələnən, ona görə də nə qədər gec deyil, güzəştə getməyin zamanı gəldiyi barədə daha çox düşünənlər var.
"Lakin Ukraynada və ilk növbədə Rusiyada gerçəklik onu göstərir ki, danışıqlar variantı mümkünsüzdür. Danışıqlara tərəfdar olanlar güman edir ki, Putin birbaşa qələbəyə nail olmayacağını etiraf edərək indiyədək əldə etdiyi ərazilərlə kifayətlənəcək.
Lakin Putinin səmimi olaraq danışıqları qəbul edəcəyi və müharibəyə son qoymağa çalışacağı ideyası müharibənin onun hakimiyyəti üçün hansı strateji rol oynadığını nəzərə almır", - "Foreign Policy" qeyd edir.
Nəşr qeyd edir ki, Rusiya təbliğatı Ukraynada nasistlərlə mübarizə narrativindən əsasən kənarlaşıb və indi müharibəni Vətənin kollektiv Qərbin hücumundan müdafiəsi kimi təqdim edir.
Belə narrativ isə, məqalə müəlliflərinin fikrincə, Kreml üçün müharibənin davam etməli olduğu deməkdir, çünki onun dayandırılmasından Putinin özü heç nə qazanmayacaq.
"Qərb qarşısında müharibə və güzəşt arasında deyil, məğlubiyyət və qələbə arasında seçim dayanır. Qərbin hərəkət trayektoriyası cari dəstəyin saxlanılması və mümkündür ki, danışıqlara təkid etməklə onun azaldırlmasından ibarətdir, bu isə məğlubiyyət şanslarını yüksəldir.
Aydındır ki, belə məğlubiyyət Ukrayna ilə məhdudlaşmayacaq. Qalib Rusiya təkcə beş vilayətin işğalı və bunun vasitəsilə Kiyev üzərində siyasi təsir və ya nəzarətlə kifayətlənməyəcək", - nəşr yazıb.
Nəşr əlavə edir ki, Ukraynada qələbədən sonra Rusiya Moldova üçün, habelə Baltikyanı və Polşa üçün dəqiq təhlükə törədəcək.
Ukrayna Rusiya ilə danışıqlara sövq edilir
Xəbər verildiyi kimi, son zamanlar Qərb mətbuatında Rusiyaya güzəştlər və müharibənin dayandırılması mövzusunda çoxsaylı materiallar üzə çıxıb.
Məsələn, NATO-nun Avropada qoşunlarının sabiq komandanı Ceyms Stavridis Ukraynaya Cənubi Koreyadan nümunə götürməyə çağırış edib.
Bu yaxınlarda Almaniyanın "Bild" nəşri yazıb ki, Almaniya və ABŞ Kiyevi Moskva ilə sülh danışıqlarına getməyə vadar etmək üçün sövdələşib.
İddia edilir ki, Qərb qəsdən Ukraynaya kifayət qədər silah verməməklə Ukraynaya tam qələbənin mümkün olmayacağını anladacaq.