"Girovlar döyüş meydanında saxlanıldığından bizim işimiz xeyli çətinləşir, onlara çıxış əldə etmək imkanımız olmur..."
"Atəşkəsin dörd günü ərzində HƏMAS 70-dək girovu, İsrail isə 100-dən artıq fələstinli məhbusları azad edib, bunlar əsasən qadınlar və yeniyetmələrdir..."
HƏMAS qruplaşması oktyabrın 7-də İsrailə hücum zamanı oğurladığı girovları bilavasitə döyüş meydanında saxlayır.
Moderator.az xəbər verir ki, bu barədə Yaxın və Orta Şərqdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) regional idarəsinin direktoru Fabrisio Karboni Rusiyanın "RBK" nəşrinə müsahibəsində deyib.
"Vəziyyətin özünəməxsusluğu ondan ibarətdir ki, girovlar ön cəbhədə, döyüş meydanında saxlanılır.
BXQK-nın girovları və ya məhbusları ziyarət etdiyi digər dünya münaqişələrinə baxsaq, onlar adətən döyüş meydanında deyil, təhlükəsiz yerlərdə saxlanılır və bizim onlara çıxış əldə etmək imkanımız olur. Burada isə döyüş meydanında saxlanılır, bu da bizim işimizi xeyli çətinləşdirir", - Karboni qeyd edib.
O, əlavə edib ki, HƏMAS yaraqlıları Qırmızı Xaç əməkdaşlarına girovları ziyarət etməyə imkan vermir, öz növbəsində İsrail də təşkilatın nümayəndələrini HƏMAS tibb işçilərinə əsir götürülən israillilərə çıxışına imkan verməyənədək Fələstin məhbuslarının yanına buraxmaqdan imtina edir.
Karboninin sözlərinə görə, əsirlikdən azad olunan insanlar travmalıdır, əldən düşüb və şok keçirib.
Qəzzadakı girovların, habelə İsrail həbsxanalarında fələstinli məhbusların saxlanılma şəraitinin təfərrüatları barədə o, məlumat verməyib və bunun konfidensial informasiya olduğuna istinad edib.
BQXK nümayəndəsi dəqiqləşdirib ki, təşkilatın Qəzzada işləyən əməkdaşlarının əksəriyyəti yerli sakinlərdir.
"Bizim fələstinli rezidentlər arasında təxminən 130 əməkdaşımız var. Həmçinin bizim beynəlxalq miqyasda əməkdaşlarımız var, mən onların dəqiq sayını indi deyə bilmərəm, amma onlar təxminən 30 nəfərdir.
Biz həmçinin Fələstinin Qəzzada olan Qırmızı Aypara təşkilatı ilə çox işləyirik, bu təşkilat Qəzzaya humanitar yardımın çatdırılması üçün inanılmaz fəallyyət göstərir", - Karboni deyib.
Dünən HƏMAS qruplaşması Qəzzada Qırmızı Xaç Komitəsinə daha 11 israilli girovları təhvil verib. Bunun müqabilində İsrail həbsxanalarından 33 fələstinli məhbus azad edilib.
İsrail ilə HƏMAS arasında müharibədə humanitar fasilə daha iki gün uzadıla bilər. Bu barədə danışıqlarda iştirak edən Qətərin XİN nümayəndəsi məlumat verib. HƏMAS bunu "Reuters" agentliyinə təsdiq edib. İsrail tərəfindən hələlik rəsmi təsdiq yoxdur.
Atəşkəsin əlavə iki günündə HƏMAS qadınlar və uşaqlardan ibarət daha 20 nəfərin azad ediləcəyi öhdəliyini üzərinə götürüb. İsrail hökuməti artıq bu gün azad olunacaq 10 nəfər girovun siyahısını alıb.
İsrail hökuməti elan edib ki, bunun müqabilində İsrail həbsxanalarından daha 50 nəfər fələstinli azad edilə bilər. Bunların hamısı qadınlardır.
Cümə günü başlanan atəşkəsin dörd günü ərzində HƏMAS 69 nəfər girovu azad edib. Bunlar israilli qadın və uşaqlar, habelə əcnəbilərdir. İsrail öz tərəfindən 100-dən artıq qadın və yeniyetmələrdən ibarət fələstinli məhbusları azad edib.
İsrail tərəfi dəfələrlə dəqiqləşdirib ki, söhbət barışıqdan, atəşkəsdən deyil, məhz fasilədən gedir və fasilə bitəndən sonra İsrail Müdafiə Ordusu Qəzza bölgəsində HƏMAS tam məhv edilənədək döyüş əməliyyatlarını bərpa edəcək.