
“Noyabr ayının 23-də Opera Studiyasında Akademik Dövlət Opera və Balet Teatrının dəyərli muğam ifaçılarının iştirakı ilə möhtəşəm muğam konserti baş tutacaq.”
Bunu Moderator.az saytına müsahibəsində əməkdar artist Gülüstan Əliyeva söyləyib.
“Konsertdə Mənsum İbrahimov, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Təyyar Bayramov, Səbuhi İbayev, İlkin Əhmədov, Arzu Əliyeva, İlahə Əfəndiyeva ifa edəcəklər. Kimlərin adını unutdumsa, məni üzrlü hesab etsinlər. Bütün muğamsevərləri muğam axşamında gözləyirik.”
Əməkdar artist Gülüstan Əliyeva elə həmin gün iştirak edəcəyi daha bir konsertin də anonsunu Moderator.az saytına söylədi.
“Elə həmin gün Heydər Əliyev adına sarayda bizim görkəmli sənətkarımız, estradamızın unudulmaz siması Mirzə Babayevin 110 illiyinə həsr olunmuş böyük bir konsert olacaq. Orda da çox dəyərli sənətkarlar iştirak edəcəklər. Mən də “Qaytağı” ansamblı ilə orda Mirzə Babayevin məşhur mahnılarından birini ifa edəcəm.”
Ümumiyyətlə, Mirzə Babayev çox bənzərsiz bir insan idi. Sənətdə necə idisə, həyatda da elə idi. Böyüklə böyük, kiçiklə kiçik kimi davranırdı. Gənclərə həmişə dəstək olan bir adam idi. Onunla tanışlığım kinoklubdan başladı. Mən bir gün ona yaxınlaşdım və dedim ki, Mirzə müəllim mən sizin retro mahnılarınızdan birini ifa etmək istəyirəm. Mənə dedi ki, sənə hər şey olar. Sən hər şey ifa edə bilərsən. Mənim repertuarım sənə açıqdır. Bununla da, mən onun repertuarından “Bəlkə də” (“Gör bir necə qar yağır)” mahnısını oxudum və ona bildirdim ki, “Mirzə müəllim, mən bu mahnını sizə həsr edirəm. Klipdə də bunu göstərmək istəyirəm ki, Mirzə Babayevə həsr olunub.” Çox təəssüf ki, bu söhbətimizdən qısa müddət sonra Mirzə müəllim dünyasını dəyişdi. Mən bu mahnını onun ruhuna ithaf etmiş oldum. Elə klipin əvvəlində də bu qeyd olunub. Bax belə bir dostluğumuz var idi. Harda məni görsə, hansı verilişdə görüşsək, fürsət olan kimi mənimlə rəqs edərdi. Ümumiyyətlə, gözəllik aşiqi idi Mirzə Babayev. İşıqlı xatirə hər zaman yadımızdadı, heç zaman unudulmayacaq.”
Gülçin Qorxmaz
Moderator.az
Gülçin Qorxmaz
Moderator.az



























