“Açıq-saçıqlıqla səhnəyə gəlmək sənət deyil, həmin rejissor öpüş səhnəsi ilə şou yaratmaq istəyir”-FOTO+ÖZƏL
Ekskluziv
13460
18 Nov 2023 | 13:00

“Açıq-saçıqlıqla səhnəyə gəlmək sənət deyil, həmin rejissor öpüş səhnəsi ilə şou yaratmaq istəyir”-FOTO+ÖZƏL

“Bu dəfə vətənə gəlməyim qısametrajlı bir filmin çəkilişi ilə əlaqədar oldu. Çəkilişlərimiz yeni bitdi. Festival filmi olduğu üçün tam məlumat verə bilmirəm. Türkiyədə də çəkilişlər olacaq. Ailəmlə, sevdiklərimlə və gözəl dostlarımla bol-bol zaman keçirdiyimə şadam. Çox darıxmışdım onlar üçün”
 
Bunu Moderator.az-a açıqlamasında gənc aktrisa Roza İbadova Kocamaz deyib. O daha sonra Türkiyəyə getmə səbəbini açıqlayıb.
 
“Türkiyəyə getmək səbəbim ailə həyatımla bağlıdır. Səkkiz il öncə həyat yoldaşım Azərbaycana gəldi və həmin vaxt mən də Gənc Tamaşaçılar Teatrında çalışırdım. Eyni zamanda İctimai tv-də uşaqlar üçün “Hoqqabaz” adlı verlişin aparıcısı idim. Yoldaşım məni məhz bu verilişdə gördü, adımı, soyadımı araşdırıb bir neçə ay sonra teatra gəldi, tamaşalarımı izlədi. Qısası, bir-birimizi tanıdıq və evləndik. Vicdanlı, mərhəmətli və Allah sevgisi olan biridir. Türkiyənin İzmir şəhərinə gəlin gəlmişəm. Gəldikdən bir neçə ay sonra İzmirdə fəaliyyət göstərən ən böyük özəl teatrlardan biri olan “HAN” teatrında çalışmağa başladım. Bir neçə il həm aktrisa, həm rejissor, həm də pedaqoq olaraq bir çox işlərə imza atmışam” deyə aktrisa bildirib.
 
Aktrisa bildirib ki, bu illər ərzində çəkildiyi filmlər nüfuzlu festivallarda çıxış edib.
 
“2019-cu ildə atam xərçəngdən vəfat etdikdən sonra, hər şeyi buraxdım. İki il bundan əvvəl türk əsilli rejissor, Almaniyada yaşayan və fəaliyyət göstərən Engin Kundağın “Ağrı Dağ” filmində rol aldım. Filmin baş rol qəhrəmanı Azərbaycanın Əməkdar artisti Rasim Cəfər idi. Digər rolları isə Almaniyadan gələn aktyor və aktrisalar oynayırdı. Bu il film-“73 cü Berlin” film festivalında yer aldı və festivalda iştirak etdik. Qeyd edim ki, bir neçə il öncə də Teymur Hacıyevin qısametrajli filmi olan və mənim də baş rol aldığım “Şanxay, Bakı” filmi də bir neçə Beynəlxalq festivallarda, elecə də “Boğaziçi” film festivalında böyük uğurlar əldə etdi. Daha sonra Türkiyədə yaşadığım illərdə Teymur Qəmbərovun “Quxuroba” filmində yenə baş rollardan birini canlandırdım, bu filmlə festivallarda uğurla çıxış etdik. Ssenarist Orxan Muxtarlının qələmə aldığı “Yolayrıcında” monoloqunu rejissor olaraq səhnələşdirib, bir neçə teatrda sərgilədim. Burdakı insanlara Xocalı, 20 Yanvar və ümumilikdə vətənimə, xalqıma olunan haqsızlıqları və zülmü çatdırmaq istədim. Bacardım və bu işi davam etdirirəm. Son iki ildə isə təhsilimə daha çox zaman ayırıram. Bu il bütün Ege bölgəsində, eləcə də Ankara, İstanbul və bir neçə şəhərdə səhnə alaraq, həm Azərbaycan-Türkiyə qardaşlığı, həm Türkiyə Cumhuriyyətinin 100 illiyi, həm Azərbaycan Cumhuriyyətinin 105 illiyi, eləcə də Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə silsilə tədbirlər təşkil etdik. İzmirdə Aliağa rayonunda fəaliyyət göstərən Heydər Əliyev adına Məslək və Texniki liseyin şagirdləri ilə möhtəşəm bir layihə həyata keçirdik. Məhz buna görə şagirdlərlə birgə Azərbaycanın və Türkiyənin Təhsil Nazirliyi, eləcə də Ankaradakı səfirliyimiz tərəfindən təşəkkürnamələrlə ödülləndirildik. Bu illər ərzində İzmirdə Azərbaycan və Türkiyə adına gördüyüm işlərdən dolayı bələdiyyələr, dərnəklər və eləcə də Valilik tərəfindən təşəkkürlərə, mükafatlara layiq görülmüşəm. 2018-ci ildə Moskvada keçirilən 12-ci Beynəlxalq teatr yay məktəbində Türkiyəni təmsil etdim və diplom ilə vətənə qayıtdım” deyə Roza İbadova bildirib.
Aktrisa bildirib ki, Türkiyədə yaşasa da Azərbaycandakı ustadlarını unutmur.
 
“Üzərimdə zəhməti olan bütün dəyərli müəllimlərimə və sənətkarlara minnətdaram. Xüsusən, Azərbaycanın xalq artisti Cənnət xanım Səlimovaya. Cənnət xanımın əlindən tutub səhnəyə gətirdiyi bütün istedadlı insanlar dünyanın bir neçə ölkəsində fəaliyyət göstərir. Bu, çox qürurvericidir. Məncə, hər sənətkar özündən sonra istedadlar yetişdirməlidir. Eləcə də ilk dəfə 18 yaşımda mənə ilk baş rolu -“Oliver Twist” tamaşasında Oliveri etibar edən rəhmətlik Vaqif Əsədova minnətdar olacağam. Məkanı cənnət olsun. Həyat bizə nə yaşadacaq bilmirəm. Hansı ölkədə yaşamımız və fəaliyyətimiz davam edəcək onu da bilmirəm. Bildiyim tək şey dünyanın harasında yaşasam da, hər iki vətənimi tanıtmaq, ucaltmaq, adət-ənənəsinə sahib çıxmaq, ailə dəyərlərini qorumaq mənim boynumun borcudur. Çox gözəl arzu və məqsədlərim var. Allah nəsib edərsə, addım-addım irəliləyəcəyik. Amma hər şeydən öncə sağlıq və xoşbəxtlik olmalıdır. Mən rəhmətlik atama və canım anama minnətdaram. Onlar mənə insanların haqqına girməməyi öyrədiblər. Bizim cənnətimiz də, cəhənnəmiz də vicdanımızdır. İnsanların haqlarına girmədən yolumuza davam edə bilməkdir. Yolumuza daş qoyanların daşlarını da toplayıb körpü tikərək məqsədimizə çatmaqdır. Məqsədim və hədəfim isə vətənim üçündür” deyə aktrisa bildirib.
 
Roza İbadova Kocamaz deyib ki, açıq-saçıq səhnələrdə heç vaxt çəkilməyib.
 
“Hər kəs bu sənətə gələndə öz yolunu seçir. Kim kariyera baxımından hansı nöqtədə olmaq istəyir?! Mən 8 ildir Türkiyədəyəm. Məqsədim gec ya tez dövlət teatrına qəbul olmaq, milli ruhumu qorumaq və Azərbaycan-Türkiyə adına nələrsə etməkdir. Mən də burada dəfələrlə kastinqlərə getmişəm, keçmişəm də, amma o ab-hava, mənə verilən rol xoşuma gəlməyib deyə çəkilməmişəm. Bunu seçib çəkilənlərə də heç nə deyə bilmərəm. Bu onların seçimidir. Cənnət xanım həmişə deyirdi ki, istedadsız həmişə öndə olacaq, istedadlının gəlib öz yerini tapması üçün illər lazım olacaq, əziyyət çəkəcək. Yəqin ki, bəziləri daha çox məhurlaşmaq, öndə olmaq üçün asan yollara əl atır. O da onların seçimidir. O ki, qaldı açıq-saçıqlığa.. Keçən dəfə bir ssenari göndərmişdilər. Rejissor dedi ki, Roza xanım, orada öpüşmə səhnəsi var. Dedim ki, mən ssenarini oxuyum, görüm həqiqətənmi bu öpüş səhnəsi önəm kəsb edirsə, sujetə daxildirsə başqa məsələ. Yox əgər rejissor bu öpüş səhnəsi ilə ajetioaj, skandal yaratmaq istəyirsə, bu zaman o sənət deyil. Hər şeyin etik tərəfi olmalıdır. Açıq-saçıqlıqla səhnəyə gəlmək sənət deyil. Bu gündəmdə qalmaq, şou və qalmaqal yaratmaqdır. İnsan xarakter cəhətdən nədirsə bu onun xasiyyətinə də yansıyır. Mənim üçün bu heç vaxt sənət olmayıb. Mənim üçün sənət dişi-dırnağı ilə çaba göstərərək, milli ruhunu qoruyaraq irəli getməkdir” deyə aktrisa bildirib.
Link kopyalandı!
Son xəbərlər