Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
7507
10 Nov 2023 | 17:31

Bu 3 ildə Rusiya “sülhməramlı”ları kimin yanında oldu: bizim, yoxsa separatçıların?..

“Qarabağdakı son qələbələrimizdən də eyforiyaya qapılmayaq, arxayınlaşmayaq, ayıq olaq... Və hər deyiləni, hər eşitdiyimizi, hər oxuduğumuzu, hər gördüyümüzü birbaşa, olduğu kimi qəbul etməyək. Düşünək, çünki gələcəyimiz bu sualların cavablarından çox asılıdır...”
 
"Bircə onu dəqiq deyə bilərik ki, bu 3 iildə Rusiya nə bizim, nə də ermənilərin yanında oldu: Kreml, Putin rejimi, həmişə olduğu kimi, indi də yalnız özünün taktiki və strateji maraqlarının yanında oldu..."
 
Sualı oxuyanların əksəriyyəti dərhal, durmadan cavab verəcək: “sülhməramlı”lar, əlbəttə, bizim, yəni Azərbaycanın tərəfində olublar... Bizim tərəfimiz olmasalar, sonda Qarabağın dağlıq ərazisinin qalan hissələrini, xüsusən də Xocalı, Xankəndini azad edə bilərdikmi? “Sülhməramlı”lar bizim tərəfimizdə olmasaydı, separatçı-terrorçu rejim özünü buraxardımı, qanunsuz erməni birləşmələri tərksilah edilə bilərdimi və həmin separatçılar başda olmaqla Yuxarı Qarabağda məskunlaşmış azı 50-60 min erməni o torpaqlarımızı könüllü tərk edərdimi?..
 
O halda bizdə qarşılıq, kontr-sual veririk: əgər “sülhməramlı”lar haqqın, Azərbaycanın tərəfində idilərsə, onda nədən “Laçın dəhlizi” deyilən əraziyə və Qarabağın dağlıq hissəsinə daxil oldurları ilk günlərdən öz dislokasiya xəritələri və xəbər bülletenlərində “Dağlıq Qarabağ” birləşməsini işlətdilər və həmin ərazilərdəki  toponim, hidronim və s. adlarımızı müstəqil Azərbaycan Respublikasının xəritələrindəkinə uyğun  yox, separatçı rejimin qoyduğu adlarla adlandırmağa başladılar? Və yalnız Azərbaycan ordusunun 19-20 sentyabr əməliyyatlarından sonra  “Dağlıq Qarabağ” əvəzinə, Qarabağ iqtisadi rayonu, “Stepanakert” əvəzinə, Xankəndi və s. yazmağa başladılar. Halbuki, hələ də həmin xəritələrində bir çox səhvlər düzəldilməlidir... Niyə suveren ərazimizdə özlərini həmin torpaqların sahibi kimi aparmağa başladılar? Xocalıda, 1992-ci ildə terrorçu ermənilərə dəstək verib xalqımıza qarşı soyqırımı törətdikləri yerdə Rusiyanın dahi sayılan sərkərdə, şair, alimlərinin və s. büstlərini qoydular? Niyə elə oradaca Rusiya “sülhməramlı”sına qucağında uşaq heykəl qoydular? Niyə sanki Rusiya ərazisi kimi, Rusiya şəhəri kimi Xankəndinin girişində V.Putinin böyük bilbordunu quraşdırdılar? Nədən öz funksiyalarından kənara çıxaraq ermənilərin məskunlaşdığı ən ucqar kəndlərə belə, humanitar, tibbi yardmlar göstərdilər, ev, məktəb, uşaq bağçası və s. tikintilərinə də materialla kömək etdilər? Niyə  məktəblərdə erməni şagirdlərə Rusiya, o cümlədən SSRİ tarixindən dərs keçdilər? Nədən hayk uşaqlarının sinəsinə imperiya rəmzi olan Georgiyev lenti sancdılar? Niyə, demək olar ki, 19-20 sentyabr əməliyyatlarınadək “sülhməramlı”lar Qarabağdakı seaparatçı-terrorçulara silah-sursat təminatı üçün dəstək verdilər, Azərbaycan ordusunun nəzarətindən qismən kənarda qalan torpaq, qrunt yollarla Yuxarı Qarabağa silah-sursat daşıyan erməni karvanlarını müşayiət etdilər?  Özü də  bu barədə məlumatlar Azərbaycanın nəinki qeyri-rəsmi media mənbələrində, həm rəsmi qurumlarının, o cümlədən  Müdafiə Nazirliyinin xəbər bülleteni və bəyanatlarında da əks olundu?..
Yoxsa bütün bunlar hamısı Qarabağdakı ermənilərə və Ermənistan hakimiyyətinə qarşı qurulmuş manipulyasiya idi? Bəs Paşinyan “Qarabağ- Azərbaycanındır” deməsəydi, necə hərəkət edəcəkdi Moskva?..
 
Bu və “sülhməramlı”ların Azərbaycan torpağındakı son 3 illik fəaliyyətinə aid digər unutduğumuz sualları təhlil etsək və onlara cavab verməyə çalışsaq, hansısa nəticələrə gələ bilərikmi?.. Çox çətin...
 
Bircə onu dəqiq deyə bilərik ki, bu 3 iildə Rusiya nə bizim, nə də ermənilərin yanında oldu: Kreml, Putin rejimi, həmişə olduğu kimi, yalnız özünün taktiki və strateji maraqlarının yanında oldu...
 
Bəziləriniz deyə bilərsiz ki, bu suallarla beynimizi niyə yorursuz? Əsas  44 günlük savaşdan sonrakı 3 ildə baş verənlərin, o cümlədən “sülhməramlı”larının pis-yaxşı fəaliyyətinin son nəticəsidir. O da bizim xeyrimizədir – şükür Allaha ki, nəhayət, 30-32  ildən sonra Xocalını da, Xankəndini də, Əsgəranı da, Ağdərəni  də, Xocavəndi də və s. hərbi nəzarətimizə qaytardıq. Və 8 anklav kənd istisna olmaqla Azərbaycan Respublikasının ərazi büövlüyünü bərpa etdik... Xankəndində hərbi parad keçiriləcəyinə, Azərbaycan dövlət başçısının orada təntənəli çıxış edəcəyinə  4-5 il bundan öncə kim inana bilərdi?..
 
Doğrudur, 44 günlük savaşın və “sülhməramlı”ların son 3 illik fəaliyyətinin nəticəsi bizim xeyrimizə oldu... Amma bu gün üçün... Bəs gələcəkdə? Görəsən, Rusiya, Kreml, Putin Xocalıya, Xankəndinə, Ağdərəyə və s. Azərbaycan bayrağının sancılmasına susmaqla hansı strateji məqsədləri güdür?  Moskva “sülhməramlı” adı altında hələ də Azərbaycan ərazisində - Güney Qafqazın daha bir guşəsində öz faktiki hərbi mövcudluğunu saxlamaqla nələri planlayır? 2025-ci ilədək bu “sülhməramlı”ları ərazimizdən çıxarıb suverenliyimizi əsil mənada bərpa edə biləcəyikmi?.. Ukraynada nə qədər itkilər versə də, həmin ölkənin xeyli hissəsini əlində saxlayan, özününküləşdirən və hələ çökməsi yaxın illər üçün görünməyən bu imperiya hətta Qarabağdakı hərbi kontingentini çıxarsa belə, Ermənistana yola salınmış və əksəriyyətinin qəlbində Azərbaycana qarşı kin, nifrət hissləri köklənmiş  “100 min” deyilən hay toplumu “minası”ndan, o toplumun mənfi enerjisinindən  bu gün İrəvanda Paşinyan hakimiyyətinə qarşı necə istifadə edəcək? Və kim qarantiya verir ki, bunun nəticələrindən asılı olaraq həmin “artsax” “mina”sından yaxın və ya uzaq gələcəkdə Azərbaycana qarşı istifadə edilməyəcək?.. 
 
Bu suallara dəqiq cavab verməyimiz, əlbəttə, çox çətindir. Təki Allah sabahımızı xeyirə calasın...
 
Amma yenə də düşünək. Çünki gələcəyimiz bu sualların cavablarından çox asılıdır...
 
Yadınızda, 1991-ci ilin aprel-mayında sevindik ki, Moskvanın dəstəyi ilə erməni terrorçularını 30-a yaxın kəndimizdən təmizlədik. Onda da dedik ki, Kreml bizim tərəfimizdədir... Nə oldu? Sonadək durdumu tərəfimizdə?.. Bəs Xocalı soyqırımı kimin dəstəyi ilə törədildi? Torpaqlarımızın 20 faizi kimin planı və köməyi ilə işğal olundu?.. Yenə 1991-ci ilin avqustundan başlayaraq sevindik ki, nəhayət, SSRİ dağılır... Müstəqil oluruq. Həmin il oktyabrın 18-də də sevindik ki, müstəqil oluruq... Eyforiyaya qapıldıq... Elə noyabrın 20-dən, məlum vertolyot terrorundan sonra silsilə faciələrimiz başladıldı: Meşəli, Daşaltı, Malıbəyli, Qaradağlı, Xocalı, Şuşa, Laçın və s.  Ta ki, 1994-cü ilə qədər faciələr, işğallar yaşadıq... Ona görə ki, həmin 1988-1992-ci illər ərzində imperiyanın, Moskvanın, “KQB”-nin, “QRU”-nun ölkəmizdə hansı oyunlar çevirdiyini, Milli Azadlıq Hərəkatımızın başına hansı oyunları açdığını, öz rezident və agentlərini haralara yerləşdirdiyini, kimin kim olduğunu bilmədik...Hüquqi müstəqillik qazandıq... Amma “KQB” arxivlərini aça bilmədik... Bir sözlə, yüzlərlə sualımız cavabsız qaldı... Elə onların cavabını bilmədiyimiz üçün də 30 ilə yaxın Qarabağsız qaldıq...
 
Odur ki,  Qarabağdakı son qələbələrimizdən də eyforiyaya qapılmayaq, arxayınlaşmayaq, ayıq olaq... Və hər deyiləni, hər eşitdiyimizi, hər oxuduğumuzu, hər gördüyümüzü birbaşa, olduğu kimi qəbul etməyək... Düşünək, daşınaq, özümüzə, başqalarına, vəzifə, səlahiyyət sual edək, təhlil edək və nəticə çıxaraq... 
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər