“Bu kitabın hər sətiri göz yaşlarımla yazılıb...” - Şəhid Amil Hüseynovun xanımı - FOTOLAR
Ekskluziv
3080
10 Nov 2023 | 15:05

“Bu kitabın hər sətiri göz yaşlarımla yazılıb...” - Şəhid Amil Hüseynovun xanımı - FOTOLAR

Amil Rasim oğlu Hüseynov 16 avqust 1986-cı ildə Füzuli rayonu Əhmədalılar kəndində dünyaya göz açıb. Altı yaşına qədər öz doğma kəndində böyüyüb, 1993-cü ildə  mənfur qonşularımızın torpaqlarımızı işğal etməsi nəticəsində məcburi köçkün olaraq ailəsi ilə birlikdə Bakı şəhərində yerləşən Mədəni Maarif Texnikumunun yataqxanasında məskunlaşmışdır. Birinci sinifə Bakıda fəaliyyət göstərən Ağdam rayon 36 saylı tam orta məktəbə getmiş və həmin məktəbin məzunu olmuşdur. 
 
Orta məktəbi bitirdikdən sonra 2004-2006-cı illər ərzində Beynəlxalq Sülhməramlı ordu tərkibindəki Kosovoda fəaliyyət göstərən Azərbaycan Sülhməramlı Qoşunlarında Həqiqi Hərbi xidmətdə olmuşdur.2010-cu ildən fəaliyyətinə Azərbaycan Respublikasının Daxili qoşunlarında xidmət göstərərək başladı. Daha sonra Azərbaycan Respublikasının Milli Ordu sıralarında Müddətdən artıq Həqiqi Hərbi xidmətdə kəşfiyyatçı kimi fəliyyətini davam etdirdi. 2012-ci ilin dekabr ayından 2013-cü ilin aprel ayına qədər Türkiyədə komando kursunu yüksək səviyyədə, layiqincə başa vurmuş, kəşfiyyatçı təlim kursu keçərək ixtisaslaşıb, işinin sirlərini bilən hərbçi kimi formalaşmışdı. 
 
 
Müharibə zamanı ailəsi ilə sonuncu dəfə 2020-ci il oktyabr ayının 5-də telefon əlaqəsi saxlayan Amil Hüseynov döyüş əməliyyatı zamanı piyada əleyhinə minaya düşərək şəhadətə yüksəlmişdir. Oktyabrın 10-da şəhidlik zirvəsinə ucalan qəhrəmanımızın nəşi 60 gündən sonra Füzuli rayon Əbdürrəhmanlı kənd istiqamətindən tapılmış və 10 dekabrda öz doğma kəndində böyük izdihamla son mənzilə yola salınmışdır. 
 
Şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Füzulinin, Xocavəndin, Cəbrayılın, Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” “Cəsur döyüşçü” medalları və “3-cü dərəcəli vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
 
Ötən il atası Rasim Hüseynov  tərəfindən Amilin xatirəsinə öz doğma Əhmədalılar kəndində orta məktəbin həyətində bulaq abidəsi inşa edilmişdir.
 
 
Şəhidin həyat yoldaşı Xalisə Hüseynova Amil Hüseynovun xatirəsinə və Şuşa ilinə həsr etdiyi “Zəfərin Amili” adlı kitabını ötən il ictimaiyyətə etdi. O, kitab barədə fikirlərini Moderator.az saytı ilə bölüşüb:
 
“2022-ci ilin iyun ayında hər sətri, hər sözü göz yaşlarımla ərsəyə gələn Şəhid yoldaşım Amil Hüseynovun xatirəsinə və Şuşa ilinə həsr etdiyim "ZƏFƏRİN  AMİLİ" nəhayət ki, işıq üzü gördü. Mən nə yazıçı,  nə ədəbiyyatçı  deyiləm, sadəcə 44 günlük Vətən Müharibəsinin mənə  hiss etdiklərini qələmə almışam. Kitabda bir şəhid yoldaşının həyat mücadiləsi, müharibə dönəmində biz qadınların keçirdiyi qorxu və həyəcanı, eyni zamanda şəhid xəbəri alan qadınların qürur və kədər kimi qarışıq hisslərini əks etdirməyə çalışmışam. Ümid edirəm ki, istəyimə nail olmuşam. Kitabı oxuyan hər bir şəhid anası, yoldaşı bir cümlə ilə belə olsa orda öz hisslərini tapacaq, eləcə də öz oğlunun, yoldaşının xasiyyətini görəcək. Çünki, şəhidlərimizin hər biri eyni qəhrəmanlıqla döyüşüb və eyni amal uğrunda canından keçib. Hətta, həyata baxışları da bir-birinə bənzəyir.
 
 
Bir oxucu gözü ilə baxdıqda bu kitabın daha bir özəlliyini kəşf etdim- Amilin mənə tez -tez, həm bir arzu, istək, həm də bir nəsihət şəklində dediyi bir sözü vardı:"Biz elə bir ailə olmalıyıq,  elə xoşbəxt olmalıyıq ki, sevgimizlə, birliyimizlə, nümunəvi ailəmizlə hər kəsə,  bütün el-obaya sübut etməliyik ki, bizim bu həyatda sadəcə bəxtimiz gətirməyib. Biz ikimiz də xoşbəxtliyə layiq insanlarıq".  Amilin şəhadətindən sonra hər dəfə məzarı önündə ağlayaraq soruşar, “Beləmi sübut etdin?! Beləmi göstərdin hər kəsə xoşbəxtliyə layiq olduğumuzu?!”- deyərək üsyanımı dindirə bilmirdim. Artıq onun məzarı önündə o sözü soruşmuram, çünki heç fərqində belə olmadan Şəhidimin arzusunu, xəyalını canlandırmış, nəsihətini yerinə yetirmişəm. Biz yaşayaraq göstərə bilməsək də, mən qəlbimin ağrısı ilə, sevgimlə, həsrətimlə dolu bu kitabımın hər cümləsində, hər sözündə Amilin həqiqətən sevgiyə, xoşbəxtliyə layiq bir insan olduğunu sübut etmişəm. Bu kitabı oxuyan hər kəs Amilin möhtəşəmliyini duyacaq. O mənə bu cür hiss etdirməsəydi, mən ondan sonra bu qələmə aldıqlarımı hiss etməzdim.”
 
 
Şəhid xanımı deyir ki, bu kitabla sanki, Amil yenidən dünyaya gəlib onun üçün...
 
“Bu kitab bizim əbədi sevgimiz, heç vaxt qüvvədən düşməyən nigah şəhadətnaməmiz və ölümsüz evliliyimizdir. Bu kitab mənim üsyanımı dindirib, səbrimi artıran bir həyat payım oldu. Amilin yoxluğunda bu kitab mənim ən böyük təsəllim oldu. "Zəfərin Amili" ilə Amilim, sanki yenidən dünyaya gəldi və bu kitabla onun sevgisi daim ürəyimdə, xatirələri isə bir ömür ovuclarımda olacaq.” 
 
 
Qeyd edək ki, kitabın layihə rəhbəri və ön sözün müəllifi Fəlsəfə üzrə Fəlsəfə doktoru Faiq Xudanlıdır. Redaktor isə Filologiya üzrə Fəlsəfə doktoru, ədəbiyyatşünas, yazar Ramil Əhməddir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr edilib və Azərbaycan Yazıçılar Birliyində, VIII Bakı Beynəlxalq kitab sərgisində və Horadiz şəhər Muğam Mərkəzində ictimaiyyətə təqdim edilib. 
 
 
Xalisə Hüseynova deyir ki, kitab qələm adamları və oxucular tərəfindən yüksək sevgi və maraqla qarşılanıb. 
 
“Hətta, kitabın əsasında Füzuli Dram Teatrının hazırladığı eyni adlı “Zəfərin Amili” tamaşası  da rayon ictimayyətinin marağına səbəb oldu. Kitabın bir bölməsində Amil ilə olan xatirələrimiz digər "Səndən sonra sənə yazdıqlarım" bölümündə isə Amilim şəhid olduğu gündən kitab nəşr olunan günə qədər hər axşam ona yazdığım hisslərim yer almışdır. Onu da deyim ki, mən o yazdıqlarımın bir gün kitab halında cəmlənəcəyini heç təssəvvür belə etməmişdim. "Zəfərin Amili" Amildən sonra mənim üzümü güldürən həyat amilim oldu.”
 
 
Onların ailə həyatı cəmi iki ay çəkib... Təəssüf ki, bu sevgi iki ay sonra əbədiyyətə qovuşub.
 
“Amil şəhid olanda biz yenicə ailə qurmuşduq. Ailə həyatımız cəmi 2 ay çəkdi. Artıq 3 ilə yaxındır onsuz bir həyata davam etmək məcburiyyətindəyəm. Mən hələ də o gündə qalmışam, 2-3 il deyəndə mənə qəribə gəlir, sanki hər şey 2-3 gündür baş verib. 5 oktyabr günorta saatlarında sonuncu zəngində müharibənin necə getdiyini soruşduqda “Belə getsə, İnşallah Şuşadan gələcəm” demişdi. 
 
 
Çox təssüf ki, ondan mənə övlad əmanət qalmadı. Ancaq ki, əmanət nədir?! - Əmanət ən güvəndiyimiz insana tapşırdığımız, ən sevdiyimiz nəsnədir. Mənim üçün də onun sevgisi ən dəyərli əmanətimdir, ölənə qədər ona olan sevgimi və onun sevgisini qəlbimin ən gözəl, ən dəyərli guşəsində qoruyub saxlayacam. Ondan sonra çox əziyyət çəkdim, onun bu gedişinə dözmək, bu ağrının altından qalxmaq olduqca çətin oldu. Ondan sonra hər gün Amilimə yazdığım sətirlərlə, misralarla təsəlli tapdım. Allah Amilin və bütün şəhidlərimizin məqamını uca etsin.”
 
Maya İmran
Moderator.az
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər