“Zənnimcə, Qarabağda yalnız Türkiyə-Rusiya Birgə Monitorinq Qrupu qalsa, kifayət edər...”
4085
06 Nov 2023 | 21:37

“Zənnimcə, Qarabağda yalnız Türkiyə-Rusiya Birgə Monitorinq Qrupu qalsa, kifayət edər...”

“Sadəcə, Azərbaycan öz ərazisində qeyri bir ölkənin hərbi bazasına ehtiyac görmür...”
 
Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov Moderator.az əməkdaşıyla bu dəfəki söhbətində münaqişənin bir tərəfi, yəni separatçı haylar qeybə çəkiləndən sonra da suveren(!) ərazimizdə - Qarabağda qalmaqda davam edən Rusiya “sülhməramlı”larının gələcək taleyindən, həm də Putinin həmin torpaqlarımızda hərbi baza yaratmaq xülyasından danışıb.
 
– Tofiq müəllim, necə düşünürsüz, Azərbaycan Rusiyanın hələ də Qarabağda qalan “sülhməramlı” adlanan hərbi kontingentinin 2025-ci ilədək suveren(!) ərazimizdən tamamilə, birdəfəlik çıxmasına nail ola biləcəkmi?
 
– Onların nəinki 2025-ci, heç 2024-cü ilədək Qarabağda qalacaqlarına inanmıram. Guya bu saat orada qalıb hansı real işlə məşğul olurlar ki?
 
–“Sülhməramlı”lar özlərinə müxtəlif funksiyalar düşünürlər... Gah anbar keşikçisi olurlar, gah yol polisi işini icra edirlər, son günlər isə montyorluq edərək “Azərenerji”yə Yuxarı Qarabağı işıqla təmin etməkdə yardım göstərirlər...
 
–(Gülür) Hazırda Rusiyanın özündə, Ukraynada ordunun, hərbçilərin görəcəyi o qədər işlər, həll edəcəyi o qədər problemlər var ki, günlərin bir günü Azərbaycan ərazisindəki “sülhməramlı” adlananlar özləri xahiş edəcək ki, bizi yola salın, gedək... Zənnimcə, hazırda Qarabağda hələlik yalnız Türkiyə-Rusiya Birgə Monitorinq Qrupu qalsa, kifayət edər...
 
– Ərazidə ermənilər, separatçılar, onların silah və texnikaları olmayandan sonra həmin monitorinq qrupu nə işlə məşğul olacaq ki?
 
– Sadəcə, üçtərəfli razılaşmaya əsasən, formal olaraq 2025-ci ilədək qala bilərlər...
 
-Tofiq müəllim, son vaxtlar belə söz-söhbətlər də dolaşır ki, Rusiya Qarabağda öz “sülhməramlı” adlanan kontingentinin statusunu dəyişib Qarabağda, yəni Azərbaycan ərazisində hərbi baza yaratmaq niyyəti var. Sizcə, belə bir şey mümkündürmü?
 
-(Gülür) O dağlarda Rusiya bazanı neyləyirlər axı? İş yox, güc yox...
 
-Axı bu, Azərbaycanın mövcud durumunda heç hüquqi-siyasi baxımdan da mümkün deyil. İstər Konstitusiyamız, istər hərbi doktrinamız, istərsə də Qoşulmama Hərəkatına üzvlüyümüz buna imkan vermir...
 
-Bəli. Əlbəttə, yox... Və mənə elə gəlir ki, bu söhbət artıq bitib...
 
-Heç qardaş dediyimiz Türkiyəyə icazə vermirik Azərbaycanda hərbi baza yaratmağa, indi Rusiyaya icazə verəcəyik?
 
-Söhbət icazədən getmir, sadəcə, Azərbaycan öz ərazisində qeyri bir ölkənin hərbi bazasına ehtiyac görmür... Ehtiyac olsa, yaradarıq. Ehtiyac da yoxdur... Nəyə lazımdır ki? Lazım olsa, bəli, hərbi təlimlər-filanlar keçirmək olar və bunlar keçirilir də... Amma bazaya ehtiyac yoxdur...
 
Sultan Laçın
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər