Ekskluziv
2913
05 Nov 2023 | 17:18

"Mən cəbhədə vəziyyətin dalana dirəndiyini hesab etmirəm" - Zelenski

"Ukrayna bundan da mürəkkəb vəziyyətlərdə olub, amma biz inanmışıq, mübarizə aparmışıq, Xarkov və Xersonda qalib gəlmişik..."
 
"Rusiya səmaya nəzarət edir, biz oğul və qızlarımızı qoruyuruq, Rusiya kimi onları "top yeminə" çevirmək istəmirik..."
 
"Hərbçilər cəbhədəki vəziyyəti şərh etməməli və dəyərləndirməməlidir, bu, təcavüzkarın işini asanlaşdırır..."
 
Ukrayna prezidenti Zalujnının rezonans doğuran məqaləsinə münasibət bildirib
 
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna müharibənin mövqe tükəndirməsi mərhələsinə keçidilə bağlı dalan vəziyyətində deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Avropa Komissiyasının sədri Ursula fon der Lyayyenlə birgə mətbuat konfransında bəyan edib. Məlumatı "svoboda.org" nəşri yayıb.
 
Dövlət başçısı Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının "The Economist" nəşrində müharibənin mövqe mərhələsinə keçməsi, bununla bağlı uzanması və bunun da Rusiyaya sərf etməsi barədə məqaləsini şərh edib.
 
Zelenski xatırladıb ki, 2022-ci il fevralın 24-də hamı Ukraynanın tab gətirə bilməyəcəyini deyib.
 
"Hər şeyi vermək, insanları dəyişmək, Rusiyanı tanımaq, Avropanı unutmaq, NATO barədə düşünməmək, Ukrayna adlı dövlətin mövcud olmadığı barədə siqnallar göndərilib. Mən bu siqnalları bu illər ərzində çox eşitmişəm. Və mən tamamilə özümüzə inanmışam", - Zelenski deyib.
 
Onun sözlərinə görə, Ukrayna bundan da mürəkkəb vəziyyətlərdə olub. "Amma biz inanmışıq, mübarizə aparmışıq və qalib gəlmişik...Siz Xarkov vilayətinin azad edilməsini, Xersonda nələrin baş verdiyini xatırlayırsınız. Ona görə də çətinliklər var, müxtəlif fikirlər mövcuddur, mən hesab edirəm ki, biz bu barədə heç düşünməməli və ruhdan düşməməliyik. Deyin görüm, alternativ varmı?".
 
O, əmindir ki, əgər Ukrayna hipotetik olaraq ölkəsinin üçdə bir hissəsini Rusiyaya verərsə, müharibə bitəcək. "Bu, başlanğıc olacaq. Axı, Putin bununla kifayətlənməyəcək. Biz axı dondurulmuş münaqişənin nə olduğunu bilirik. Biz özümüz üçün nəticələr çıxarmışıq".
 
"Bu gün xeyli zaman keçib, statusundan asılı olmayaraq bütün insanlar yorğundur. Burada təəccüblü heç nə yoxdur. Amma bu, dalan vəziyyəti deyil. Bir daha vurğulayıram. Biz bu barədə artıq danışmışıq. Bu, hansısa yenilik deyil. Rusiya səmaya nəzarət edir...Biz oğul və qızlarımızı qoruyuruq. Biz səmaya nəzarət etmədiyimizdən Rusiya kimi öz adamlarımızı "top yeminə" çevirmək istəmirik", - prezident əlavə edib.
 
Bu zaman dövlət başçısı vəziyyətdən çıxış yollarından danışıb. O cümlədən qeyd edib ki, Ukraynaya "F-16" qırıcılarının verilməsi barədə artıq qərar verilib, lakin ukraynalı pilotların və mexaniklərin təlimini gözləmək lazımdır, bu isə uzun prosesdir.
 
"Tez qəbul edilən qərarlar var. Bunlar hansısa kosmik, texnoloji qərar deyil, hava hücumundan müdafiədir. Biz sınaqdan keçirmişik, cəbhədə HHM olanda hamı bunu dəqiq anlayır, hərbçilər irəliyə gedir, texnikadan istifadə edir, bu və ya digər əkshücum əməliyyatları aparır", - Zelenski vurğulayıb.
 
Dövlət başçısı əlavə edib ki, HHM-i gücləndirmək və səmanı azad etmək, hərbçilərimizə hücum əməliyyatlarını həyata keçirmək üçün tərəfdaşlarımızla daha sıx əməkdaşlıq etmək lazımdır". Zelenski bəyan edib ki, bu günü deyil, sabahı düşünmək lazımdır.
 
Bu arada isə Ukrayna prezidenti Ofisi rəhbərinin müavini İqor Jovkva da Zalujnının rezonans doğuran məqaləsini tənqid edib.
 
O, bəyan edib ki, hərbçilər cəbhədəki vəziyyəti şərh etməməli, dəyərləndirməməlidir, çünki bu, təcavüzkarın işini asanlaşdırır.
 
"Mənə kabinet liderlərindən biri zəng edib, təlaş içində soruşub: "Mən öz liderimə hansı məlumatı verməliyəm? Siz doğrudanmı dalandasınız?". Bu məqalə ilə buna nail olmaq istəyirdiniz?", - Jovkva bəyan edib.
 
O, güman edib ki, Zalujnının hansısa "çox dərin strateji niyyəti" ola bilərdi, amma bütövlükdə onun məqaləsinin məzmunu təəccüb doğurur.
 
Ukraynada müharibə yeni fazaya keçir - Zalujnının bəyanatı
 
Xəbər verildiyi kimi, USQ Baş Komandanı general Valeri Zalujnı məlumat verib ki, Ukraynada müharibə yeni fazaya qədəm qoyaraq mövqe tükəndirməsi müharibəsinə çevrilir və bu, Rusiyanın xeyrinədir.
 
Zalujnı əlavə edib ki, USQ Rusiya müdafiəsini gündə 30 km sürətlə yarmalı və irəliləməli idi. Gözlənilib ki, dörd ay ərzində müdafiəçilərimiz müvəqqəti işğal edilmiş Krıma daxil olacaq. Lakin hələ hücumun əvvəlində USQ hücumun əsas istiqamətlərində misli görünməyən mina sahələrində ilişib qalıb.
Link kopyalandı!
Son xəbərlər