Əksər ekspertlər və politoloqlar deyir ki, Rusiyanın Qarabağdakı Azərbaycanın ziyanına, yoxsa xeyrinə işlədikləri hələ də bəlli olmayan, amma rəsmən “sülhməramlı” sayılan hərbi kontingenti doğrudan da öz texnikalarını(həm də Qarabağdakı ermənilərdən yığılmış silah-sursatların bir hissəsini) “təmir” adıyla, lakin guya faktiki Ukraynaya aparmaq məqsədi ilə çıxarırlar, özləri isə, yaxın aylarda, farslar demiş, mürəxxəs olacaqlar. Hərçənd, o boyda Ukrayna cəbhəsinə Qarabağdakı 5-10 sınıq-salxaq texnikanın hansısa fayda verəcəyinə inanmaq olmur. Təki, hörmətli ekspert və politoloqlar deyənlər düz olsun...
Noyabrın 10-da artıq məşhur üçtərəfli bəyanatın imzalanmasından və Rusiya “sülhməramlı”larının Azərbaycan ərazisinə daxil olmasından düz 3 il keçir. Və məşhur “Axırıncı aşırım” filmində Kərbəlayı demiş, bu 3 ildə bu “sülhməramlı”lar Azərbaycana qarşı çox günahlar, səhvlər, xətalar ediblər ki, onlardan xeylisinin günahını sonuncu lokal hərbi əməliyyatlarımız zamanı susmaqla yudular. Məsələn, Qarabağda olduqları müddətdə oradakı qanunsuz erməni silahlı birləşmələrini çıxarmaq əvəzinə, onların silah-sursatla təminatına dəstək vermələrini... Bu günlərdə isə öz xəbər bülletenlərində “Dağlıq Qarabağ” “Stepanakert”, “Mardakert”, “Martuni” və s. yazmağa son verdilər. Ancaq hələ belə səhv və xətaların xeyli hissəsi qalır...
Birincisi, elə Rusiya Müdafiə nazirliyinin rəsmi saytında təqdim etdikləri dislokasiya xəritələrində hələ də “Mardakert”(Ağdərə), “Martuni”(Xocavənd), “Kirov”(Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi), “Lısoqorskiy”(Şuşa rayonu, Turşsu qəsəbəsi yaxınlığında Keçəldağ aşırımı), “Şuşikend”( Xocalı rayonu, Şuşakənd), “Maçkalaşen”(Xocavənd rayonu, Cütçü kəndi), “Djerabert”(Tərtər rayonu Çiləbürt kəndi), “Qandzasar”( Kəlbəcər rayonunun Vəngli kəndindəki Gəncəsər məbədi), “Dadivank”(Kəlbəcər rayonu, Xudavəng məbədi), Qetavan(Kəlbəcər rayonu Qozlukörpü kəndi) kimi separatçı rejimin 32 il ərzində tərtib etdiyi saxta toponimlər hələ də qalmaqdadır... Beləliklə, azı 10 kiçik səhv...
Bundan əlavə, 5 böyük səhvləri də qalmaqdadır:
Birincisi, 2022-ci il avqustun 26-dan, yəni Laçın şəhəri rəsmən Azərbaycan dövlətinin nəzarətinə keçəndən bəriki bir ildən çox müddətin bəlkə də yarısında olduğu kimi, son 10 günə yaxın müddətdə də bu Azərbaycan şəhəri nədənsə Rusiya MN-in saytında təqdim etdiyi dislokasiya xəritəsində “sülhməramlı”ların məsuliyyət, nəzarət zonasında göstərilir...
İkincisi, 3 ildir ki, Xankəndi şəhərinin girişinə işğalçı Rusiya imperiyasının diktatoru V.Putinin böyük portreti -bilbordu asılıb ki, bildiyimizə görə, onu Xankəndinə Azərbaycan bayrağı sancıldıqdan sonra da çıxarmayıblar. “Sülhməramlı”lar həmin bilbordu sakitcə söküb, öz sınıq-salxaq texnikaları ilə birlikdə Rusiyaya yollamalıdırlar...
Üçüncüsü, “sülhməramlı” komandanlığı Xocalı hava limanındakı qərargahları qarşısında Rusiyanın tarixi şəxsiyyətləri sayılan Aleksandr Nevski, Suvorov, Kutuzov, Puşkinə və s. qoyduqları 10 büstü yığışdırmalıdırlar...
Dördüncüsü, yenə də həmin hava limanı ərazisində Rusiya “sülhməramlı”sına həsr edilmiş qucağında uşaqla təsvir edilən Rusiya əsgəri heykəli də sökülməlidir. Halbuki, 1992-ci il öncə Xocalı şəhərində, o cümlədən hava limanında Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi soyqırımı məhz Rusiya imperiyasının 366-cı alayının birbaşa dəstəyi ilə törədilmişdir. Və buna görə rəsmi Moskva tərəfindən bu günədək heç bir üzrxahlıq edilməyib...
Beşincisi, yenə də Xocalıdakı həmin hava limanı ərazisində Azərbaycan hökumətindən heç bir icazə alınmamış qanunsuz olaraq Rus pravoslav kilsəsi tikilmişdir ki, o da mütləq sökülməlidir...
Beləliklə, Rusiya “sülhməramlı”ları Azərbaycanın suveren(!) ərazisini tərk edincə 10 kiçik və 5 böyük səhvini mütləq düzəltməlidir...
Yaşayarıq, görərik...
Sultan Laçın