"İsrail müstəqillik uğrunda ikinci savaşa başlayıb" - Netanyahu
"Biz mübarizə aparacağıq və qalib gələcəyik, bu, həyatımızın missiyasıdır..."
Netanyahu Qəzza bölgəsində yerüstü hərbi müdaxilə barədə qərarın təsdiq edilməsini elan edib
Qəzza ərazisinə yerüstü müdaxiləyə başlamaq haqqında qərar yekdillikıə qəbul edilib
Şənbə günü, oktyabrın 28-də İsrailin baş naziri Binyamin Netanyahu millətə müraciət edərək ölkəsinin "müstəqilliyi uğrunda ikinci savaşın" başlandığını elan edib.
Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.com" saytı məlumat yayıb.
Öz müraciətində o, qeyd edib ki, İsrailin HƏMAS-a qarşı savaşının ikinci mərhələsi ötən gecə Qəzza bölgəsinin terrorçu Fələstin qruplaşmasının nəzarət etdiyi ərazisinə quru qoşunlarının yeridilməsilə başlayıb.
Netanyahu iddia edir ki, yerüstü hərbi müdaxilə barədə qərar hərbçilər və təhlükəsizlik sahəsində çalışan məmurlar tərəfindən yekdilliklə qəbul edilib.
İsrail baş naziri bəyan edib ki, heç bir halda İsrail "HƏMAS-ın məhv edilməsi vəzifəsindən imtina etməyəcək". "Bizim iki məqsədimiz var, ən başlıcası HƏMAS-ın operativ və hökumət imkanlarını tamamilə ləğv etmək, ikincisi girovları azad etməkdir", - baş nazir iddia edir.
İsrail BMT Baş Assambleyasının Qəzzada atəşin dayandırılmasına dair "mənfur" çağırışını rədd edib. O, həmçinin vurğulayıb ki, İsrail mülki əhali arasında qurbanlardan yan keçmək üçün "mümkün olan hər şeyi" edir və ABŞ, Böyük Britaniya və digər Qərb ölkə liderlərinə ölkəsinə dəstək verdiklərinə görə minnətdarlıq edib.
"Biz mübarizə aparacağıq və qalib gələcəyik...Bu, həyatımızın missiyasıdır", - o, deyib və əlavə edib ki, münaqişə "uzun və çətin olacaq".
İsrail-HƏMAS savaşı- bəlli olanlar
Oktyabrın 7-də Fələstinin HƏMAS terrorçu qruplaşmaları İsrail ərazisinə güclü zərbə endirib. HƏMAS döyüşçüləri sərhəd yaşayış məntəqələrinə soxulub. Təxminən 200 nəfər girov götürülüb.
Bu hücuma cavab olaraq İsrail yaraqlıların nəzarətində olan Qəzza bölgəsinə cavab zərbələri endirib. İsrail HƏMAS-ın tamamilə məhv edilməsini özünün məqsədi elan edib.
Son həftələr ərzində İsrailin Qəzzaya mümkün yerüstü hərbi müdaxiləsi barədə söhbətlər səngimək bilmir.
Oktyabrın 26-da İsrail Müdafiə Ordusu regionun şimal hissəsində tanklardan istifadə edərək məqsədyönlü reyd keçirib.
Oktyabrın 27-də İsrail Müdafiə Ordusu piyadalar, döyüş texnikası, PUA-lar və aviasiyadan istifadə etməklə Qəzza bölgəsinə daxil olub.
Bu gün İsrail Qəzza bölgəsində blekaut tətbiq edərək, regionun elektrikə, internetə və mobil rabitəyə çıxışını kəsib.
Məlum olduğu kimi, İsrail yerüstü əməliyyatın genişlənməsi barədə qərar qəbul edib. Eyni zamanda, İsrail hakimiyyəti iddia edir ki, hələlik rəsmən yerüstü hərbi müdaxilə deyil, bundan öncə təmizləmə əməliyyatı keçirir.