Bir qrup sənət adamı sabah Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq konsertdə iştirak etmək üçün Füzuli rayonuna yola düşüb. Onlar artıq Şuşadadır, sabah Füzuliyə gedəcəklər.
Həmin sənətçilərdən biri Rəşad İlyasov Şuşaya çatan kimi ilk təəssüratlarını Moderator.az saytı ilə bölüşdü. O, öncə bu tarixi günlərin sevincini bizimlə bölüşdü.
“Dünən Ali baş komandanımız hakimiyyətə gəlişinin 20-ci ildönümündə bu gözəl anları bizə yaşatdı- Xankəndimizdə Azərbaycanın ürəngli bayrağını dalğalandırdı. Çox qürurluyuq, çox şadıq. Ali baş komandanımızın çıxışın izlədik. Mən qalib ölkənin qalib vətəndaşı kimi, qalib Sərkərdəmizi tarixçi kimi, siyasətçi kimi, alim kimi dünən yenidən kəşf etdim! Bütün tarixi prosesləri hər kəsə aydın olacaq tərzdə, ardıcıllıqla xarakterizə etdi. Ölkəmizin keçdiyi tarixi yol və son illərdə əldə etdiyimiz uğurlar- istər Sovet dövrünə aid, istər də 70-ci illərdən üzü bəri, ulu öndər hakimiyyətə yenidən gəlişi və nəhayət, son 20 ildə əldə etdiyimiz uğurları gözəl analiz etdi. Mən evdə hər kəsə dedim ki, “sakit olun, hamımız diqqətlə dinləyək.” Çox qürurlandıq və düşünürəm ki, 15 oktyabr tarixi hər kəsin həyatında gözəl iz qoydu.”
Səfərdən danışan sənətçi bu möhtəşəm günlərə yaxından şahidlik etdiyi üçün özünü xişbəxt hesab etdiyini dedi. “Bu torpaqlarda çıxış etmək hər sənətçinin arzusu idi, indi o arzunu yaşayırıq” deyərək, qəhərləndi..
“Bu gün sənət dostlarımla birlikdə Qarabağa gəlmişik. Füzulimizdə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə düzənlənən tədbirdə iştirak etmək üçün burdayıq. Bu günü bizə yaşatdıqları üçün igid oğullarımıza minnətdarıq. Şuşanın dolambac yollarından keçib bura gəldikcə, insan fərqli duyğuları eyni anda yaşayır. Sanki, şəhidlərin ruhu müşayiət edir insanı. Yadımdadır ki, üç il öncə 17 oktyabr tarixində Cənab Ali Baş komandan Füzulinin azad olunması xəbərini çatdıranda dedi ki, Füzulinin azad olunması tarix kitablarına düşəcək. Çünki, Füzuli çox böyük döyüş taktikaları nəticəsində azad edilmişdi. Məni qəhər boğur danışdıqca..”
Sənətçi əlavə etdi ki, Şuşada ilk dəfə olsa da, bir dəfə Laçında olub, “Ay Laçın” mahısı ilə çıxış edib.
“Keçən dəfə Azərbaycan Televiziyasının “Oxuyur Vətən” layihəsi ilə biz Laçına gəlmişdik. Mən onda kanonumla xalq mahnısı “Ay Laçın”ı ifa etmişdim. Laçında gözəl konsert proqramı çəkmişdik. Amma Şuşaya ilk dəfədir gəlirəm. Burda işıq sürətilə inkişaf gedir. Ustalar da həvəslə işləyir, vallah. İndi eyvandan şəhərin görünüşünə baxıram, fonda Xankəndi, insana qürur verir! Allah şəhidlərimizə rəhmət eləsin! Bu hissləri onların sayəsində yaşayırıq.
Şuşa bu il Türk dünyasının mədəniyyət paytaxtı oldu, dünyanın dörd bir yanından qonaqları qarşılamağa hazırdır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandanımız!”
Gülçin Qorxmaz
Moderator.az