Son dövrlər sosial şəbəkələrin həyatımızda rolu və vacibliyi insanlarda ortaq xüsusiyyətlər ortaya çıxarır: hər kəs gözəl görünmək, gözəl olmaq, varlı görünmək, bahalı geyinmək, ən azından elə görünmək üçün “vuruşur”. Mühüm həyat şərtləri, məqsədləri- təhsil, elm, bilik, öyrənmək həvəsi, vərdişi, sanki, “keçmişin lazımsız qalığı”na çevrilib. Doğrudanmı, bəşər övladının ali missiyası “gözəl və bahalı görünmək”dir?!
Doğrudanmı, daha qüvvət elmdə deyil və insanı insandan güclü edən başqa mətləblər var?! Bu sağlam qayda-qanunları kim və nə zaman laxlatdı?!
Psixoloq Rafiq Allahverdiyev suallarımıza çox geniş və aydın izah verir. O, deyir ki, bütün bunların kökündə insanların əziyyət çəkmədən mənfəət əldə etmək cəhdləri dayanır. Və bu cür insan təfəkkürü mütləq şəkildə obrazlaşır, süniiləşir.

“İnsanların, bütün bəşəriyyətin dünyagörüşü insanın təcrübəsi qədərdir. İnsan hansı sahədə- təhsildə, mədəniyyətdə, əxlaqda- hər şeydə təcrübəsi nə qədərdirsə, dünyagörüşü o qədərdir. Son dövrdə insanlarda onların imkan və bacarıqları onların təcrübələrinə söykənmir. İnsan təcrübə yığmağa cəhd etmir, heç bunu lazım da bilmir. İnsanların psixikasında pozuntu əmələ gəlib. Özü təcrübə əldə etməkdənsə, başqalarının təcrübələrini təkrar edərək, tez mənfəət əldə etməyə çalışır. İnsan özünü qəbul etmir, reallığı dərk etmir və öz uydurduğu obrazı yamsılamağa başlayır. Uçuq-sökük evinin bir divarına kağız vurur, mebel qoyur, həmin küncdə şəkil çəkib paylaşır. Kameranın digər tərəfi isə eybəcərliklə doludur. Beləliklə, insan özünü tədricən kiçik bir ümidə, bir küncə qısılaraq, olduğundan daha gözəl, daha yaxşı görsətməyə başlayır. Özünü olduğu kimi göstərsə, mütləq ki o, mübarizə aparmalıdır, nələrisə düzəltməlidir. Amma bir küncü gözəl göstərməklə, sanki, mövcud eybəcərlikləri gizlətmiş hesab edir. Beləliklə, onun həyat amalı belə olur: ”Əslində buyam, amma vacibi odur ki, gözəl görsənirəm, eybəcərliyi gizlətmişəm.” Nələrisə gizlətmək, hətta özünü gizlətmək insanın ömürlük obrazına daxil olur. Bu, psixoloji qüsurdur. İnsan özü üzərində işləmirsə, özünü inkişaf etdirmirsə, nələrisə öyrənmir, oxumursa, tədricə mütiləşir və təxəyyülünün qurbanına çevrilir.”
Psixoloqun fikirləri həyəcan siqnalının təsirini bağışlayır. Onun sözlərinə görə, müasir insan modeli yalnız geyimlərindən ibarət robota çevrilib. Bu, gələcəyin qarşıdakı faciəsidir.
“Real həyatda insan yaşamaq üçün əziyyət çəkməli, iradəsi olmalı, nələrdənsə keçməli, nəyəsə tabe olmalı, məcbur olmalı, yaşamalıdır və bu, real həyat şəraiti, şərtləridir. Amma insan sosial şəbəkələrdə, video və şəkillərlə özünü müxtəlif formalarda paylaşaraq, maksimalizmə meyil edir və yavaş-yavaş beynində qurduğu obrazı yaşamağa başlayır. Amma köpük formasında, obraz olaraq. Tutaq ki, adının əvəzinə özünə ləqəb qoyur və tədricən süniiləşməyə başlayır. Beləliklə, hər şey- sevgi də, nifrət də, münasibət də, məhəbbət də adiləşir və saxtalaşır. Sosial şəbəkələr də daxil olmaqla, bütün televiziyalar insanları robotlaşdırır. Sünii məxluqa çevirir. İnsan insanlığını itirir, yoxa çıxır. Geyimlərindən ibarət bir məxluq olur. Bu, cəmiyyətimizin yaxın gələcəkdəki faciəsidir. Cəmiyyət uçuruma gedir.”
Gülçin Qorxmaz,
Moderator.az