"Rusiyanın əsas telekanalının əməkdaşı Rusiya ordusu barədə "feyk" məlumatları yaymaqda, Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda ittiham edilir..."
"Məhkəmədə şahid qismində Ovsyannikovanın ailə üzvləri-sabiq əri, oğlu və anası çıxış edib..."
Putini qatil adlandırdığına görə Rusiyanın "Birinci kanal"ının əməkdaşı 8, 5 il müddətində azadlıqdan məhrum edilib
Moskvanın Basman məhkəməsi Rusiyanın "Birinci kanal"ının "Vremya" ("Zaman") xəbərlər proqramının sabiq direktoru Marina Ovsyannikovanı "hərbi feyklərin" yayılmasında təqsirli bilərək qiyabi olaraq ümumi rejimli koloniyada 8,5 il müddətində azadlıqdan məhrum edib.
Moderator.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Həmçinin ona dörd il müddətində "elektron və ya informasiya-telekommunikasiya şəbəkələri saytları, o cümlədən internet şəbəkəsində adminliklə bağlı fəaliyyətlə məşğul olmaq qadağan edilib".
Ovsyannikovanın cəza müddəti onun Rusiya ərazisində saxlanıldığı və ya ekstradisiya olunduğu məqamdan hesablanacaq. Ovsyannikova təqsirini etiraf etməyib və bəyan edib ki, bir sözündən belə imtina etmir.
Məhkəmədə dövlət ittihamçısı birbaşa efirdə müharibə əleyhinə aksiyadan sonra məşhurlaşan Ovsyannikovaya bir il artıq, 9, 5 il həbs cəzası və saytlarda adminlik fəaliyyətinə beş il qadağa qoyulmasını xahiş edib.
Rusiyanın əsas kanalının sabiq əməkdaşı Rusiya ordusu haqqında siyasi nifrət motivləri üzrə "feyklər" yaymaqda (RF CM-in 207.3 maddəsinin "d" bəndi) ittiham edilir. Cinayət işi üçün bəhanə kimi 2022-ci ilin iyulunda onun keçirdiyi piket olub.
O zaman Ovsyannikova Kreml ilə üzbəüz Sofiya sahilinə üzərində Ukraynada həlak olan uşaqların fotoşəkilləri və Rusiya prezidentinin "qatil" adlandırıldığı şüar olan plakatla çıxıb.
"352 körpə həlak olub, - plakatda belə yazılıb. - Sizin dayanmağınız üçün daha nə qədər uşaq həlak olmalıdır?"
İttihama görə, bu hərəkətləri ilə Ovsyannikova "cəmiyyətdə Rusiya Silahlı Qüvvələrinə neqativ münasibətin formalaşmasına gerçək təhlükə yaradıb".
Moskva Prokurorluğu dəqiqləşdirib ki, "2022-ci il iyulun 15-də Ovsyannikova özünün ictimai kanalında videoyazı və fototəsvir dərc edib, orada o, Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyatın gedişində fəaliyyəti haqqında əvvəlcədən yalan məlumatı olan plakat nümayiş etdirib".
O zaman Ovsyannikova saxlanılıb və ev dustaqlığına məruz qalıb, lakin tezliklə o, qızı ilə birgə Rusiyanı tərk edib.
"Mediazona"nın məlumatına görə, məhkəmədə şahid qismində DİN ekstremizmə müqavimət üzrə ("E" mərkəzi) idarənin əməkdaşları, habelə Ovsyannikovanın ailə üzvləri, o cümlədən sabiq əri İqor, oğlu Kiril və anası Aliyə Tkaçuk çıxış edib.
İqor Ovsyannikov məhkəmədə bəyan edib ki, sabiq həyat yoldaşının aksiyasından sonra onun valideynlik hüququndan məhrum edilməsi barədə iddia qaldırıb, habelə qızının itkin düşməsi barədə polisə məlumat verib.
Ovsyannikovanın anası bəyan edib ki, xəbərlərə rəsmi mənbələrdə baxır və Rusiya ordusunun uşaqları qətlə yetirməsinə inanmır.
Bundan öncə "hərbi feyklər" yayılması barədə işlər üzrə qiyabi olaraq məhkum edilənlər arasında bloger Veronika Belotserkovskaya (9 il), publisist Aleksandr Nevzorov (8 il) və sabiq polis nəfəri Oleq Kaşintsev (8 il) də var. Belotserkovskaya və Nevzorov "xarici agentlər" siyahısına salınıb.
Xəbər verildiyi kimi, bundan öncə Rusiyanın Birinci kanalında "Vryemya" proqramının efirində qalmaqal baş verib.
Aparıcı Yekaterina Andreyeva növbəti süjet barəsində məlumatı oxuduğu məqamda bir qadın əlində müharibə əleyhinə olan plakatla studiyaya daxil olaraq ucadan bu sözləri təkrarlayıb: "Müharibəni dayandırın! Müharibəyə yox deyirik!"
Rusiya hakimiyyətinin nöqteyi-nəzərincə, bu yolverilməz pasifizm aktı videoreportajla kəsilib, lakin Mariya Ovsyannikova kadrda bir neçə saniyə qala bilib, dəfələrlə müharibə əleyhinə şüarlar səsləndirib. Aksiyadan sonra o, Rusiya polisi tərəfindən saxlanılıb.