Podratçı şirkət şəhid ailələrindən bunun üçün adambaşına 285 AZN topladı?..
5699
02 Oct 2023 | 13:05

Podratçı şirkət şəhid ailələrindən bunun üçün adambaşına 285 AZN topladı?..

“Bəhs edilən binada yaşayan şəhid ailələri binanın digər sakinləri ilə bərabər neçə illik süründürməçilikdən, yay-qış yanacaqsız qalmaqdan bezərək və heç bir dövlət qurumundan məsələyə ciddi reaksiya olmadığını görərək  “Qaya-2016” MMC podratçı şirkəti ilə razılaşdırılmış 285 AZN-i verməyə məcbur olublar...”
 
Xəbər verdiyimiz kimi, Moderator.az redaksiyasına Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisindəki Gənclər şəhərciyində 20 saylı  binanın 5-6-cı mərtəbələrində yaşayan şəhid ailələri adından şikayət daxil olub. Şikayətdə bildirilir ki, bina neçə illərdir tikilsə də, müəyyən qurumların bürokratik əngəlləri və maraqları ucbatından qazla təmin olunmur.  Dəfələrlə müxtəlif qurumlara şikayət edilsə də, heç bir tədbir görülmür.  Bu günlərdə isə binanın bir neçə sakininin müraciət etdiyi “Qaya-2016” adlı podratçı şirkət qazın çəkilməsi üçün binadakı hər ailədən, hətta şəhid ailələrindən də adambaşı 285 AZN pul vəsaiti tələb edib. 
 
Şəhid ailələrinin şikayəti ilə bağlı müraciət etdiyimiz “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev təmsil etdiyi qurumun sözügedən binanın qazlaşdırılmaması problemində heç bir rolunun olmadığını, bunda  həmin binanı istismara vermiş MTK-nın(“Dərhal” MMC) məsuliyyət daşıdığını, MTK-nın xüsusi podratçı şirkət vasitəsi ilə qazlaşdırmağı razılaşdırmalı olduğunu, podratçı şirkətlərin müstəqil təsərrüfat subyektləri olduğunu və “Azəriqaz” İstehsalat Birliyinin həmin şirkətlərin işinə heç bir mövzuda qarışmağa ixtiyarı olmadığını bildirib (bax: burada)
 
Material saytda dərc olunduqdan, sosial şəbəkələrdə və digər saytlarda yayıldıqdan sonra da hər hansı bir dövlət qurumundan istər Moderator.az redaksiyası, istərsə də şəhid ailələri ilə əlaqə saxlanılaraq məsələyə münasibət bildirilməyib.
 
Bu gün əlaqə saxladığımız bəhs edilən binada yaşayan şəhid ailələrindən birinin üzvü bildirdi ki,  onlar digər bina sakinləri ilə bərabər neçə illik süründürməçilikdən, yay-qış yanacaqsız qalmaqdan bezərək və heç bir dövlət qurumundan məsələyə ciddi reaksiya olmadığını görərək “Qaya-2016” MMC podratçı şirkəti ilə razılaşdırılmış 285 AZN-i nağd şəkildə ödəməyə məcbur olublar. Artıq binadakı mənzillərə sayğaclar qoyulub və tezliklə binaya qaz veriləcək.
 
“Qaya-2016” adlı podratçı şirkətinin Abşeron rayonu üzrə təmsilçisinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin internet saytında əldə etdiyimiz mobil telefon nömrəsinə(050 676 06 71) dəfələrlə zəng etsək də,  məşğul olduğundan əlaqə yarada bilmədik.
 
Beləliklə, Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisindəki Gənclər şəhərciyində 20 saylı  binanın qaz problemi uzun müddətdən sonra, nəhayət, həll olunmaq üzrədir. Lakin iki sual açıq qalır: 
 
1.“Qaya-2016” inin vətəndaşlardan qaz çəkilişi üçün tələb etdiyi məbləğ qanunvericiliklə müəyyən olunmuş standartlara uyğundurmu? İstehlakçıların hüquqları pozulmur ki? 
 
2. Podratçı şirkət qaz çəkilişi zamanı şəhid ailələrinə, ən azı, qiymətdə güzəştə gedə bilməzmi?..
 
Yenə də ümid edirik ki, əlaqədar dövlət qurumları məsələ ilə maraqlanıb suallarımıza aydınlıq gətirəcək.
 
Bir daha qeyd edirik ki, materialda adları hallanan və əlaqə yarada bilmədiyimiz cavabdeh qurumların: “Dərhal” MMC və “Qayalı-2016” podratçı şirkəti rəhbərliyinin problemlə bağlı izahatlarını təqdim etməyə hazırıq.
 
Moderator.az
 
Link kopyalandı!
Son xəbərlər