"Şərqdə heç kim bizə texnologiyalar vermək istəmir, məhsulu bütöv şəkildə və ya ikiqat qiymətə almağı təklif edirlər..."
"Asiya ölkələrinə bel bağlamaqdansa, Rusiyanın özündə texnologiyaları inkişaf etdirmək lazımdır..."
Rusiya iqtisadiyyatı Qərbin sanksiyaları ucbatından Şərqə dönüş edib, lakin yerli bazarlar "daha da sərtdir", Asiya şirkətləri şərq bazarlarında öz şirkətlərinə üstünlük verərək Rusiya ilə iqtisadi müharibə aparır.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin Moskva İqtisadi Forumunda bəyan edib. Məlumatı "mk.ru" nəşri yayıb.
O, qeyd edib ki, Qərb Rusiya üçün müasir texnologiyalara çıxışı kəsib, lakin Şərqdə də "heç kim nə maşınqayırma, nə aviasiya sənayesi, nə mikroelektronika sahəsində texnologiyalar vermək istəmir".
"Üstəlik, bizə açıq şəkildə deyirlər ki, hər hansı texnologiya əldə etmək istəyirsinizsə, məhsulu bütöv şəkildə alın. Biz deyirik ki, yox, bizə ən yaxşı halda tezliklə əvəz edəcəyimiz komplektləşdiricilər lazımdır.
Bizə deyirlər ki, bunu anlayırıq, ona görə də bunu etmək niyyətində deyilik, hər halda bunu normal qiymətlərlə etməyəcəyik. İkiqat qiymətə istəyirsinizsə, buyurun", - Sobyanin gileylənib.
O, Şərqlə əməkdaşlıqdan ibrət dərsi götürməyə və bütün səviyyələrdə iqtisadi planlaşdırmada onları nəzərə almağa çağırış edib.
Sobyaninin fikrincə, Asiya ölkələrinə bel bağlamaqdansa, Rusiyanın özündə texnologiyaların istehsalını inkişaf etdirmək lazımdır.
Bu zaman Moskva meri qeyd edib ki, vəziyyətin belə acınacaqlı olması ölkənin yalnız xeyrinədir.
"Biz sakit yaşaya bilmərik, biz böhan şəraitində yaşayırıq, böhran olmasa, staqnasiya olacaq, əgər böhran varsa, biz də sizinlə dirçəlib irəliyə gedəcəyik", - Sobyanin bəyan edib.
Rusiya Ukraynaya hərbi müdaxilə səbəbindən Qərb ölkələrinin çoxsaylı sanksiyaları altındadır. Bu sanksiyalara Rusiyanın maliyyə sistemi, bir sıra şirkətləri və iqtisadiyyatının ayrı-ayrı sahələrinin miqyaslı məhdudiyyətləri daxildir.
2022-ci ilin mart ayında Rusiya Federasiyası üzərinə qoyulan məhdudiyyətlərin sayına görə İranı da keçərək dünya liderinə çevrilib. İşğalçı ölkəyə qarşı sanksiya siyasətinə dünyanın 60-dan çox ölkəsi dəstək verir.
Daha 20 ölkə sanksiyalardan yan keçmək yollarını bloklayır və ya bunu öz fəaliyyətində nəzərə alır.