“Rusiya MN rəsmi məlumat və xəritələrdə müstəqil(!) Azərbaycan Respublikasının inzibati-siyasi xəritələrinə zidd olaraq “Dağlıq Qarabağ” , “Stepanakert”, “Mardakert”, “Farux” və s. təhriflərə yol verməkdə... davam edir...”
Dünən – sentyabrın 21-də Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun ermənilər məskunlaşdırılmış hissəsində 2025-ci(!) ilədək yerləşdirilməsi nəzərdə tutulan Rusiya “sülhməramlı” kontingenti nəzarət etdiyi ərazidə heç bir patrul xidməti həyata keçirməyib.
Bu, Moderator.az-ın son araşdırması zamanı “sülhməramlı”ların Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı xəbər bülleteni və dislokasiya xəritəsindən bəlli olub.
O da bilinib ki, sentyabrın 20-də “sülhməramlı”ların dislokasiya xəritəsi dərc olunmayıb. Sonuncu belə xəritə sentyabrın 19-da təqdim olunub ki, orada da patrul xidmətinin icrası qeyd edilib...
Qeyd edək ki, “sülhməramlı”lar 2020-ci ilin noyabrından, artıq Qarabağın dağlıq hissəsində tam yerləşən gündən bəri, demək olar, ilk dəfədir ki, ərazidə patrul xidməti həyata keçirmirlər.
Görünür, bu, sentyabrın 20-dəki hərbi əməliyyatlar zamanı 6 “sülhməramlı”nın həlak olmasıyla bağlıdır...
Bununla belə, Rusiya MN rəsmi məlumat və xəritələrdə müstəqil(!) Azərbaycan Respublikasının inzibati-siyasi xəritələrinə zidd olaraq “Dağlıq Qarabağ” , “Stepanakert”, “Mardakert”, “Farux” və s. təhriflərə yol verməkdə, həmçinin Laçın şəhərini növbəti dəfə öz məsuliyyət zonasına daxil etməklə gizlən-paç oyununu da davam etdirir. Qeyd edilənlər sentyabrın 21-də həmin qurumun “sülhməramlı” kontingentə dair dərc etdiyi bülleten və xəritədən də bəlli olur...
“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Bakı və Stepanakert(Xankəndi-S.L.) ilə dinc əhaliyə münasibətdə qan tökülməsinin qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi və humanitar qanunlara riayət edilməsi məqsədi ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
Döyüşlərin dayandırılması haqqında saziş bağlanandan indiyədək Şuşa (iki) və Mardakert(Ağdərə-S.L.) (üç) rayonlarında atəşkəs rejiminin beş dəfə pozulması faktı qeydə alınıb.
Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan tərəfi və Qarabağ nümayəndələri ilə birgə bu faktlarla bağlı araşdırma aparır.
Hazırda öz evlərinə qayıda bilməyən 607 uşaq da daxil olmaqla 1340 mülki şəxs Rusiya sülhməramlı kontingentinin himayəsində qalmaqda davam edir. Onların yaşayışı, qidalanması və tibbi xidməti təşkil olunur”- “sülhməramlı”ların xəbər bülletenində belə deyilir.
S.Laçın