“94 yaşın içindəyəm, uzunömürlü olmaq üçün kitabları sevmək lazımdır”-FOTOLAR
3740
21 Sep 2023 | 18:11

“94 yaşın içindəyəm, uzunömürlü olmaq üçün kitabları sevmək lazımdır”-FOTOLAR

“Muzeyimdə 2914 miniatür kitab Ginesin Rekordlar kitabına düşüb”
“2 əsrdir ki, yaşayıram. Bu gün-sabah 94 yaşım tamam olacaq. Bəzən soruşurlar ki, uzunömürlü olmağın sirri nədir?! Mən deyərdim ki, kitabları sevən insanlar çox yaşayır. Ona görə də hamıya tövsiyyə edirəm ki, kitabları çox sevsinlər”
 
Bunu Moderator.az-a açıqlamasında Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova deyib.
 
O daha sonra Miniatür Kitab muzeyindən danışıb.
 
“Biz muzeyimizdə hər zaman qeydiyyat aparırıq. 2019-cu ildə pandemiya hələ yox idi. Bizim azərbaycanlılardan muzeyə gələnlərin sayı 12 min 468, xaricilər isə 70 min 400-dən çox olub. Nəzərə alsaq ki, muzeyimizə giriş pulsuzdur. Dünya ölkələrindən uçub gəlirlər ki, muzeyimizi, miniatür kitablarımızı görsünlər. Bizimkiləri yalnız bazar, dükan və restoran maraqlandırır. Görmüşük ki, uşaqlarla muzeyləri, kitabxanaları gəzərlər. Amma indi müəllimlər uşaqları restoranlara aparır. İçərişəhərdəki bütün restoranlar doludur. Bu çox acınacaqlı bir haldır. Muzeyimdə 2914 miniatür kitab Ginesin Rekordlar kitabına düşüb. Mənim rekordumu heç kim keçə bilməz. Yəqin ki, bir çoxlarının bundan xəbəri yoxdur. Bu Azərbaycan adına böyük bir uğurdur. Muzeydə bu rekordun sertifikatı da asılıb. Bilirsiniz ki, Leonid Yakuboviçin müəllifi və aparıcısı olduğu “Polo çudes” verilişində də iştirak etmişəm. Ona Azərbaycanla bağlı miniatür kitabları hədiyyə etmişəm. Leonid Yakuboviç kitablara görə çox sevindi. Onun da kitablara böyük marağı var” deyə Zərifə Salahova deyib.
 
Zərifə Salahova qardaşı qızı Alagöz Salahovanın ölümünə üzüldüyünü də bildirib.
 
“Təzəpir məscidində onunla vida mərasimi keçirildi. Mən də iştirak etdim. Bu gün dəfn etdik. Qardaşımın yadigarı idi. Çox üzüldüm” deyə Zərifə Salahova deyib.
Link kopyalandı!
Son xəbərlər