Bizi sosial şəbəkələrdən izləyin:
“Müharibə sözü mənim üçün ikiqat ağırdır. Çünki müharibənin dəhşətlərini, əziyyətlərini yaxından görmüşəm, şahidi olmuşam. 1992-ci ildə baş vermiş qızğın döyüşlərdən yaralı insanları hospitallara gətirirdilər. Mən də o vaxtı tələbə idim. Könüllü olaraq hospitallara gedib, döyüşçülərimizə qulluq edirdim. Həm də tibbi savadım var idi. Milli qəhrəman Çingiz Mustafayev o vaxtı dövlət televiziyasından çıxış etdi və xalqa səsləndi ki, kim özünü bu vətənin övladı hesab edirsə televiziyanın qarşısına gəlsin, bizimlə birgə müharibəyə qatılsın. Universitetdən qızlı-oğlanlı hamımız getdik. Bizi geri qaytardılar. Müdafiə Nazirliyinə gəlib könüllü olaraq Qarabağa getmək istəyimizi bildirdik. Bizə dedilər ki, siz hələ çox gəncsiniz, istedadlı xanımlarsınız, gedin dərslərinizi oxuyun. Kor-peşman universitetə qayıtdıq. Amma qərar verdik ki, özümüz gedəcəyik”
Bunu Moderator.az-a açıqlamasında Gənc Tamaşaçılar teatrının aparıcı aktrisası Simuzər Ağakişiyeva deyib. O daha sonra əlavə edib.
“Təxminən 3-4 tələbə ilə birgə Ağdama getdik. Mənimlə birgə gedən xanımlar geri qayıtdılar, bir xanımdan başqa. Bizi göndərdilər Ağdamın Abdal Gülablı kəndindəki kəşfiyyat qrupuna. Uzun müddət mən orada kəşfiyyatda oldum. İndi bunları asanlıqla danışıram. Amma o vaxt çox çətin, ağır döyüşlər gedirdi. Hər anımız ölüm idi. Oturub çörək yediyin insan yarım saat sonra yox idi. Bizim qrupumuzdan çox uşaqlar şəhid oldu. Ön sıralarda xidmət edirdim. Döyüş yoldaşlarım istəmirdilər ki, onlarla çiyin-çiyinə xidmət edim. Bir gün kəşfiyyata getmişdik. 11 nəfər idik. 10-cu adam mən idim, 11-ci şəxs isə mənim arxamda dayanmışdı. Kəşfiyyatda da belə idi ki, bir adam ayağını hara qoyursa, onun arxasınca gələn adamlar da ayaqlarını eyni yerə qoymalı idilər. Komandir mənimlə dalaşdı ki, sən bu dəfə getməyəcəksən! Dedim ki, gedəcəm. Elə oldu ki, biz mühasirəyə düşdük. İndi mənə yalvarır ki, sağ yolu götür get. Dedim ki, sizi burada qoyub getmərəm. Avtomatı üstümə tutub dedi ki, sənə deyirəm get! Dedim ki, burada məni öldürsən də sizi qoyub getməyəcəm. Həmin komandirimiz İkinci Qarabağ müharibəsində şəhid oldu. Hücumlar səhərə yaxın olurdu. Bir səhər də gözümüzü açıb gördük ki, hücum ediblər. Bizdən çox şəhid, yaralı oldu. Ramiz adında oğlan var idi, güllə çənəsindən dəyib, dilindən çıxmışdı (kövrəlir). Onu birtərhər hospitala çatdırdıq. İnsanın əzizi yaralananda ona bir güc gəlir, elə bilir ki, dağı yerindən oynadar. 2-ci Qarabağ müharibəsində şəhid olan Müşfiq Abbasov da o vaxt Ağdamdakı döyüşlərdə yaxından iştirak edirdi. O demişdi ki, Simuzəri döyüşdən çıxarın. Döyüşdən çıxmaq istəmirdim. Müşfiqdən bunun səbəbini soruşanda o elə hönkürtü ilə ağladı ki. Mən bir Xocalı qətliamında Çingiz Mustafayevin, bir də Ağdamda Müşfiqin ağlamağını elə görmüşəm. Başa düşdüm ki, vəziyyət ciddidir. Gəlib məscidin yanında maşından düşdük. Bir də gördüm ki, kamazın arxasını açıb, şəhidlərimizin nəşini gətirdilər. Müharibəyə nifrət edirəm. Müharibə çox insanların arzularını ürəklərində qoydu. Bu mənim üçün çox ağrılı mövzudur” deyə aktrisa bildirib.