Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
4813
19 Sep 2023 | 09:33

“Amerikanı, Rusiyanı söyməklə düzələcəyikmi?..”

“Öncə öz mənimizdəki, içimizdəki şərə qalib gəlməli deyilikmi?..”
 
“Düzlük istəyənin ən əvvəl özü,
Əgər düz olmasa, vay o düzlüyə!..”
 
-ÜÇ CÜMLƏ İLƏ BİR TÖVSİYƏ...-
 
Ötən həftə Azərbaycan mediasında, qəzet və telekanallarında bir geniş anti-Amerika kampaniyası vüsət aldı, ölkənin aparıcı saytları, yazarları, mandat, vəzifə, para və s. sahibləri ABŞ-ın Senatını, Konqresini, Ağ Evini ağ yuyub qara sərməkdə, mədəni şəkildə söyməkdə elə yarışa girişdi ki, artıq işğalçı Rusiya imperiyasının, ən azı, XVIII əsrin əvvəllərindən bu günədək Vətənimizə, xalqımıza qarşı etdikləri işğallar, zülmlər, repressiyalar, deportasiyalar, siyasi-ideoloji, psixoloji manqurtlaşdırmalar və s. unuduldu, elə bu günlərdə həmin imperiya diktatoru Putinin özünü “torpaqlarımızın sahibi” kimi qələmə verdiyi, yaxın keçmişdə “Azərbaycan rəhbərliyinin nəinki keçmiş Dağlıq Qarabağın, həmçinin Kəlbəcərin və Laçının da rəsmən Ermənistanın yurisdiksiyasında qalmasına razı olması” təəssüratı və s. yaratdığı çıxışına, dolayısıyla elə onun  sözçüsü, “isteriçka” Zaxarovanın Ukraynanın işğal altındakı ərazilərində Moskvanın keçirdiyi qondarma, qanunsuz və saxta “seçki”ləri tanımayacağımız təqdirdə Kremlin də Yuxarı Qarabağı Azərbaycan ərazisi kimi tanımayacağı hədələrinə və s. cavab vermək yaddan çıxdı...  
 
Əcəba, bundan əvvəlki dövrlərdə bir ay Rusiyanı, ondan sonra İranı, ardınca Fransanı söyməklə düzəldikmi (və ya düzələcəyikmi?); korrupsiyadan, rüşvətdən, bir-birimizi qiymətdə, çəkidə aldatmaqdan, bir-birimizə güc göstərməkdən, işgəncə verməkdən ləzzət almaqdan, dükanlarımızda zərərli qidalar, apteklərimizdə saxta dərmanlar satmaqdan, əti, yağı, şəkəri süni bahalaşdırmaqdan, dələduzluqdan, saxtakarlıqdan, çoxüzlülükdən və s. əl çəkdikmi, çox şey demirik, beşcə dəqiqə yağış yağanda küçələrimizdəki selin qarşısını ala bildikmi?..
 
Yox, düzəlmədik, əyri, saxta əməllərdən əl çəkmədik və bu cür yanlış yollarla  getməklə, başqalarının gözündə çöp axtarınca öz gözümüzdəki tiri görməyincə, yəni öz nəfsimizə, tamahımıza, şəhvətimizə sahiblənməyincə, öz mənimizdəki, içimizdəki şəri məhv etməyincə düzəlməyəcəyik...
 
P.S. Məşhur bir ustad şairimiz demişkən: 
 
“Düzlük istəyənin ən əvvəl özü,
Əgər düz olmasa, vay o düzlüyə!..”
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər