"Priqojinin dul qadını Kryajeva qızlıq soyadını götürüb..."
"Putunin aşpazı"nın qohumları və işgüzar tərəfdaşları arasında onun bir milyard dollar sərvəti uğrunda savaş başlayıb..."
"Vaqner qrupu" özəl hərbi şirkəti sahibinin dul qadını Lyubov Priqojina öz soyadını dəyişmək qərarına gəlib.
Moderator.az xəbər verir ki, bu barədə Sankt-Peterburqun "Fontanka" ictimai-siyasi elektron qəzeti məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, Priqojinin dul qadını Kryajeva qızlıq soyadını götürüb. Qeyd edilir ki, məlumat sentyabrın 15-də üzə çıxıb, amma qadının soyadını nə zaman dəyişməsi bəlli deyil.
Jurnalistlər həm də məlumat verib ki, Sankt-Peterburqda Priqonin irsi barədə iş açılıb.
Ölüm tarixi 23 avqust 2023-cü il göstərilib, məhz həmin gün Tver vilayətində Priqojinin təyyarəsi qəzaya uğrayıb və bu tarix onun məzarı üzərində də qeyd edilib.
Açıq mənbələrdən bəllidir ki, "Konkord Keyterinq", "Konkord menecment və konsaltinq" açıq səhmdar cəmiyyətləri səhmlərinin 100 faizi, "Aurum" kinoşirkəti səhmlərinin 49 faizi və "Ritm" açıq səhmdar cəmiyyəti səhmlərinin 80 faizi Priqojinə məxsus olub. Analoji iş "Vaqner qrupu"nun komandiri Dmitri Utkinə də açılıb, nəşr yazıb.
Sentyabrın əvvəlində Rusiyanın "İzah edə bilərik" müxalif nəşri məlumat verib ki, həlak olan Priqojinin qohumları və işgüzar tərəfdaşları arasında onun bir milyard dollar sərvəti uğrunda savaş başlayıb.
Belə şirkətlərin bir hissəsi "Putinin aşpazı"nın həyat yoldaşına məxsusdur. Lyubov Priqojina Sankt-Peterburqun məşhur Yeliseyev tacirləri mağazasının sahibidir.
Bu köhnə qastronom şəhərin mərkəzində yerləşir (2022-ci ildə mağazanın gəliri 73 milyon rubl təşkil edib), o, həmçinin "Şokolad muzeyi" adlı butiklər şəbəkəsinin sahibidir (gəliri 2, 2 milyon rubldur).
Rusiyanın RTVI mediasının məlumatına görə, Priqojinin dul qadınının soyadının dəyişməsi ilə əlaqədar olaraq dəyişikliklər Sankt-Peterburqdakı "Şokolad Muzeyi" butiklər şəbəkəsinə toxunub, həmçinin Yeliseyevlər tacirlərinin hüquqi şəxslərinin vahid dövlət reyestrinin də məlumatları dəyişib.
Bundan başqa, Lyubov Priqojina öz soyadını "AQAT-A" şirkətinin sənədlərində də dəyişib, bu şirkət daşınmaz əmlakın icarəsi və idarə edilməsilə məşğuldur.