Əvvəlcə onu deyək ki, dünyanın bir çox ölkələrində repetitorluq xidmətinə rast gəlmək mümkündür. Amma bizlərdə bu artıq, əndzaəni aşmış şəkildə cərəyan etməkdədir. Uzun illərdir ki, məhz bu cür də davam edir. Repetitorluq məktəbə, tədris prosesinə dəstək olub, oradakı boşluqları doldurmaq əvəzinə tədrisi tamamilə sıradan çıxararaq, bütün şagirdləri özündən asılı vəziyyətə salmış oldu.
Bu gün ən vacib məsələ bu xidmət sahəsini leqallaşdırmaq, məktəb mühitini repetitorluğun kölgəsindən xilas etməkdir. Əks halda, biz gələcəyin uğurlu təhsilinə ümid edə bilmərik. Bunun üçün xüsusi proqram hazırlanmalı, bir neçə il üçün pilot məktəblər seçilməli, repetitorların xidmətini oradakı müəllimlər həyata keçirməlidirlər. Bundan əlavə, repetitorlar sahibkar kimi vergi öhdəçiliyinə cəlb edilməlidirlər.
İstər sosial şəbəkələrdə, istər media, istərsə də cəmiyyətdə repetitorluğa qarşı narazı ifadələr eşitmişik. Amma birmənalı pisləyən fikirlərin heç biri bu xidmət sahəsinin mahiyyətini aşağılamaq üçün deyilmir. Hamı anlayır ki, bəzi situasiyalar var ki, orada əlavə öyrətmə xidmətindən istifadə vacib və zəruri ola bilər. Necə ki, dünyanın təhsil baxımdan inkişaf etmiş ölkələrində də bu metoddan istifadə edilir. Əmin olun, narazılıq dolu ifadələr yalnız və yalnız repetitorluğun Azərbaycan modelinə olan münasibətə görədir. Bizdəki repetitorluq institutu özünü insanlar üçün az qala, hava-su funksiyası kimi təqdim edir. Yəni, repetitorlar olmasa, təhsilimizin heç bir inkişafı ola bilməz. Şagird heç bir nəticə qazanmaz. Bəli, bugünkü məktəb mühiti şagirdi universitetə hazırlaya bilmir. Amma onu bu hala salan həm də repetitorlar olmadımı?”
Bəs, bu zaman nə etməli? Necə edək ki, repetitorluq məktəbin nüfuzunu aşağı salmadan, sadəcə, əlavə yardımçı dəstək sahəsi kimi öz işini görsün? Bunun bir neçə yolu var. Ardıcıllıqla sadalayaq:
Öncə, orta ümumtəhsil müəssisələrinin tədris proqramı ilə ali məktəblərə qəbul imtahan proqramının uyğunluq dərəcəsinə xüsusi diqqət edilməlidir. Bu istiqamətdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (bundan sonra AR ETN) ilə, Dövlət İmtahan Mərkəzinin arasındakı qarşılıqlı işgüzar əlaqələr daha da inkişaf etməlidir. Adıçəkilən prosesə nəzarət etməkdən ötrü hər iki qurumun təmsilçilərindən ibarət xüsusi işçi qrupunun yaradılması çox vacibdir. Doğrudur, bu gün DİM hazırladığı test tapşırıqlarının tədris proqramına uyğunluğunu bildirsə də, bu yalnız məzmun etibarilə bu cürdür. Forma etibarı ilə suallar tamam başqa variasiyada, sırf DİM-in öz kitablarına, hazırlıq vəsaitlərinə uyğun formada hazırlanır.
Növbəti addım - Ali məktəblərə qəbul imtahanları üçün nəzərdə tutulan və abituriyent bazarında əsas rol oynayan hazırlıq vəsaitlərinin təkcə Dövlət İmtahan Mərkəzi tərəfindən deyil, AR ETN-in mütəxəssisləri tərəfindən də hazırlanmalıdır. Çünki ikinci tərəf məhz məktəbin, içində olduğu tədris proqramının təmsilçisi olaraq, şagirdlərin intellektual göstəricisini, mətnə yanaşmasını daha çox nəzərə alacaqdır.
Həmçinin, hazırlanan vəsaitlərin tədris proqramları ilə uyğunluq göstəricilərinin monitorinq olunması çox vacibdir.
Hazırda həm AR ETN və DİM nəzdində ayrı-ayrılıqda fəaliyyət göstərən dərsliklərin monitorinqi mərkəzlərinin fəaliyyətlərinin vahid mənbədən (yuxarıdakı bənddə təklif edilən işçi qrupu tərəfindən)idarə edilməsi vacibdir. Çünki tədris proqramının, hazırlıq prosesinin özəyi, əsas aparıcı qüvvəsi dərslikdir.
Repetitorlara tələbatı artıran bir başqa məsələ - test tapşırıqlarının, xüsusilə ali məktəblərə qəbul imtahanı testlərinin məzmunu ilə bağlı ciddi təhlillərin aparılması təklif olunur. Onların məzmununun ümumi təhsil proqramları ilə uzlaşmaması repetitorluq institutuna can verən ən birinci səbəbdir. Odur ki, bu uzlaşmaya xüsusi nəzarət əsas prioritet məsələ olmalıdır.
Və ən nəhayət, repetitorluqla məşğul olan müəllimlərin çalışdıqları orta ümumtəhsil müəssisələrindəki tədris keyfiyyəti yoxlanılması, dərs saatlarının azlıq və ya çoxluq göstəriciləri araşdırılması təklif olunur. Çünki aparılan tədqiqatlar və sorğular da sübut etmişdir ki, repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlərin məktəbdaxili tədris göstəriciləri o qədər də uğurlu olmamış, onlar bir növ, keçdikləri dərsi repetitorluğun kölgəsində saxlamışlar. Bu isə təhsilalanların bilik və bacarıqlarının inkişafına mane olan səbəblərdəndir;