"Biz bütün dünyada müharibə və münaqişələrin gətirdiyi çox böyük insan əzabları və neqativ təsirini dərin narahatlıqla qeyd edirik..."
"Qərb ölkələri yekun sənəddə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin qətiyyətlə pislənilməsinə israr etsə də, BRIKS ölkələri buna qarşı çıxıb..."
G20 liderləri Rusiyanı pisləmədən Ukrayna müharibəsini xatırladan Birgə Bəyannamə qəbul edib
"Böyük iyirmilik" (G20) ölkələrinin liderləri Nyu-Dehlidə keçirilən sammitdə Birgə Bəyannamə razılaşdırıb.
Moderator.az xəbər verir ki, bu barədə "unian.net" nəşri məlumat yayıb.
Liderlər BMT Nizamnaməsinə riayət etməyə və nüvə silahının tətbiq edilməsindən çəkinməyə çağırış edib.
Birgə Bəyannamədə Ukraynaya qarşı qanlı qəsbkar müharibə törədən Rusiyanın hərəkətləri pislənilmir.
Bunun əvəzinə qeyd edilir ki, müharibə insanlara əzab gətirib. Yekun sənədin ilk sətirlərindəcə deyilir:
"Biz bütün dünyada müharibə və münaqişələrin gətirdiyi çox böyük insan əzabları və neqativ təsirini dərin narahatlıqla qeyd edirik".
Bəyanatda həmçinin dünyanın bütün ölkələrinə BMT Nizamnaməsinə riayət etməyə və "əraziləri əldə etmək üçün və istənilən dövlətin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə qarşı hərəkətlər məqsədilə güc işlətmək təhdidindən və onun tətbiqindən çəkinməyə" çağırış ifadə edilib.
Eyni zamanda, bu çağırışlar hansısa müəyyən bir ölkəyə aid edilməyib, nə Rusiyanın, nə də başqa ölkələrin adları xatırlanmayıb.
Bəyanatda ayrıca olaraq qeyd edilir ki, "G20 geosiyasi və təhlükəsizlik problemlərinin həlli üçün platforma deyil", hərçənd, "bu problemlərin qlobal iqtisadiyyat üçün xeyli nəticələri ola bilər".
Liderlər həmçinin diqqəti ona cəlb edib ki, Ukraynada müharibə qlobal ərzaq və energetika təhlükəsizliyi, tədarüklər zənciri, makromaliyyə sabitliyi, inflyasiyalar üçün neqativ nəticələr yaradıb, bir sıra ölkələr üçün (inkişaf etməkdə olan, ən az inkişaf etmiş, hələ də COVİD-19 pandemiyasından və iqtisadi böhrandan özünə gələ bilməyən ölkələr) siyasi mühiti mürəkkəbləşdirib.
Bundan başqa, bəyanatda Ukraynada "ədalətli və möhkəm sülhü" təmin etmək üçün diplomatiyaya çağırış edilir və buna yönəlik təşəbbüslərə dəstək ifadə edilir.
"Münaqişələrin dünyəvi həlli və böhranların həll edilməsinə cəhdlər, həmçinin diplomatiya və dialoq kritik önəmlidir. Biz müharibənin dünya iqtisadiyyatına neqativ təsirinin aradan qaldırılması üçün birləşəcəyik və Ukraynada hərtərəfli, ədalətli və möhkəm sülhü müdafiə edən, BMT-nin millətlər arasında dinc, dost və mehriban qonşuluq münasibətlərinin inkişafı haqqında Xartiyasının bütün məqsəd və prinsiplərinə dəstək verən bütüb müvafiq və konstruktiv təşəbbüsləri alqışlayırıq", - yekun sənəddə deyilir.
Bəyannamədə Ukrayna və Rusiyadan taxıl, ərzaq məhsulları və gübrələrin təhlükəsiz ixracı üzrə Qara dəniz təşəbbüsünün gerçəkləşdirilməsinə çağırış edilib.
G20 Bəyannamələri- "Böyük iyirmilik" ölkələrinin 2022 və 2023-cü illərdə qəbul etdiyi yekun sənədlərin müqayisəsi
"Reuters" nəşri bu ərəfədə qeyd edib ki, yekun sənədin mətni G20-nin ötən il İndoneziyada qəbul edilən bəyannaməyə oxşar ola bilər.
Orada qeyd edilib ki, əksəriyyət ölkələrin Rusiyanı hərbi müdaxiləsinə görə pisləməsinə rəğmən, buna baxışlar müxtəlifdir.
Lakin BBC qeyd edir ki, Nyu-Dehli bəyannaməsini diqqətlə oxuyandan sonra yeni bəyanatda liderlərin "o qədər də güclü olmaması"nı anlamaq olar.
"Balidə iştirakçılar öz milli mövqeyini təsdiq edərək, "Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzü ilə bağlı qətiyyətlə təəssüf etdiyini ifadə edib", lakin vəziyyətə və sanksiyalara başqa baxışlar və dəyərləndirmələrin olduğunu da qeyd edib.
Dehli Bəyannaməsində Rusiya müharibəyə görə birbaşa tənqid edilmir. Lakin orada "insan əzablarından və Ukrayna müharibəsinin qlobal ərzaq və energetika təhlükəsizliyi baxımından əlavə neqativ nəticələrindən" söhbət gedir. Həmçinin qeyd olunur ki, "vəziyyətə digər baxışlar və dəyərləndirmələr də olub", - nəşr yazır.
Hindistan XİN rəhbəri Subramanyam Cayşankar iki bəyannamə arasında fərqlərin Rusiyanı birgə bəyannaməni imzalaması üçün yola gətirmək cəhdləri olub-olmaması sualına cavabında deyib:
"Bali Balidir, Nyu-Dehli Nyu-Dehlidir. Bali bir il öncə olub, o zaman vəziyyət başqa olub. O zamandan çox şeylər baş verib".
Yekun sənəd gərgin danışıqlardan sonra qəbul edilib. Qərb ölkələri Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsini qətiyyətlə pislənilməsinə israr edib.
Lakin digər ölkələr (BRIKS bloku ölkələri) diqqəti daha geniş iqtisadi məsələlərə yönəltməyi tələb edib", - "Reuters" agentliyi yazıb.
"Politico" qəzeti qeyd edib ki, sənədin müzakirəsində Rusiya XİN rəhbəri Sergey Lavrov da iştirak edib.
O, Bəyannaməyə Qərbin sanksiyalarının tənqidi barədə fikirlərin əlavə edilməsinə cəhd etsə də, uğursuzluqla yekunlaşıb.