“Hətta Rusiya Ukrayna savaşında tam uduzub yalnız Moskva vilayətindən ibarət oluncaya parçalansa belə, digər bir sıra ölkələr kimi, Azərbaycanda o qədər şantaj altında gözükölgəli adamlar var ki, onlar yenə də müticəsinə Kremlin təxribatçı əmrlərini icra edəcəklər..."
-3 CÜMLƏ İLƏ BİR TÖVSİYƏ...-
Hər dəfə haylarla növbəti genişmiqyaslı savaşa hazırlıq haqda söz-söhbət yarananda Azərbaycan xalqının xeyli hissəsində inam yaranır ki, artıq bu dəfə həm Ermənistanda, həm Qarabağda bizə qarşı vuruşanların sonuna çıxacağıq və hərbi əməliyyatlar ən azı uzun illər üçün bitəcək...
Kimsə bizi xalqı ruhdan salmaqda suçlamağa qalxmasın, amma, təəssüf ki, ən azı, son 3 ilə yaxın dövrün, yəni 44 günlük savaşımızdan bəriki zamanın təcrübəsi göstərir ki, bu, yanlış təsəvvürdür...
Çünki “çar Rusiyası”, “SSRİ” adlı imperiyalar dövründə həyatımızın bütün sahələrinə siraət etməklə güclü bünövrəsi olan və müstəqilliyimizin 32 ilində də güc strukturlarımıza da, ordumuza da nüfuz edən Rusiya kəşfiyyat və agenturası həm siyasi, həm diplomatik, həm də hərbi sahələrdə hər cür təxribatlar törətməklə, Qərb, ABŞ, Avropanın moderatorluq etməyə çalışdığı sülh danışıqları prosesini pozmaqla Güney Qafqazda, xüsusən də Azərbaycanda öz mövcudluğunu saxlamaq üçün “müstəqil, azad artsax”, “böyük ermənistan” və xəstəlikərinə yoluxdurduqları bədbəxt ermənilərlə savaşımızı davam etdirəcək...
P.S. Heç kəs bu yazımızı ümumən ruslara nifrət aşılanması kimi yozmasın. Söhbət bütövlükdə ruslardan yox, əsrlərlə bu toplumun özünü də bədbəxt günə qoyan hakim zümrələrdən, onların mənasız imperiya maraqları naminə digər ölkələrə, o cümlədən Azərbaycana qarşı keçmişlərdə birbaşa, indi də gizli – kəşfiyyat, agentura səviyyəsində qurduqları qurumlardan gedir ki, onlara qarşı davamlı mübarizə aparılmasa, müstəqilliyimiz daim təhdid altında olar. İkinsici də ən uca ilahi, islami dəyərlər baxınından, Qurani-Kərim prizmasından, Peyğəmbərimizin(s.ə.s.) yanaşsaq, nəinki ruslara, heç haylara, ermənilərə də nifrət aşılamaq doğru deyil. Dəfələrlə dediyimiz kimi, ilk növbədə öz nəfsimizə, tamahımıza, Azərbaycana bizə nifrət bəsləyən adi bir rusdan da, ermənidən də çox zərər, zərbə vuran nəfsinə, tamahına uymuş korrupsioner, rüşvətxor, dələduz, saxtakar məmur və biznesmenlərimizin əməllərinə nifrət etməliyik. Məgər son oniliklərdə tanıdığımız rüşvətxor, korrupsioner nazirlər, generallar, icra başçıları, rəislər, hakimlər, prokurorlar, müəssisə, məktəb direktorları, xalqa saxta, qiymətləri onqat artırılmış dərmanlar sırıyan aptek müdirləri və s.- hamısı erməni, rus, yaxud “PKK”-çı-filandır?..
P.P.S. Bir sıra oxucular da deyə bilər ki, artıq Rusiyaya, onun ölkəmizdəki rezidentura, agentura şəbəkələrinə qarşı ciddi mübarizə aparmağa dəyməz. Çünki Ukraynaya təcavüzündən sonra nəhəng hərbi-siyasi bataqlıqda çabalayan bu imperiya tezliklə parçalanıb yer üzündən silinəcək... Gəlin özümüzü yenə də aldatmayaq. 300 illik Rusiya imperiyası düşündüyümüz qədər də asanlıqla çökən, bitən deyil. Çünki onun son onilliklərdə milyardlarla neft-qaz pulları, həm də hər ölkədəki xəyanətkarlar, korrupsionerlər hesabına qurduğu böyük-böyük agentura, kəşfiyyat şəbəkələri var... O cümlədən Güney Qafqazda...
Digər tərəfdən, hətta Rusiya Ukrayna savaşında tam uduzub yalnız Moskva vilayətindən ibarət oluncaya parçalansa belə, digər bir sıra ölkələr kimi, Azərbaycanda o qədər şantaj altında gözükölgəli məxluqlar var ki, onlar yenə də müticəsinə Kremlin təxribatçı əmrlərini icra edəcəklər... Ona görə də nə qədər çətin olsa da, bu imperiyanın agentura şəbəkələrini, xəyanətkarları ifşa edib cəzalandırmaq üçün milli(!) dövlət var gücü ilə çalışmalıdır....
Xülasə, ətraflı, qlobal düşünək və ilk növbədə özümüzü dəyişməyə çalışaq...
Allah dövlətimizi, xalqımızı, ordumuzu, döyüş mövqelərində, sərhədlərimizdəki, hər bir hərbçimizi, əsgərimizi qorusun!..
Sultan Laçın