“Qərbi Azərbaycana qayıdışın təminatına mane olacaq əsas hüquqi aktlar ləğv edilməlidir...”
Ekskluziv
2014
25 Aug 2023 | 15:15

“Qərbi Azərbaycana qayıdışın təminatına mane olacaq əsas hüquqi aktlar ləğv edilməlidir...”

“1918-ci ildə artıq qurulmuş olan Ermənistan dövlətinin əsas əhalisi statusuna malik olmaq üçün imkanlar olsa da, yenə hazırlıq səviyyəsinin aşağılığından bu dövlətdə əsas etnik ünsürə çevrilə bilməmişik...”
 
Son illər  ölkə rəhbərliyi səviyyəsində  Qərbi Azərbaycandan didərgin olan soydaşlarımızın hüquqlarının bərpasından, yəni onların öz doğma dədə-baba yurdlarına qayıdışından çox bəhs edilir. Bu ideya ətrafında müxtəlif qurumlar yaradılır. Bəs görəsən, soydaşlarımızın hazırda “Ermənistan” adlanan yurdlarına gələcək qayıdışı üçün görülən işləri doğrudan da real perspektivli addımlar saymaq olarmı? Bəzi şərhçilər iddia edir ki, artıq bu istiqamətdə gerçəkdən real addımlar atılıb, bir qismi isə hesab edir ki, hələ gerçək addımlardan danışmaq tezdir...
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı bunları söyləyib:
 
“Fikrimcə, hər hansı addımı atarkən biz millət olaraq tarixdən dərs çıxarmalıyıq. Tariximizə nəzər salmalı olsaq, görərik ki, baş verən tarixi gedişatların çoxuna bir xalq olaraq hazır olmamışıq və təəssüf ki, bu bəzən millətimizin gələcək taleyində acı izlər buraxıb, bəzi hallarda isə bizi  ümidsizliyə düçar edib.  Azərbaycanlılar öz tarixi vətənində - Qərbi Azərbaycanda təqiblərə məruz qalarkən, onlar bu torpaqlardan sıxışdırılıb çıxarılarkən düşmənlərimizin planlarından vaxtında xəbərimiz olmayıb və önləyici tədbirlər görmək imkanından mərhum olmuşuq. Bizim dədə- baba torpaqlarımıza ermənilər  köçürülərkən  də, burada bir erməni dövləti qurmaq planları həyata keçirilərkən də önləyici tədbir və planlara malik olmamışıq. Çünki  siyasi, tarixi və demoqrafik proseslərə vaxtında hazırlanmamaşıq. 1918-ci ildə artıq qurulmuş olan Ermənistan dövlətinin əsas əhalisi statusuna malik olmaq üçün imkanlar olsa da, yenə hazırlıq səviyyəsinin aşağılığından bu dövlətdə əsas etnik ünsürə çevrilə bilməmişik. Bunları erməni  dediyimiz həmin qrup yaxşı bilib və zaman içərisində  bu zəifliyimizdən istifadə edib. Nəticədə Ermənistan SSR dövründə deportasiyalar, sürgünlər dövlət səviyyəsində həyata keçirilib və ölkənin əsas əhalisi, yəni Azərbaycan türkləri ölkədən çıxarılıb”. 
 
Ermənişünas alim hesab edir ki,  Qərbi Azərbaycana qayıdışın təmin olunması üçün ilk addımlardan biri bu prosesin hüquqi əsaslarının yaradılmasıdır.
 
“Bütün faciələrə, zülm və çətinliklərə rəğmən, Azərbaycanda hər zaman Qərbi Azərbaycandakı tərk edilmiş torpaqlara geri dönüş ideyası olub və bu ideyanın daşıyıcıları öz vətənlərini nə vaxtsa işğaldan azad edəcəklərinə və buraya geri dönəcəklərinə inanıblar. İndi buna dövlət səviyyəsində, ölkə başçısının birbaşa təsiri ilə ilə əhəmiyyət verilməsi həmin ideyanın bir gün reallaşacağına işarədir. İrəvan Türk Cümhuriyyəti də bu addımları təqdir edir... 
 
Qərbi Azərbaycana dönüşlə bağlı hər hansı planı həyata keçirərkən öncə tarixdə baş verənləri , onların səbəblərini, deportasiya və sürgünlərin hüquqi tərəflərini təhlil etməliyik.  Mənə elə gəlir ki, qayıdışın təmin edilməsinə mane olacaq əsas hüquqi aktlar- 1918-ci ildən başlayaraq verilən bütün qərarlar ləğv edilməlidir. Bunu isə qanunvericilik orqanı etməlidir.  Məsələn, 23 dekabr 1947-ci ildə SSRİ Nazirlər Sovetinin  Ermənistan SSR-dən azərbaycanlıların Azərbaycana köçürülməsi ilə bağlı verdiyi qərar ləğv olunmasa,  bizim Vətənə dönüşlə bağlı əl-qolumuz bağlı qalacaq. Ermənilərin üstünə həm hüquqi, həm də siyasi olaraq basqı ilə gedilməlidir. Bölgədə bizim demoqrafik üstünlüyümüz var və bu da önəmli faktordur. Amma  hər şeyə rəğmən bu fikirdəyəm ki, ədalətsizcəsinə və heç bir əsas olmadan Qərbi Azərbaycan ərazilərində yaradılımış bu süni erməni dövləti ortadan qalxacaq və biz nə vaxtsa  öz torpaqlarımızın sahibinə çevriləcəyik”,- deyə Qafar Çaxmaqlı ümidini ifadə edib.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər