"Təcavüzkarın qanunsuz tələblərini təmin etməklə uzunmüddətli sülhə nail olmaq mümkün deyil..."
Kiyevdə Krım platformasının üçüncü sammiti başlayıb
Avqustun 23-də Kiyevdə Krım platformasının üçüncü sammiti keçirilib, tədbirdə 63 ölkə və təşkilat iştirak edib.
Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşri yazıb.
Krım platforması Ukrayna tərəfinin təşəbbüsü ilə yaranan beynəlxalq danışıqlar formatıdır, məqsədi 2014-cü ildən Rusiyanın nəzarətinə keçmiş Krım yarımadasının işğaldan azad edilməsidir.
Sammitə Ukrayna prezidenti Vladimir Zelenski sədrlik edib, diskusiyaların moderatoru qismində Ukrayna XİN rəhbəri Dmitri Kuleba çıxış edib.
Kuleba məlumat verib ki, iki il öncə Krım platformasının birinci sammitində 48, ikincinsində 60 iştirakçı olub.
Bu il format daha da genişlənib və ona Bəhreyn, Serbiya, Şərqi Timor, Birləşmiş Ərəb Əmirlikləri, habelə bir neçə təşkilat, o cümlədən YUNESKO və Ümumdünya Turist Təşkilatı qoşulub.
"Bizim kollektiv məqsədimiz dəyişməz qalır, bu da Krımın işğaldan azad edilməsinə doğru irəliləməkdir. Və bunu Ukraynanın bütün müvəqqəti işğal edilmiş əraziləri üçün etməkdir", - Kuleba deyib.
Sonradan Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib ki, üçüncü Krım plarformasında 63 ölkə və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
"Hər il iştirakçıların sayı daha da çoxalır, işğalın beynəlxalq hüquqa, insanlara qarşı cinayət olduğu barədə qlobal razılıq daha da artır.
Bu, təkcə Ukrayna üçün deyil, sərhədləri düşmən müdaxiləsi təhlükəsi altında ola biləcək bir çox ölkələr üçün vacibdir, - prezident deyib. - Krım Ukraynanın işğal altında olan digər hissələri kimi işğaldan azad ediləcək",- Zelenski deyib.
Sammit qarışıq formatda keçib. Bəzi xarici liderlər sammit iştirakçılarına videomüraciət yazıb, bir hissəsi "on-line" formatda iştirak edib, sammitdə şəxsən iştirak edənlər Litva, Portuqaliya, Macarıstan prezidentləri, Finlandiya və Moldovanın baş nazirləri olub.
Macarıstanın prezidenti Katalin Novak öz çıxışında qeyd edib ki, Macarıstan Rusiya qoşunlarının Ukraynaya hərbi müdaxiləsini pisləyir və Ukraynada hərbi cinayətlər araşdırılmalıdır. Bundan başqa, o, deyib ki, Macarıstan sülh danışıqlarında vasitəçi olmağa hazırdır.
"On-line" formatda sammit iştirakçılarına Türkiyə, Fransa, Polşa, Gürsüctan prezidentləri, Kanada, Yaponiya baş nazirləri, ABŞ Dövlət katibi, Almaniya XİN rəhbəri, habelə BMT-nin baş katibi müraciət edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında vurğulayıb ki, Türkiyə ilk gündən Krımın ilhaqını tanımır və Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək verir.
Krım-tatar xalqının lideri Mustafa Cəmilov sammit iştirakçılarına Ukrayna prezidentinin o cümlədən Krımın işğaldan azad edilməsini nəzərdə tutan 10 bənddən ibarət sülh planına dəstək verməyə çağırış edib.
Cəmilov vurğulayıb ki, təcavüzkarın qanunsuz tələblərini təmin etməklə uzunmüddətli sülhə nail olmaq mümkün deyil.
"Krımın tez bir zamanda işğaldan azad edilməsi xüsusilə köklü Krım xalqı, Krım tatarları üçün vacibdir, çünki onlar üçün bu, sağ qalmaq və bundan sonra inkişaf etmək və ya millət kimi tamamilə yox olmaq məsələsidir", - Cəmilov deyib.