Əraziyə müvəqqəti(!) yeridilmiş Rusiya “sülhməramlı” kontingentinin himayəsində Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun bir hissəsinə faktiki başçılıq edən baş separatçı Arayik Arutyunyan dünən – avqustun 22-də qondarma “təhlükəsizlik şurası”nın iclasında Ağdam-Xankəndi yolu ilə ticarətin aparılması barədə qərar qəbul edildiyini bildirib.
Moderator.az xəbər verir ki, “Hraparak”ın yaydığı məlumata görə, Araik həmin qərarı kimlərin və harada qəbul etdiyi barədə ətraflı məlumat verməyib.
Erməni nəşri xatırladır ki, “iyul ayında Brüsseldə Avropa Şurası rəhbəri Şarl Mişel Azərbaycanın Ağdam vasitəsilə Dağlıq(keçmiş-S.L.) Qarabağa humanitar dəhliz verilməsi təklifini alqışlamışdı. Bu, BMT Təhlükəsizlik Şurasının sessiyasında da müzakirə edilib və Ermənistan hakimiyyəti buna qarşı çıxmayıb...
İndi artsax prezidenti(qondarma-S.L.) məsələni müzakirəyə çıxarmır, reallıq kimi təqdim edir. Bu qərarın müqavimətə səbəb olacağı proqnozlaşdırıldığı üçün əvvəlcədən Karen Matevosyanın başçılığı ilə “milis”(“xalq müdafiə dəstələri-S.L.) “hərəkatı” təşkil edilib. Həmin silahlı dəstə tezliklə Əsgəranda Ağdam yoluna qoyulan səddi sökməyə çalışacaq”.
Qəzetin yazdığına görə, Arayik Arutyunyan iclasda bildirib ki, həmin yoldan ticarət “qismən” olacaq. Belə ki, Yuxarı Qarabağın hayklar məskunlaşdırılmış hissəsinə tikinti materialları, dizel yanacağı, dərmanlar daxil olacaq, ərzaq isə Rusiya “sülhməramlı”ları vasitəsilə Laçın yolu ilə gətiriləcək. “Lakin bu, Laçın yolunun tam işlək olacağı anlamına gəlmir. Artsax sakinlərinin hərəkəti məhdudlaşdırılacaq”,- nəşr belə yazır..
“Hraparak” iddia edir ki, Arutyunyan Azərbaycandan alınacaq qaz və elektrik enerjisi məsələsinin də növbəti mərhələdə müzakirə edilməsinin nəzərdə tutulduğunu bildirib.
“O, təqdim etdi ki, Azərbaycan güzəştə(guya) gedir və bunun müqabilində Ağdam-Əsgəran-Stepanakert-Şuşa yolunun istismara verilməsini tələb edir. Söhbət Artsaxda “nənə və baba” heykəlinin altından keçən məşhur dolama yoldan gedir. Bu məsələləri təşkil etmək üçün yaxın vaxtlarda Azərbaycan tərəfi ilə yenidən görüşəcəklərini qərara alıblar. Mənbələrimiz bildirir ki, Samvel Babayan da TŞ-nin iclasında iştirak edib, parlament qüvvələri isə dəvəti rədd edib”- deyə Ermənistan qəzeti yazır.
Sultan Laçın