"Ukrayna Qərbi dünya tarixindən silinməkdən xilas edib və ona öz simasını qoruyub saxlamağa kömək edib..."
"Nüvə silahını tətbiq etmək üçün onlarla zabit gərəkdir, onların hamısı eyni vaxtda ağlını itirə bilməz ki..."
İşğalçı ölkənin prezidenti Vladimir Putin 15 il ərzində Qərblə münasibətlərində nüvə şantajından uğurla istifadə edib, Ukrayna olmasaydı, bu taktika 2022-ci ildə də işləyəcəkdi.
Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində ABŞ-da yaşayan rusiyalı politoloq və publisist Andrey Piontkovski bəyan edib.
Piontkovskinin fikrincə, Ukrayna Qərbi "dünya tarixindən silinməkdən" xilas edib və ona öz simasını qoruyub saxlamağa kömək edib.
"Putinin müharibəni necə başladığını xatırlayırsınızmı? NATO-nun 30 ölkəsinə ultimatum verməklə: "Şələ-şülənizi götürün və cəhənnəm olun!". Və o da, gerçəkdən, Amerika kəşfiyyatı da tamamilə əmin idi ki, Kiyevi yeddi günə ələ keçirəcək.
Və o, Ukraynadan bıçağın yağı kəsdiyi kimi keçəcək, Polşa ilə Baltikyanı arasında dayanacaq, özünün nüvə alətilə əl-qol ataraq təkrar edəcək: "Cəhənnəm olun!".
Biz hamımız Qərbin o zamankı halını xatırlayırıq, heç indi də onun halı ideal deyil. Mən Qərbin o zaman nüvə şantajının təsirinə düşməsinə, demək olar ki, əminəm", - publisist qeyd edib.
O, vurğulayıb ki, Putin hər zaman SSRİ-nin "soyuq müharibə"də məğlubiyyətinə görə revanş götürmək istəyib.
"Sual olunur: Qərbdən bütün parametrlər üzrə - iqtisadiyyatda, sivillikdə, silahlanmada geridə qalan dövlət bu müharibədə necə qalib gəlməyi düşünüb? Çox sadə səbəbdən - nüvə şantajı ilə. Və 15 il o, bu müharibəni udub", - rusiyalı politoloq bəyan edib.
Piontkovski əmindir ki, məhz Putinin nüvə silahını tətbiq etməsi təhdidləri səbəbindən dünya Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı təcavüzünə, 2014-cü ildə Krımın ilhaqına və Donbasa müdaxiləsinə göz yummalı olub.
Və yalnız Rusiyanın tammiqyaslı hərbi müdaxiləsindən sonra Ukraynanın müqaviməti və lokal qələbələrindən sonra Qərb bir qədər "özünə gəlib".
Batsman deyib ki, son zamanlar Rusiya nüvə təhlükəsi mövzusunu qabartmır və həmsöhbətindən Putinin Qərbin təzyiqlərindən nüvə silahının tətbiqi ideyasından imtina etməsi və ya bu ideyaya dönəcəyi və gerçək təhlükənin qalması ilə bağlı sualı cavablandırmağı xahiş edib.
"Mən vurğulamaq istəyirəm: bu, şantajdır, boş şantajdır. Bir sıra səbəblərdən o, bunu edə bilməz. Birincisi, bu, müharibənin gedişində heç nəyi dəyişməyəcək.
Yaxşı, tutaq ki, o, belə bir dəhşətli cinayətə əl atacaq, Ukrayna şəhərlərinin birini məhv edəcək. Ukrayna bəyəm daha müqavimət göstərməyəcək, Qərb də kömək etməyəcək?" - politoloq sual edib.
O, əlavə edib ki, burada texniki aspekt də var, Kreml rəhbəri şəxsən nüvə zərbəsi endirə bilməz.
"İkincisi, onun nüvə düyməsi yoxdur, bu, metaforadır. O, düyməyə basa bilməz. Bunun üçün onlarla zabitin iştirakı lazımdır. Onların hamısı eyni vaxtda ağlını itirə bilməz ki", - publisist güman edib.
Piontkovski bəyan edib ki, burada 2022-ci ildə Rusiya ilə izahat işi aparan Qərbin də xidmətlərini danmaq olmaz", - bu da üçüncü səbəbdir.
"Təxminən oktyabr ayında amerikalılar Rusiyanın ali rəhbərləri ilə söhbətlər aparıb və Putin tərəfindən nüvə silahının tətbiq edilməsinın ardınca nə baş verəcəyini çox dəqiqliklə bəyan ediblər.
Sadəcə, bəyan edilib ki, belə olacağı təqdirdə Rusiyanın Ukraynada ordu qruplaşması NATO ərazisindən konvensional silah tətbiq edilməklə
büsbütün külə çevriləcək. Və Putinə deyilib ki, bu halda o, sadəcə, öldürüləcək", - publisist sözlərinə yekun vurub.