“Həmişə mənəviyyatı maddiyyatdan üstün tutmuşam...” -Maksim Musayev -85...
2057
18 Aug 2023 | 14:59

“Həmişə mənəviyyatı maddiyyatdan üstün tutmuşam...” -Maksim Musayev -85...

Bir dəfə də olsun, orden, medal almamışam, almağa könlüm də yoxdur...”

“Məni yalnız dövlətimin, vətənimin, xalqımın, övladlarımın, nəvələrimin gələcəyi düşündürür...”

“Köçəryan Xankəndindəki kombinatda işləyəndə bizə xidmət göstərirdi...”

“Hətta mənə Xankəndindəki Dram Teatrında xüsusi hökumət lojası ayırmışdılar ki, teatr tamaşalarına baxıb onların mövzusunu, ideyasını təhlil edim... Ermənilər o zaman nə baş verəcəyini bilirdilər. Və deyirdilər: “Maksimcan, bunun axırı əvvəl-axır müharibə olacaq. Sən bizimkiləri tanımırsan...”
“O çıxdı siqaret çəkməyə, mən isə Prezident kürsüsündə əyləşib başladım nazirlə danışmağa...”

Azərbaycanın son 30-35 illik kifayət qədər mürəkkəb, ağır, ziddiyyətli tarixində əvvəldən tutduğu həm mənəvi,  həm də xalqın, dövlətin bu günü, gələcəyi üçün doğru olub-olmasından asılı olamayaraq siyasi mövqeyinə daim sadiq qalan, prinsipial, istər deputat, istərsə də dövlət məmuru kimi çalışdığı dövrlərdə bir çoxlarından fərqli olaraq vicdanlı, fədakar bir insan kimi tanınmış Maksim Musayevin bu gün – 18 avqust doğum günüdür. Yaşasaydı, 85 yaşı tamam olacaqdı...

Tale elə gətirdi ki,  rəhmətliklə 2013-cü ildə telefon vasitəsilə tanış olduq. Elə Maksim müəllimdən ilk müsahibəmi də həmin il iyunun 12-də götürdüm. “Həftə içi” qəzetinin özümün müəllifi olduğum “Labirint” layihəsi üçün...

Sonradan Moderator.az saytında da sabiq deputatın çoxsaylı açıqlamalar, müsahibələrini təqdim etdim, həmçinin özünün müəllifi olduğu kitablardan siyasi gündəmə uyğun maraqlı parçaları, xatirələri dərc etməyə başladıq. Maksim müəllimin yazı və açıqlamalarında əsas hədəfi öz siyasi, ideoloji, mənəvi əqidəsinə dönük adamlar, ölkədə korrupsiyaya, rüşvətxorluğa şərait yaradan yüksək rütbəli məmurlar və ən başlıcası, Azərbaycan xalqına, türk dünyasına düşmən kəsilmiş xəstə ermənizm ideologiyası idi. Erməni dilini yetərincə bildiyindən mütəmadi olaraq Ermənistanın və Xankəndindəki telekanalların ictimai-siyasi verilişlərinə baxır və bunlarla bağlı da bizə açıqlamalar verirdi... Ermənilərin Azərbaycana qarşı siyasi fəaliyyəti haqda bir neçə dəfə saytımızın rus versiyasına da məqalələr vermişdi Maksim müəllimin...

Xatirəmizdə indiki dövrdə barmaqla sayılası gözəl insan, daim milli dövlətçilik mövqeyində dayanan millətsevər, vətənpərvər bir ictimai xadim kimi qalmış Maksim Musayevin xatirəsi münasibəti ilə onunla haqqında bəhs etdiyim ilk müsahibəmin ən maraqlı məqamlarını Moderator.az oxucularının diqqətinə çatdırırıq: 

“...“Çauşeskunun son sözü ”Lənətə gəlmiş Qarabağ!” olub...”

12.06.2013. “Həftə içi”qəzeti, hafta.az
 
Yeni qonağımızın tərcümeyi-halında doğum tarixindən üzü bəri o qədər maraqlı məqamlar var ki... Atası vaxtilə Ermənistan SSR-nin rəhbər şəxslərindən biri olub. Özü isə üç ölkədə ali təhsil almaqla gözəl kənd təsərrüfatı mütəxəssisi kimi yetişib. Və komsomoldan tutmuş Mərkəzi Komitəyə qədər yüksəlib. Qaxda I katib işləyərkən kombayn sükanı arxasına əyləşib kombaynçılara taxıl biçmək dərsi keçib. Rusiyanın keçmiş baş naziri Viktor Zubkovla tələbə yoldaşı olub. Ermənistanın sabiq prezidenti Köçəryan vaxtilə onun xidmətində durub. 1992-ci ildə qısa müddətə olsa da, prezident kürsüsündə də əyləşib...

Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak etmiş, həmin qurumun təsis konfransında çıxış etmiş üç nəfərdən hazırda həyatda qalmış yeganə şəxs, Milli Məclisin sabiq deputatı Maksim Musayev 75 yaşında olmasına baxmayaraq, “Labirint”in dolanbac yollarında 2 saatdan çox yorulmadan dolaşdı...

- Maksim müəllim, təvəllüdünüzdə (18.08.1938) 3 ədəd 8 rəqəmi var, rəqəmlərin ayrı-ayrı cəmi də 38 edir... Bununla maraqlanmamısız ki?

- Bu barədə övladlarım da çox soruşur məndən... Düzü, dərindən maraqlanmamışam. Maraqlıdır ki, övladlarımın üçü də müxtəlif illərin 12 iyul tarixində anadan olublar...

- 1958-ci ildə Ermənistanın Vedi rayonunda Kommunist Partiyasının (KP) təlimatçısı kimi işə başladınız... Səmimi deyin, kommunizm ideyalarına, Leninə məhəbbətiniz var idimi?

- Heç bir vaxt Kommunist Partiyasının üzvü olmaq fikrində olmamışam. Çünki o vaxt heç partiya nə olduğunu da anlamırdım. Ancaq atam – Talıb Musayev Ermənistan KP Mərkəzi Komitəsinin (MK) üzvü, Ermənistan Ali Sovetinin həm deputatı, həm də sədr müavini olubdu. Həmişə beynimə yeridirdi ki, sovet sistemində inkişaf etmək üçün mütləq kommunist olmalısan. Mən isə bunu qəbul etmirdim. Nəhayət, bir gün dedi ki, Kommunist Partiyasının işində yaxşı nə varsa, onları Quran ayələrindən götürüblər. Atam həqiqətən əski ərəb əlifbasını da bildiyi üçün Quranı da oxuya bilirdi. Bundan sonra mən kommunist olmağa razılaşdım... İndi Allahın işinə bax ki, KP dağılandan sonra biz Yeni Azərbaycan Partiyasını yaratdığımız zaman mən düşdüm atamın üstünə ki, gəl bizim partiyanın üzvü ol. O da imtina etdi ki, yox, mən yalnız bir partiyanın üzvü olmuşam... Sonra dedim ki, bu partiyanı Heydər Əliyev Azərbaycanı xilas etmək üçün yaradır. Bundan sonra kişini razı sala bildim. Atam Heydər Əliyevi yaxından tanımasa da, Əziz Əliyevlə Moskvada bir oxumuşdu, onu özünə ideal sayırdı...

- İllərlə ermənilərlə yanaşı yaşamısız, işləmiş bir insan kimi onlar haqqında fikriniz...

- Bu günə qədər də erməni siyasəti ilə maraqlanmışam. 1964-cü ildə Bakıya gələndə MK-da erməni və rus dilini mükəmməl bildiyimi öyrənib, məni Respublika Komsomolunda, sonra işə KP MK-da işə götürdülər. Dağlıq Qarabağdan(DQ) üç dildə: azərbaycanca, rusca, ermənicə sənədlər gəlirdi. Ermənicə sənədləri mən oxuyurdum. O zaman DQMV KPMK-nın I katibi Boris Gevorkovun partiyadan çıxarılmasının əsas səbəbi mənim Dağlıq Qarabağla bağlı verdiyim arayışlar oldu... Hazırda ermənilər haqqında kitablar yazıram, biri artıq çapdan çıxdı: “Ermənilər Amerikada”. Üç kitabı da çapa hazırlayıram. Ona görə də mən həm kitabxanalarda erməni ədəbiyyatını oxuyub lazım olanı tərcümə edirəm. Həm də gündəlik bütün erməni kanallarını izləyirəm. Yəni erməni tarixi, erməni dini, erməni mentaliteti barədə kifayət qədər məlumatlıyam. Ancaq təəssüf ki, bizdə ermənişünaslığı öyrənən dürüst bir mərkəz yoxdur. Məncə, bütün ali məktəblərimizdə ermənişünaslıq fakültəsi olsa, yaxşıdı. Çünki düşmənə qalib gəlmək üçün onu düzgün tanımaq lazımdı. Onu da deyim ki, müşahidələrimə görə, ermənilərin hazırda iqtisadiyyatı çox ağır vəziyyətdədi. Rusiya da iyunun 1-dən qazın qiymətini qaldırıb, mitinqlər başlayıb. Bu amillər onları, məğlub duruma gətirib çıxaracaq, inşallah...

- Qarabağın işğalı başlayandan sonra xarici səfərlərinizdə heç tanış ermənilərlə rastlaşmısız? Onlar arasında səmimi danışanı var idimi?

- 1988-ci ildə Qaxda birinci katib idim... Artıq Ermənistanda azərbaycanlılar qətlə yetirilərkən MK-nın II katibi Konovalovun qəbuluna girib dedim ki, orada yaşamışam, dillərini də bilirəm, xahiş edirəm məni göndərin ermənilərlə danışıqlar aparım. Onda mənə bir neçə nəfər köməkçi verdilər və mən respublika rəhbərliyini təmsil edən bir şəxs kimi getdim Ermənistana. Görüşdüyüm tanış ermənilər dedilər ki, bu məsələni Qarabağ erməniləri başlayıb. Onları xaricdən qızışdırıb bizi pis günə salıblar...
Qarabağ erməniləri də axırda gətirildi Ermənistanda hakimiyyətə. Məsələn, Köçəryanı yaxşı tanıyırdım. Mən respublika komsomolunda çalışarkən o, Xankəndində kombinatda işləyirdi. Köçəryan o zaman bizə xidmət göstərirdi...

-Nə mənada xidmət göstərirdi. Yemək-içmək mənasında, yoxsa?..

- Bu məsələni uzatmayaq, açıb-ağartmayaq... Serjik Sərkisyanı da tanıyırdım. O zaman şəhər partiya komitəsində işləyirdi... 70-ci illərdə komsomolda, MK-da kənd təsərrüfatı üzrə işləsəm də, məni müxtəlif tapşırıqlarla Dağlıq Qarabağa göndərirdilər. Sonradan mənə aydın oldu ki, o zaman Xankəndinin “KQB”si Azərbaycana yox, birbaşa Moskvaya işlədiyindən Heydər Əliyev DQ-da gedən prosesləri öyrənmək üçün belə bir sistem tətbiq edib ermənicə bilən gənclərdən yararlanırmış... Məsələn, mənə deyirdilər ki, sən ildə 160 gün olmalısan Xankəndində Vilayət Partiya Komitəsində, komsomolun iclaslarında iştirak etməlisən, muzeylərə gedib eksponatlara baxmalısan. “Sovetakan Krabax” qəzetinin erməni dilində çıxan variantını rusca müqayisə etməliydim. Bəzən fərqlər olurdu və mən bunu arayışda qeyd edirdim. Hətta mənə Xankəndindəki Dram Teatrında xüsusi hökumət lojası ayırmışdılar ki, teatr tamaşalarına baxıb onların mövzusunu, ideyasını təhlil edim... Ermənilər o zaman nə baş verəcəyini bilirdilər. Və deyirdilər: “Maksimcan, bunun axırı əvvəl-axır müharibə olacaq. Sən bizimkiləri tanımırsan...”.

- Xaricdə rastlaşdığınız erməni deputatlar, vəzifəlilər nə deyirdilər?

- Xaricdə beynəlxalq tədbirlərdə rastlaşdığım tanış ermənilər də qeyri-rəsmi görüşlərdə, məsələn, fasilədə pivə-filan içəndə özləri yavaşca məni çağırıb deyirdilər ki, ara, biz pis günə qalmışıq. Özləri can atırdılar ki, mənimlə təklikdə söhbət edib ürəklərini boşaltsınlar. Amma ikisi-üçü bir yerdə olanda bir-birinin qorxusundan mənə düşmən kimi tərs-tərs baxırdılar. Sonra hər biri ayrılıqda deyirdilər ki, bağışla, filankəsin yanında məcbur olub sənə pis-pis baxdım... Hamısı Bakıdan ötrü ölürlər. 2005-ci ildə “Ermənilər Bakıda” adlı bir kitab da buraxıblar, orada özləri də etiraf edirlər ki, erməniləri adam eləyən, savadlandıran Azərbaycan olub, Bakının nefti olub... Təəssüf ki, bizimkilər erməniləri öyrənməklə məşğul olmurlar…

- Xaricdə Qarabağla bağlı daha nələri öyrəndiniz?

- Xarici səfərlərimdən bir epizodu ilk dəfə sizə danışıram. Biz 1998-ci ildə MM üzvü Mixail Zabelinlə birgə Moskvada - Dumada olarkən deputat Baburinlə görüşdük. Zabelin ona dedi ki, Qarabağ məsələsini həll etsəydik, yaxşı olardı. Baburin onda mənim üzümə baxıb gülümsəyərək soruşdu: “Sən bilirsən, Rumıniyanın başçısı Çauşeskunu güllələyəndə o, nə deyib? Deyib: “Lənətə gəlmiş Qarabağ!”. O zaman buna inanmadım... 2000-ci ildə biz beynəlxalq bir tədbirlə bağlı Rumıniyada idik. Bizi apardılar Timaşoara şəhərində əvvəlcə 1989-cu ildə həmin ölkənin baş katibi Çauşeskunun etirazçı insanları kütləvi şəkildə güllələdiyi yerə, sonra da özünün həyat yoldaşı ilə birgə güllləndiyi bir məktəb binasına. Orada məlum oldu ki, sən demə, Çauşeskuya güllələnməmişdən öncə son söz veriblər, o da bircə kəlmə deyib: “Lənətə gəlmiş Qarabağ!”...

Yəni o zaman Çauşesku da bilirmiş ki, sosialist sisteminin, SSRİ-nin dağılmasının bünövrəsi Qarabağ məsələsi ilə qoyulub. Onu demək istəyirəm ki, bu, yalnız Azərbaycanın məsələsi deyil, bu, beynəlxalq güclərin idarə etdiyi bir məsələdir...

- Maksim müəllim, siz 1966-cı ildə Bakıya gəldiniz. Təxminən bir il sonra isə Heydər Əliyev Azərbaycan SSR DTK-nın sədr müavini təyin olundu. Onun haqqında ilk dəfə nə vaxt eşitdiniz?

- Məni elmi təcrübə üçün Əkinçilik İnstitutuna göndərmişdilər. Cavan, qaynar vaxtlarım idi. Təcrübə rəhbərimin yanında bir az odlu-alovlu hərəkət edirdim, danışırdım. Bir gədəbəyli yoldaş var idi. Dedi ki, sən bu adamın yanında niyə ucadan danışırsan. Dedim kimdi ki, bu adam. Dedi ki, Cəlal Əliyevdi. Dedim, nə olsun Cəlal Əliyevdi. Cavab verdi ki, qardaşı Heydər Əliyev “KQB”nin sədr müavinidi. Dedim, mən nə danışıram ki? Deyirəm ki, məsələn, bitkiçilikdə belə olmalıdı, suvarmada belə olmalıdı, əkinçilikdə elə olmalıdı və s. Bax, onda mən ilk dəfə Heydər Əliyev haqqında eşitmişəm. Onunla yaxından ilk görüşüm isə 70-ci illərin ortalarında mən Xalq Nəzarət Komitəsinin inspektoru işləyərkən olub. Heydər Əliyev MK-nın I katibi kimi şəxsən özü mənə medal verib. Sonra isə 80-ci ilin ortalarında məni MK-nın kənd təsərrüfatı şöbəsinə təlimatçı təyin edərkən və Qaxa I katib göndərərkən görüşmüşəm. Ancaq hələ 60-ci illərdə atam deyirdi ki, ermənilər Heydər Əliyev adlı bir “çekistimizi” yaman tərifləyirlər. Mən Heydər Əliyevi 80-ci ildən Mərkəzi Komitədə bir yerdə işləyəndən hədsiz dərəcədə işgüzar bir insan kimi tanıyırdım. Və onun bu işgüzarlığından da damla-damla özümə götürürdüm...

- 1974-cü ildə o vaxt “narodnı kantrol” kimi populyar olan Xalq Nəzarət Komitəsinin inspektoru vəzifəsində işləməyə başladınız. Yəqin ki, rüşvət almağa məcbur olurdunuz?

- Nəinki “narodnı kontrolda”, Qaxda birinci katib işləyəndə də demək olar ki, hər gün mənə rüşvət təklif olunub, pul da, qızıl da... Ancaq mən özümü murdarlamamışam... Bütün uğurlarım təmiz işləməyimə görə olubdu. Bizim ailədə əvvəldən halallıq olub. Atam 1941-45-ci illərdə birinci katib işləyirdi. O zaman çörəyi norma ilə adama 200 qram verirdilər. Mən 4-5 yaşlı uşaq idim, doymurdum. Bir gecə yenə gözləyirdim ki, atam işdən gəlsin, deyim ki, mən doymamışam... Atam gələndə anam dedi ki, Maksim acdı, yatmayıb... Atam bir kəlmə dedi ki, Maksim ac olsa da, atasını gözləyir ki, gəlsin onun yanında yatsın. O gündən mən başa düşdüm ki, balaca olsam da, kişiyəm və çətinliyə dözmək lazımdır...

- Siz 1982-ci ildə, Heydər Əliyev hələ Moskvaya getməmiş Qaxa I katib təyin olundunuz, eləmi?

- Heydər Əliyev məni 1982-ci ilin aprelin 10-da qəbul edib, tapşırıqlarını verdi. Aprelin 12-də isə II katib Puqaçov məni təqdimat üçün Qaxa apardı . O, yolda ağzından bir söz qaçırdı ki, yəqin sən Heydər Əliyevin təyin etdiyi sonuncu I katib olacaqsan. O zaman onun nə dediyini başa düşmədim. Sən demə o, bilirmiş ki, bir neçə ay sonra H.Əliyev Moskvaya göndəriləcək... O, məni Qaxa göndərərkən dedi ki, üç şeyi sənə bağışlamayacağam: “pripiska” eləməyi, rüşvət almağı və əxlaq məsələsini... Cavab verdim ki, Heydər Əliyeviç, mən sizə söz verirəm. Söylədi ki, eh, hamınız söz verirsiz, elə ki, o kürsüyə əyləşdiniz, hər şey edirsiz.... Mən də ayağa durub dedim ki, əgər mənə inanmırsızsa, çıxım gedim. Dedi ki, hara gedirsən, əyləş... Yəni hiss etdi ki, mən o birilərdən deyiləm... Heydər Əliyevlə belə geniş söhbətimiz bir də YAP-ı yaratdığımız zaman olub...

-Əbdürrəhman Vəzirovun dövründə də vəzifələrdə işləmisiz?

- Hə, işləmişəm. Bir dəfə gecə saat 11-də Vəzirov məni çağırdı ki, gəl yanıma(Bu barədə “Heydər Əliyevin qayıdışı: parlamentdə” kitabında da yazmışam). Getdim. Soruşdu ki, bilirsən səni niyə çağırmışam. Dedim ki, xeyr. Söylədi ki, deyirlər, sən Qaxda işləyəndə Heydər Əliyev sənə “pripiska”(yığılmış kənd təsərrüfatı məhsulunun çəkisini sənəddə artıq yazmaq- S.L.) etməyi tapşırıb. Cavab verdim ki, xeyr belə bir məsələ olmayıb. Dedi ki, sən nə partizanlıq edirsən. Cavab verdim ki, sizi Gəncəyə birinci katib göndərən kim olubdu? Dedi ki, bunun nə dəxli var? Mən vurğuladım ki, sizi Heydər Əliyev göndərib birinci katib. Yenə cavab verdi ki, nə olsun. Onda soruşdum ki, o vaxt Heydər Əliyev sizə dedi ki, “pripiska” et. Dedi ki, xeyr. Dedim, Heydər müəllim mənə də tapşırmışdı ki, “pripiska” etsən, basıb gözünü çıxararam. Sonra Vəzirov bir vaxt Heydər Əliyevin sağında-solunda əyləşən iki nəfərin izahatını gətirdi. Onlar geniş şəkildə yazmışdılar ki, H.Əliyev bizi “pripiska” etməyə məcbur edib. Vəzirov söylədi ki, görürsən Siyasi Büronun üzvləri yazıblar, sən isə hələ üzvlüyə namizədsən, yazmırsan. Cavab verdim ki, onlar yəqin, belə bir şey olduğunu bilirlər, mən isə bilmirəm. Dedi ki, çıx get...

O dövrdə SSRİ Baş Prokurorluğunun müstəntiqləri Qdlyan və İvanov Bakıya gəlmişdilər. Burada da Özbəkistan variantı edərək rəhbər işçiləri kütləvi şəkildə tutmaq istəyirdilər. Onda mən artıq işdən çıxmışdım, Qaxa da istintaq üçün 25 nəfər göndərmişdilər. Sağ olsun, o vaxtkı baş prokuror İlyas İsmayılov. Azərbaycanı o zaman belə bəlalardan o xilas etdi. Yoxsa hamımızı həbs edəcəkdilər... Vəzirovla görüşdən bir az sonra qohum-əqrəbamın hamısı işdən çıxarıldı. Hətta qardaşım adi zootexnik işləyirdi, onu da çıxartdılar. Bütün bunlar barədə o illərdə “Vəzirov:cinayətin anatomiyası” adlı məqalədə yazmışdım...

-1992-ci ildə siz qısa müddətə də olsa, Azərbaycan Respublikası Prezidentinin kürsüsündə əyləşməyə nail oldunuz...

-(Gülür)Hə, 5-10 dəqiqəliyə... O zaman mən Xızıda icra başçısı idim. Hacı Əbdül gəldi ki, burada böyük mitinq edəcəm... Məcbur olub prezident Əbülfəz Elçibəyin köməkçisinə zəng etdim. Elçibəy məni qəbul etdi. Məsləhət oldu ki, daxili işlər naziri İsgəndər Həmidovla danışım. Gözlənilmədən Elçibəy dəstəyi mənə uzatdı ki, gəl, mənim yerimdə otur, danış. Dedim ki, bəy, sizin yerinizdə əyləşməyə haqqım yoxdu. Cavab verdi ki, keç əyləş, indi kommunist dövrü deyil. O çıxdı siqaret çəkməyə, mən isə Prezident kürsüsündə əyləşib başladım nazirlə danışmağa...

-Əbülfəz Elçibəy sizdə hansı təəssüratları oyatdı?

-Çox sadə adam idi. Millətini sevən, türkçü bir şəxsiyyət idi. Onunla əvvəl də iki dəfə görüşmüşdüm. Mütəllibovun dövründə mən Xızıda işləyərkən Qasımkənddə 12 ev tikdirmişdum. Ermənistan, Gürcüstan qaçqınları ora getmək istəmirdilər. O zaman Özbəkistandan qovulmuş türklər gəldi oraya, ancaq yuxarıdan tapşırıq vermişdilər ki, türkləri yerləşdirmə. Mən də baxdım ki, hamısı pis vəziyyətdə, arvad-uşaq maşınların üstündə. Dedim, qoy məni çıxardırlar-çıxartsınlar, türk qaçqınların hamısını yerləşdirdim Qasımkəndə. Bunu o zaman AXC sədri olan Elçibəy eşitmişdi. Bir gün mənə “KQB”-dən zəng etdilər ki, durma, Elçibəy gedib qaçqınlarla görüşməyə, aranı qarışdıra bilər. Getdim, onunla ayaqüstü görüşdüm. Dedi ki, bəy, gəlmişəm türk qardaşlarımı yoluxmağa. O gedəndən sonra türklərdən soruşdum ki, Elçibəy nə danışdı sizinlə. Cavab verdilər ki, heç, dedi ki, möhkəm olun, biz də sizinləyik, yəqin, hökumət də sizə qayğı göstərəcək. O vaxtdan Elçibəy bildi ki, mən də sülh adamıyam...

- Deyəsən, parlamentin sabiq sədri İsa Qəmbərlə xeyli müddət qonşu olmusuz?..

-Təxminən 10-15 il eyni binada yaşamışıq. Mən parlamentə gedəndə dayanacaqda onu görürdüm, maşını saxladıb götürürdüm və maşına minən kimi də siyasi mübahisələrimiz başlayardı. Parlamentdə də mübahisəmiz davam edirdi. Səhərisi yenə onu dayanacaqdan götürürdüm(gülür)... Düzdü, o vaxt parlament sədri seçiləndən sonra mənə qarşı bir neçə dəfə sərt münasibət göstərdi. Mən də onu birbaşa tənqid etdim. İsa Qəmbər tənqidi sərt qarşılasa da, alternativ fikirlərə yer verirdi. Ona görə də gec olsa da, arabir mənim çıxışlarıma şərait yaradırdı. Spiker olarkən ölkədə yaranmış vəziyyətlə bağlı məni iki dəfə çox mədəni, yüksək səviyyədə qəbul edib... Ümumiyyətlə, mən heç vaxt yıxılana balta çalmamışam. Rəsul Quliyevi spiker işləyərkən o qədər sərt tənqid etmişəm ki... Ancaq Rəsul gedəndən sonra onun ardınca bir kəlmə də danışmadım. Nə qədər təkid etsələr də, heç nə demədim...

- Amma 1992-ci il 18 mayda Ali Sovetin sədri məsələsi müzakirə olunanda siz qonşunuz İsa Qəmbərə yox, Etibar Məmmədova səs verdiniz... Bəlkə aranızda soyuqluq o vaxtdan başlayıb?

- Bəli, o zaman Etibar Məmmədova səs verdim... İsa Qəmbərin özünə qalsa, mənə pis münasibət bəsləməzdi. Onun ətrafındakı Arif Hacıyev kimi adamlar qızışdırırdı...

- Maksim müəllim, deyirəm, bəlkə adınız ötən əsrin əvvəllərində ən yaxşı avtomatik atəş açan, daha çox SSRİ məkanında Vətəndaş müharibəsində məşhur olan “Maksim” pulemyotunun şərəfinə qoyulub?...

- Yox, onunla əlaqəli deyil. Adım yunan mənşəlidir. “Maksimum”(son hədd) sözünün köküdür. Türkiyədə də rast gəlinir bu ada. Dəfələrlə mənə təklif ediblər ki, bu adı dəyiş, dəyişməmişəm. Hətta bir dəfə MM-də mən müxalifəti tənqid edərkən Mirmahmud Fəttayev söylədi ki, bu Maksim müəllim adını nə vaxt dəyişəcək, bizə uyğun gəlmir. Cavab verdim ki, nə vaxt Mirmahmud saqqalını qırxsa, mən də onda adımı dəyişəcəyəm. Amma mənim Mirmahmuda hörmətim var. Həmin iclasda fasiləyə çıxanda dedim ki, ay Mirmahmud, sənin mənim adımla nə işin vardı ki, mən də sənin saqqalına irad tutam...

-1991-ci ildə parlamentdə belə bir çıxışınız olub:”Biz çoxuq və bizimlə hesablaşmayan kimsə Azərbaycanda nə hakimyyətdə qala bilər, nə də hakimiyyətə gələ bilər”. Deyilənə görə, “çoxluq” deyərkən qərbi azərbaycanlıları nəzərdə tutmusuz...

- Belə çıxış mənim yadıma gəlmir. Ola bilməz ki, mən ermənistanlıları nəzərdə tutub bu sözü deyəm. Demişəmsə də, yəqin ki, YAP üzvlərini, yaxud əqidə dostlarımı nəzərdə tutmuşam...

- Bu çıxışı 1991-ci ildə - Ayaz Mütəllibovun dövründə etmisiz, onda hələ YAP yaranmamışdı...

- Mütəllibovun dövründə heç cür belə danışa bilməzdim, çünki Ayaz müəllim yerlibaz deyildi. O, hakimiyyətə gələn kimi bir sıra ermənistanlıya vəzifə verdi. Gərək haqqı danmayasan. Mütəllibovun Azərbaycan üçün xidmətləri çox olub. Niyə? Çünki ən ağır günlərdə - SSRİ-nin, Kommunist partiyasının dağıldığı, yenicə müstəqilliyin qazanıldığı keçid dövründə respublikanın bütün yükünü Mütəllibov qəbul elədi. Mütəllibov qədər yuxarıdan, aşağıdan, sağdan, soldan, irəlidən, geridən zərbə alan olmadı. Hamı tüfəngini tuşlamışdı ona. Ona görə də mən o vaxt onu tənqid etməzdim. İtkilər hesabına olsa da, respublikanı o dövrdə qoruyub saxlaması böyük işdir...

- Maksim müəllim, uzun müddət icra başçısı və deputat olmusunuz, Maddi durumunuz necədir?

- 20 ildir ki, bir dəfə də olsun orden, medal almamışam, almağa könlüm də yoxdur. Bir dəfə də olsun, mənzil almamışam, kirayənişin kimi yaşayıram...

-Deməli, sizin şəxsi mənziliniz yoxdu?

- Oğlumun mənzilində yaşayıram. Xızıda öz evim vardı. Maddi problemlər ucbatından satdım... Ümumiyyətlə, mən həmişə mənəviyyatı maddiyyatdan üstün tutmuşam... İstəyirəm ki, Heydər Əliyevin siyasətinə uyğun işlər görülsün. Heydər müəllim deyirdi ki, nöqsanları gördünüz, aradan qaldırın ki, müxalifətə pay düşməsin. Kifayət qədər vəzifələrdə işləmişəm. Məni yalnız dövlətimin, vətənimin, xalqımın, övladlarımın, nəvələrimin gələcəyi düşündürür...”

12 iyun 2013-cü il. “Həftə içi”qəzeti, hafta.az

Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər