Kərbəlada nə baş verdi?.. İmam Hüseyn faciəsi...-
Ekskluziv
2213
18 Aug 2023 | 06:09

Kərbəlada nə baş verdi?.. İmam Hüseyn faciəsi...- "Ey kişiyə oxşayıb kişi olmayanlar…! 

KƏRBƏLADA NƏ BAŞ VERDİ? İMAM HÜSEYN FACİƏSİ...-(geniş araşdırma/1-ci hissə)
 
"Ey kişiyə oxşayıb kişi olmayanlar…! Allah sizi öldürsün! Ürəyimi irinlə, sinəmi qəzəblə doldurdunuz…”
 
"Qulağınız olsa da, karsınız. Danışığınız olsa da, lalsınız. Gözləriniz olsa da, korsunuz. Döyüşdə həqiqi azad insanlar kimi deyilsiniz. Çətin anlarda isə etibar ediləsi qardaşlar deyilsiniz..."
 
Bu məqalədə, bütün müsəlmanların ürək acısı ilə xatırladığı bir faciə – əsrlər öncə Məhərrəm ayında İmam Hüseynin (Allah ondan razı olsun) xaincəsinə qətlə yetirilməsinə dair araşdırma yer almışdır.
 
 
İraq əhli İmam Hüseyni (Allah ondan razı olsun) çağırır..
 
➖İraq əhlinə İmam Hüseynin (Allah ondan razı olsun) Yəzidə beyət  etməməsi, Onun xəlifəliyini qəbul etməməsi xəbəri çatır.. Onlar Hüseynə (Allah ondan razı olsun) arası kəsilmədən beş yüzdən çox məktub yazaraq onların da Yəzidə beyət etmədiklərini xəbər verir, Kufəyə gəlməsini və orada da Hüseynə (Allah ondan razı olsun) beyət edilməsini tələb edirlər.
 
 
Hüseyn (Allah ondan razı olsun) Muslim ibn Aqili (Allah ondan razı olsun) Kufəyə göndərir...
 
➖ Əlbəttə ki, İmam Hüseyn (Allah ondan razı olsun) qeybi bilmədiyinə görə onların dediklərində doğru olub-olmadıqlarını yoxlamaq və onun gəlişindən qabaq orada hazırlıq işləri aparmaq üçün əmisi Aqil ibn Əbi Talibin (Allah ondan razı olsun) oğlu olan Muslimi (Allah ondan razı olsun) Kufəyə göndərir. Kufəyə çatan Muslim araşdırmalardan sonra görür ki, həqiqətən insanlar Yəzidi yox,  Hüseyni (Allah ondan razı olsun) istəyirlər. Muslim Hani ibn Urvanın evində qalır və insanlar camaat halında Muslimin yanına gələrək İmam Hüseyn (Allah ondan razı olsun) üçün ona beyət edirlər. Həmin dövrdə Kufənin əmiri Nöman ibn Bəşir idi. O, Muslimin Kufədə olduğunu və insanların Hüseyn üçün ona beyət etdiklərini bilməsinə baxmayaraq özünü bilməməzliyə vurur. Lakin, Nömanın ətrafında olanlardan bəziləri Yəzidin yanına gedərək Kufəlilərin Muslimə beyət etməsini və Nömanın da bu işə məhəl qoymamasını çatdırırlar.
 
 
Ubeydullah ibn Ziyadin Kufəyə əmir seçilməsi...
 
➖ Bunu bilən Yəzid, Nöman ibn Bəşirin əmirlikdən uzaqlaşdırılması qərarını verərək məsələni həll etmək üçün Bəsrə şəhərinin əmiri olan Ubeydullah ibn Ziyada Kufə şəhərinin də başçılığını verir. Ubeydullah gecə üzü bağlı halda Kufəyə daxil olarkən insanların onu Hüseyn (Allah ondan razı olsun) olduğunu düşünərək “xoş gəldin ey Peyğəmbərinﷺ qızının oğlu” dediklərini görür. Bundan o, işin ciddiliyinə və insanların Hüseyni (Allah ondan razı olsun) gözlədiklərinə əmin olur. Saraya daxil olaraq bu işə başçılıq edəni tapmaq üçün xidmətçilərindən biri olan Maqili göndərir. Maqil özünü guya Şam şəhərlərindən olan Humsdan üç min dinarla Hüseynin (Allah ondan razı olsun) köməyinə gəlmiş kimi göstərərək nəhayət Hani bin Urvanın evini tapır. İçəri daxil olan Maqil evdə Muslim ibn Aqili görür və ona beyət edərək üç min dinarı verir. Bir neçə gün onlarla bərabər qalıb sirlərini bildikdən sonra Ubeydullah ibn Ziyadın yanına qayıdır və onu məsələdən agah edir.
 
 
İmam Hüseynin (Allah ondan razı olsun) Kufəyə yollanması...
 
➖ İnsanların bir çoxu Muslimə beyət etdikdən və işlər yoluna düşdükdən sonra Muslim İmam Hüseynə (Allah ondan razı olsun) məktub yazaraq “Gəl, artıq iş hazırdır” deyir. İmam Hüseyn (Allah ondan razı olsun) Məkkədə həcc ərəfəsində ikən Kufəyə yola düşür. Artıq Ubeydullah Muslimin etdiklərini bildiyi üçün onun qaldığı evin sahibi olan Hani bin Urvanı çağırtdırır və ona deyir: “Muslim haradadır?” O, “bilmirəm” cavabını verir. O zaman hiyləgər Ubeydullah ibn Ziyad xidmətçisi olan Maqili çağırır və deyir: “Onu tanıyırsanmı?” O, “bəli, tanıyıram” deyir. Bu an Hani özünü itirir və baş verənlərin Ubeydullahın hiyləsi olduğunu anlayır. Ubeydullah təkrar olaraq “Muslim ibn Aqil haradadır?” deyə soruşur. Hani mərdcəsinə “and olsun Allaha əgər ayağımın altında belə olsaydı ayağımı qaldırmazdım” deyir. Ubeydullah da onu döydürərək həbs etdirir.
 
 
Kufə əhlinin Muslimi köməksiz buraxması...
 
➖ Bu xəbər Muslim ibn Aqilə çatır və o, dörd min nəfərlə Ubeydullah ibn Ziyadın sarayına gedərək onu mühasirəyə alır. Bu zaman digər Kufəlilər də onlara qoşulur. Lakin, Ubeydullah yanında olan qəbilə başçılarını və nüfuzlu şəxsləri mal-dövlətlə həvəsləndirərək və Şam ordusu ilə qorxudaraq insanları Muslimi köməksiz buraxmalarına çağırmaqlarını tələb edir. Çox keçmir ki, Muslimin ətrafında olan dörd min nəfərdən yalnız otuz nəfər qalır. Axşam olmamış isə Muslim ibn Aqil artıq Kufə küçələrində tək-tənha olaraq hara sığınacağını belə bilmir. Nəhayət yaşlı bir qadının qapısını döyərək ondan su istəyir. Qadın təəccüblənərək onun kim olduğunu soruşur. O, “mən Muslim ibn Aqiləm” deyərək insanların onu tək buraxdıqlarını və Hüseynin (Allah ondan razı olsun) də gələcəyini deyir. Qadın onu qonşu evə daxil edərək su və yemək gətirir. Lakin, qadının oğlu Muslimin yerini Ubeydullaha çatdırır və Ubeydullahın göndərdiyi yetmiş kişi Muslimi mühasirəyə alır. Muslim onlarla döyüşür. Sonda isə ona toxunulmazlıq qərarı verdiklərinə görə Muslim onlara təslim olur və Ubeydullah ibn Ziyadın sarayına aparılır. Ubeydullah Muslimdən etdiklərinin səbəbini soruşur və o da “boynumuzda Hüseynə olan beyətə görədir” deyir. Ubeydullah deyir: Boynunda Yəzidə beyət yoxdurmu? Sonra deyir: “Mən səni öldürəcəyəm!” Muslim deyir: “Onda qoy vəsiyyət edim”. O, da “et” deyir. Muslim çevrilərək Ömər ibn Saad ibn Əbi Vaqqası görür və “sən mənə insanlardan qohumluğa görə daha yaxını olansan. Gəl sənə vəsiyyət edim” deyərək onu otağın bir küncünə aparır. Ona Hüseynin (Allah ondan razı olsun) yanına adam göndərərək qayıtmasını deməsini vəsiyyət edərək deyir: “Ailənlə geri qayıt. Kufə əhli səni aldatmasın. Həqiqətən Kufəlilər səni də yalanla aldatdılar, məni də. Yalançı sözünün üstündə durmaz”. Ömər ibn Saad da Hüseynin (Allah ondan razı olsun) yanına bunları deməsi üçün bir kişi göndərir. Təəssüflər olsun ki, nəhayət İmam Hüseynin sadiq əmisi oğlu olan Muslim ibn Aqil Arafat günü öldürülür. Lakin, artıq İmam Hüseyn (Allah ondan razı olsun) Muslimin ölümündən bir gün qabaq Məkkədən çıxmışdı.
 
 
 
İraq və Kufə əhli kimlər idi?..
 
➖ İmami alimi olan Şeyx Cavad Muhəddisi demişdir: “Kufə əhli tarixdə xəyanət və əhdi pozmaqla məşhur olmuşdur… Ümumən İslam tarixi Kufə əhlinin əhdinə sadiq olması barədə yaxşı fikir daşımır… Kufə əhlinin sifətləndiyi nəfsi və əxlaqi xüsusiyyətlərinə belə işarə etmək olar: Hiyləgərlik, cürbəcür rəngə girmək, pis əxlaq, hərislik, şayiələri təsdiqləmək, qəbilə təəssübkeşliyi. Üstəlik də onlar müxtəlif qəbilələrdən təşkil idilər. Bütün bu səbəblərə görə imam Əli (Allah ondan razı olsun) onların əli ilə iki acını daddı. İmam Həsən (Allah ondan razı olsun) onların xəyanəti ilə üzləşdi. Muslim ibn Aqil məzlum olaraq onların arasında öldürüldü. Hüseyn Kərbəlada susuz olaraq Kufə yaxınlığında və Kufə ordusunun əli ilə öldürüldü” (Muhəddisi, “Movsuatu Aşura” səh. 59).
 
Digər  müasir imami alimlərindən olan Şeyx Hüseyn əl-Kurani həmçinin demişdir: “Kufə imanının mühüm xüsusiyyətləri nədir? Onu aşağıdakılarla qeyd etmək olar: Birinci: İslama köməkdən geri çəkilmək. İkinci: Var-dövləti sevmək. Üçüncü: Hadisələrdə cürbəcür rənglərə girmək.” (Kurani, “Fi Rihəbi Kərbəla” səh. 53)
 
Möminlərin əmiri İmam Əli (Allah ondan razı olsun) qorxaq  və xəyanətkar Kufə əhlinə qarşı olan öz məşhur xütbəsində demişdir:
 
➖ “Ümmətlər başçılarının zülmündən qorxduğu halda mən isə rəiyyətimin zülmündən qorxmağa başlamışam. Sizi döyüşə çağırdım getmədiniz. Eşitdirdim eşitmədiniz. Gizlində və aşkarda sizi dəvət etdim cavab vermədiniz. Sizə nəsihət etdim qəbul etmədiniz. Burada olsanız da yox kimisinizmi?! Qul olsanız da ağa kimisinizmi?! Sizə hikmətlər deyirəm, ondan ürkürsünüz. Gözəl öyüd-nəsihətlər verirəm, ondan qaçırsınız. Sizləri həddi aşmışlara qarşı cihada həvəsləndirirəm, sözüm sona çatmamış Səba övladları kimi dağınıq görürəm… And olsun Allaha, istəyirəm ki, Muaviyə (bir qızıl) dinar (on gümüş) dirhəmə dəyişdirilən kimi məndən sizlərin onunuzu götürsün və öz ordusundan birini versin. Ey Kufə əhli, sizdə olan üç şeyə və iki şeyə görə qəm-kədərə batmışam. Qulağınız olsa da, karsınız. Danışığınız olsa da, lalsınız. Gözləriniz olsa da, korsunuz. Döyüşdə həqiqi azad insanlar kimi deyilsiniz. Çətin anlarda isə etibar ediləsi qardaşlar deyilsiniz. Əlləriniz qurusun. Peyğəmbərinizin Əhli-Beytinə baxın. Onların yolundan çıxmayaraq əməllərinin ardınca gedin. Onlar sizi heç vaxt doğru yoldan çıxarmaz və azğınlığa aparmazlar… Mən artıq Məhəmmədin səhabələrini gördüm. Sizlərdən heç bir kəsin onlara oxşadığını görmürəm. (Çoxlu gecə namazı qıldıqlarına görə) saçları dağınıq və toz içində sabahlayar, gecəni səcdə və qiyam halında keçirərdilər. Axirəti xatırlayarkən elə bil ki, köz üzərində durardılar. Səcdələrinin uzunluğundan elə bil ki, gözlərinin ortasında keçinin dizləri var idi. Allah xatırlanan zaman yaxaları islanana qədər gözləri yaş tökərdi. Allahın əzabından qorxduqlarına və savabından istədiklərinə görə şiddətli küləkli gündə ağacların əsdiyi kimi əsərdilər” (Nəhcul-Bələğa, xütbə 97)
 
 
İmam Əli (Allah ondan razı olsun) həmçinin İraq camaatını məzəmmət edərək demişdir :
 
➖ “Ey İraq əhli…, Artıq mənə çatmışdır ki, siz (nifaqa və ikiüzlülüyə görə) deyirsiniz: “Əli yalan danışır”. Allah sizi öldürsün! Kimə yalan danışıram?!…” (Nəhcul-Bələğa, xütbə 70)
 
 
İmam Əli (Allah ondan razı olsun) həmçinin onun tərəfdarları olduqlarını iddia edənlərə qarşı digər bir xütbəsində demişdir :
 
➖“Ey kişiyə oxşayıb kişi olmayanlar…! Allah sizi öldürsün! Ürəyimi irinlə, sinəmi qəzəblə doldurdunuz…” (Nəhcul-Bələğa, xütbə 2)
 
 
Bu xainlər tək imam Əliyə (Allah ondan razı olsun) yox, həmçinin də İmam Həsən (Allah ondan razı olsun) və İmam Hüseynə (Allah ondan razı olsun) qarşı da xainlik edərək gözəl Peyğəmbər balalarını və böyük Əhli-Beyt imamlarını köməksiz buraxmış, hətta onlara qarşı vuruşmuşdular...
 
 
 
Səhabələr Hz. Hüseynin (Allah ondan razı olsun) İraqa getməsinə qarşı çıxır...
 
(Davamı var)
 
Qeyd:
 
Bu yazı, www.islamevi.az saytının elmi heyəti tərəfindən hazırlanmışdır. Məqalədə Dr. Osman Xamisin “Tarixi Hadisələrin Təhlili” kitabından geniş şəkildə istifadə olunmuşdur. “Tarixi Hadisələrin Təhlili” kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK235B saylı məktubu əsasında nəşr edilmişdir.
 
İslamevi.az
Link kopyalandı!
Son xəbərlər