3392
16 Aug 2023 | 16:36

""Yuxu kimi" serialını yarımçıq qoyub müharibəyə getdim, gələndən sonra gördüm ki..." - FOTOLAR

"Bir müddətdir ki, ölkənin ən qədim sənət ocağı olan Gəncə Dövlət Dram teatrında quruluşçu rejissor (rejissor-aktyor) olaraq çalışıram. Ötən mövsüm ərzində uşaqlar üçün Abdulla Şaiqin "Danışan gəlincik" əsərinə quruluş vermişəm. "Tıq-tıq xanım" tamaşasını yenidən bərpa etmişəm. "Xanuma" əsərini də Mikayıl Mikayılovla birgə hazırladıq, o tamaşada ikinci rejissor olaraq çalışdım. Teatrda çalışdığım ötən mövsümdə "Cavad xan" tamaşasında Cavad xanın oğlu Hüseynqulu ağa rolunu oynamışam və həmin tamaşada döyüş səhnələrinə plastik həll üzrə quruluş vermişəm. Rejissor və aktyor kimi həm teatrda, həm də kinoda daha çox işlərlə tamaşaçıların qarşısına çıxmaq, Azərbaycan mədəniyyətinə həmişə layiqli, vicdanla xidmət etmək istəyirəm. Növbəti hədəflərimdən biri də magistr oxumaq, təhsilimi yenidən davam etdirməkdir. Ümumiyyətlə mənim anlamımda insan hər hansı uğuru ilə kifayətlənməməlidir. İstəklərim bunun davamını gətirmək, hər yaşda özümü inkişaf etdirməkdir".
 
Bunu Moderator.az-a açıqlamasında rejissor-aktyor Şahmar Məmmədov deyib.
 
 
Sənətçi 2-ci Qarabağ müharibəsindəki illəri də xatırlayıb.
 
"Həm Aprel döyüşlərində, həm də İkinci Qarabağ müharibəsində aktiv döyüşlərdə iştirak etmişəm. Müharibəyə getməzdən öncə Tovuzda "Yuxu kimi" serialının çəklişlərində idim. Serialın çəklişləri vaxtı eşitdik ki, artıq döyüşlər başlayıb. Hərkəs işini atıb, qaldığımız otelin foyesindəki televizora baxmağa qaçdı, sosial şəbəkələrə baxdıq. Artıq bütün xəbərlərdən, Cənab Prezidentin, Ali Baş Komandanın çıxışlarından bildik ki, həqiqətən də bizim zəfər tariximiz olan 44 günlük müharibəmiz başlayıb. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Biz bu müharibəni 30 il olardı ki, gözləyirdik. Tarixə 4 günlük qələbə kimi yazılan şanlı Aprel döyüşləri hərbi xidmətdə olduğum vaxta təsadüf etmişdi. Yəni, ön xətdə xidmət edən biri kimi, Aprel döyüşlərinin iştirakçısı kimi bu müharibəni çoxlarından daha çox gözləyirdim. Çünki, yaralı, şəhid ilk dəfə Aprel döyüşlərindən də qabaq, orada olanda görmüşdüm, yaşamışdım o hissləri. Döyüş meydanı,  müharibə elə bir yerdi ki, onu hardansa ekrandan görmək ya da kimlərinsə dilindən eşitmək azdır. Onu, o prosesləri sadəcə və sadəcə içində olanlar, yaşayanlar ən yaxşı formada bilir. Təbii, mən xalqımızla qürur duyuram, bizim insanlarımız arxa cəbhədə də yardımlar göndərirdilər, qan  verirdilər, dualar edirdilər, ürəkləri bizlərlə döyünürdü. Biz döyüş meydanında bunu hiss edirdik.
 
 
Mənim üçün 2016-cı ildə Aprel döyüşlərində yarımçıq qalan işi tamamlamaq arzum idi və nə qədər riskli, həyati təhlükəli arzu olsa da çox şükür ki, bu arzuma çatdım. O vaxt hər şey mənim üçün çox sürətli baş verdi ( gülür ) Sentyabrın 27 -si idi, artıq ölkə ərazisində komendant vaxtı da tətbiq olunmuşdu. Amma, gecə komendant vaxtı olsa da dedim ki, mən birinci evə gedib evdəkilərlə görüşüb, sonra müharibəyə gedəcəm. Çünki, iki aya yaxın idi onsuz da çəkilişlərlə əlaqədar Şəmkirdə, Tovuzda, Bakıda olurduq, evdə tapılmırdım. Sağolsunlar, məni gecə çəkliş qrupunun maşını ilə yola saldılar.  Sağollaşmaq üçün evə gəldim. Əslində mənə görə bu vidalaşmaq idi... Şüurlu formada dərk edirdim ki, bunun öldüsü var, döndüsü yoxdur. Çünki müharibənin nə olduğunu Aprel döyüşlərindən bilirdim. Baxmayraq ki, sağ qaldım, deməli qismət belə imiş. Hər şeyə şükür etmək lazımdır. Çətin olduğu qədər həm də şərəfli günlər idi. O hissləri yaşamaq, yaşatmaq tamam başqa dünya idi. Ən əsas öz canını qurban verməyə bir an belə tərəddüd etməmək, ona hazır olmaq mənim düşüncəmdə bundan böyük sevgi nümunəsi ola bilməzdi. Zaman, şərait, situasiya hərdən sevdiyin biri üçün necə ki, canını qurban verməyi tələb edir, eyni torpağın, millətin, ölkən üçün də belədir. Hələ bu daha böyük məna daşıyır. Hansı ki, öz həyatının üstündən xətt çəkirsən, hətta doğmlarından belə keçirsən. Keçirsən ki, nəin ki, onlar yerdə qalan bütün hər kəs rahat, xoşbəxt yaşasın. Bu gün Cənab Ali Baş komandan tərəfindən medallarla təltif edilmişəm. Cəbrayılımızın, Qubadlımızın, Laçınımızın azad olunmaları medalları və Vətən müharibəsi iştirakçısı medalıyla. İnşallah zamanla mədəniyyət sahəsindəki xidmətlərimə görə təltif olunanlar sırasında olaram. Hərçəndki mənə görə yuxarda dediyim təltiflərdən üstünü ola bilməz. Təbii Prezident, Ali Baş Komandan tərəfindən qiymətləndirilmək özü ayrıca qürur, sevincdir. Amma, ən əsas sevinirəm ki, biz öz azadlığımıza, torpağımıza, şəhidlərimizin ruhlarına, sevgimizə sahib çıxa, onu qoruya bilirik. Bu yolda lazım gələndə həm öldürürük, həm özümüzü də qurban verə bilirik", - deyə sənətçi bildirib.
 
 
Şahmar Məmmədov onu tamaşaçılara sevdirən, "Yuxu kimi" serialından da danışıb.
 
 
" Geniş tamaşaçı kütləsi məni ilk dəfə "Yuxu kimi" serialında Elnur obrazı ilə tanıdı. Buna görə də Rövşən müəllimə  mənə inandığına, Elnur rolunu həvalə etdiyinə görə  təşəkkür edirəm. İlk dəfə çəkildiyim film qısametrajı film olub, onda hələ mən tələbə idim. Filmin adı "The Frame", rejissoru da Natiq Rəsul idi. Tamaşaçılar bu gün də maraqlanır ki, niyə serialda yoxsunuz? Niyə müəmmalı şəkildə getdiniz? Mən müammalı şəkildə getmədim, həmin vaxt bizim vətən müharibəsinə yollandım və mən getməli idim.  Qayıdandan sonra da görünür serialın süjet xətti dəyişdi. Çünki, mənim serialdan gedişim o vaxt ani oldu", - deyə sənətçi bildirib.
 
Link kopyalandı!
Son xəbərlər