“Ermənistanın daha 2 kəndində öldürülmüş soydaşlarımızın xatirəsinə abidə düzəltdirdim...”
4077
12 Aug 2023 | 15:11

“Ermənistanın daha 2 kəndində öldürülmüş soydaşlarımızın xatirəsinə abidə düzəltdirdim...”

“Daha dedim, mənimki bura qədər imiş.  Bəxtimdən erməni uşaqları boğuşa-boğuşa malları da uzaqlaşdırıb  özləri də uzaqlaşdılar... ”
 
Azərbaycanın müstəqilliyinin bərpası dönəmində aktiv fəaliyyət göstərmiş tanınmış ictimai-siyasi xadim, sabiq deputat mərhum Maksim Musayevin atası, sovet dövründə 10 il Ermənistan Ali Soveti sədrinin birinci müavini kimi çalışmış, hələ 1940-1950-ci illərdə  Qərbi Azərbaycanın soydaşlarımızla  ermənilərin yanaşı yaşadıqları bir sıra rayonlarda rəhbər vəzifələrdə, o cümlədən rayon partiya komitəsinin 1-ci kaibi işləmiş görkəmli sovet dövlət xadimi Talıb Musayev 2008-ci ildə nəşr edilən  “Ermənilər və faciələrimiz” kitabının “Qədirli, Qaraxaç, Birəli, Şahablı kəndlərinin 1918-ci il soyqırımı” yarımbaşlıqlı bölməsində Ermənistanın Qarabağlar rayonunda rayon partiya komitəsinin birinci katibi işlədiyi zaman bir sıra kəndlərdə daşnak ermənilərin 1918-ci ildə soydaşlarımıza qarşı törətdikləri vəhşilikləri təsdiqləyən insan qalıqlarının ermənilərin öz iştirakıyla aşkara çıxartması və həmin faciənin izinin itməməsi, o qətliamda həlak olan azərbaycanlıların xatirəsini yaşatmaq üçün abidələr qoydurmasından və s. olaylardan bəhs edir.  
 
Aktuallığını nəzərə alaraq həmin materialın vacib məqamlarını  Moderator.az oxucularının diqqətinə çatdırırıq:
 
Gecə yarı olardı... Sürünə-sürünə Zəncirli kəndinin bizdən 1-1,5 km aralıda yerləşən örüş yerindəki itburnu kolluğuna çatdım. Kolluqda gizləndim. Tökülüb qalmış itburnu meyvəsinin  quruları var idi. Onlardan toplayıb bir az yedim və xeyli toxdadım. Qərara aldım ki, gündüz burada kolun içində qalıb, axşam əl-ayaq çəkiləndə çıxım İlanlı dağın başına, oradan endim Şərur tərəfə. Aşnı bulağını tanıyırdım.  Ora çatsam, o su axan yerlərlə gedib bir kəndə çıxaram. Səhərisi gün günorta üstü idi.  Erməni kəndi olan Zəncirlinin mal otaranları malla  birgə düz gölün yanına gəldilər. Daha dedim, mənimki bura qədər imiş.  Bəxtimdən erməni uşaqları boğuşa-boğuşa malları da uzaqlaşdırıb  özləri də uzaqlaşdılar.  Bir gün burada qalıb hiss etdim ki, Zəncirli kəndində başqa heç bir adam görünmür... 
 
Gecə düşdü. Adam yatan vaxt idi. Acından ölürdüm.  Bir neçə itburnu yeyib çıxdım, bir təhər çatdım İlanlı dağın başına. Bir az arxayınlaşdım. Hava işıqlaşırdı. Burada tam qurumamış tikanlar var idi. Onlardan və bir neçə  yaş bitkilər tapıb yedim. Orada sürünməklə və ya hellənə-hellənə  axşam üstü gəlib çatdım  Asnı bulağına.  Ətrafda İlanlı meşəsi var idi. Meşə meyvələri tapıb qaldım orada. Neçə gün idi, su görməmişdim. Ac da olsam, bir az su içdim, ürəyim toxtadı. Oradan da düşdüm Maxta kəndinə. Maxta kəndində dostlarımız var idi. Çatan kimi “mənə yemək” deyib yıxılıram, onlar da qorxurlar.  Bir saatdan sonra özümə gəlib bir az çörək yeyib yatdım. Nə qədər yatıram, özüm də bilmirəm... Ancaq duranda dedilər ki, bir sutkadır yatırsan. Eşidiblər ki, Qaraxaç-Çanaxçı zonası azərbaycanlılarından sağ qalan  olub, yığışdılar başıma. Sizə söylədiyim kimi, orada da söylədim...
 
Məhərrəm sözünü qurtarıb Qədirlidə olduğu kimi, Qaraxacda, Birəlidə də qətlə yetirilənlərin xatirəsini yad etməyi bir daha məndən xahiş etdi.  Dedim, çox sağ ol ki, bütün bu hadisələr barədə danışdın. Çox sağ ol ki, 1918-ci ildə daşnakların amansızlıqla qətlə yetirdikləri soydaşlarımızın xatirəsinə abidə düzəldilməsini xahiş edirsən, onsuz da mən bu işi gördürməli idim.  Mən dedim, üçünü də birdən etməyək, kampaniya şəkilli olmasın.  Bir halda ki, deyirsən, anan da, üç bacın, iki qardaşın da orada qətlə yetirilənlər arasındadır, əlbəttə ki, ordakıların hamısı hamımızın qardaş-bacımız, ata-anamızdır, onda mən bu işi bu saat gördürəcəm...
 
Bu minvalla Məhərrəm kişiyə dedim ki,  get mənim adımdan kolxozunuzun sədri XaçoyanA de, ondan nə lazımdır al, özün də işin üstündə dur. Soydaşlarımızın qalıqları olan kalafalıqları  Qədirlidəki kimi düzəltdir. Qalır yazılı daşlar, indicə sənin yanında deyərəm, o daşdan ikisini də hazırlayarlar. Ancaq Qədirli əvəzinə Qaraxaç, birinə də Birəli yazarlar...
 
Qədirlidə  telefon var idi, elə oradaca zəng vurub tapşırdım ki, üç günə daha iki daş hazırlasınlar.  Dedim, Məhərrəm gələcək iki daş verin, aparsın. Onu da qeyd edim ki, Qədirli, Qaraxaç və Birəli eyni sovetlik idi... Birəlidə işin təşkilini Məhərrəmə tapşırıb, onun yanındaca kolxozların sədrlərinə də zəng etdim. Bununla kifayətlənməyib, bu işə bələd olan Ağamalını da oraya göndərdim. Beş günə tapşırığımı yerinə yetirib gəlib mənə məlumat verdilər. Beləliklə,  Ermənistanın daha iki kəndində 1918-ci ildə daşnakların amansızlıqla qətlə yetirdikləri soydaşlarımızın xatirəsinə abidə düzəltdirdim... Bu bəlkə də böyük iş, qəhrəmanlıq deyildi, amma hər halda yandırılıb, öldürülmüş ata-analarımızın, qardaş-bacılarımızın ruhu şad oldu. Onlar sanki  bildi ki, öz xalqının onları yad edən, onların və hamımızın düşməni olan ermənilərlə vuruşan oğul və qızları var... 
 
(Davamı var)
 
Təqdim etdi: 
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər