Məmməd Arazın 90 illiyinə həsr olunan tədbirlər niyə keçirilmir?..
“Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidərsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Ayaq saxla, dövrənə bax ötəri belə,
Min illərdir Araz belə, Həkəri belə.
Axşamların, səhərlərin təkəri belə,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yetən bu ata güldüm,
Mən özümlə oynadığım şahmata güldüm...
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...”
Bəli, heç kimə qalmayan bu dünyada sözübütöv, mərd, əyilməz bir şair də var idi. Nə mükafat almaq üçün, nə vəzifə kürsüsünə qalxmaqdan ötrü heç vaxt ruhunu satmadı, əl açıb dilənmədi. Kişi kimi gəlmişdi, kişi kimi yaşadı və kişi kimi də getdi. Şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşən nadir qələm adamlarından biriydi Məmməd Araz...
“1986-ci ildə xəstəxanada yatırdım. O vaxt filologiya elmlər doktoru Maarifə Hacıyeva məni ziyarətə gəlmişdi. Onunla ailəvi münasibətimiz vardı. Mənim Xalq Təsərrüfatı İnstitutunda təhsil almağımda o xanımın böyük rolu olub. Maarifə xanım gələndə bir qazan yemək və bir kitab gətirmişdi. O gedəndən sonra kitabı vərəqlədim, gördüm, Məmməd Arazın kitabıdır, üstündə yazılmışdı ki, "Dünya sənin, dünya mənim, dünya heç kimin". Bu şeiri oxuyanda isə kövrəldim. Onda vəziyyətim yaxşı deyildi. Dedim, ay Allah, uşaqlar körpədir, mən dünyamı dəyişsəm, onları kim saxlayacaq, kim onlara havadar olacaq? Bu, mənə çox pis təsir elədi, elə o nəğməni o xəstəxanada stolun üstündə çırtma vura-vura yazdım.”- Bu kəlmələr xalq artisti Niyaməddin Musayevə məxsusdur...
...Sağlığında şairi bir sıra orden və medallarla, eləcə də fəxri adlarla mükafatlandıran Ulu öndər sonralar bu nəğməni dinləyərkən kövrəlmişdi...
2023-cü ilin oktyabr ayının 14-də Məmməd Arazın 90 illiyi tamam olur. Qəribədir, ya yeni təyin olunan mədəniyyət nazirinin bundan xəbəri yoxdur, ya da ki, müvafiq işçiləri onu məlumatlandırmayıblar. Məlumatı olsaydı, yəqin ki, ötən bu səkkiz ayda böyük şairin yubileyinə belə laqeyd yanaşılamzdı, ilboyu müxtəlif tədbirlər həyata keçirilərdi…
…”Mən belə dünyanın nəyindən küsüm?”
Elman Eldaroğlu