"Dünya ölkələri sülhə aparan yeganə yolun Rusiyanın məğlubiyyəti olduğunu anlamalıdır..."
"Ukrayna ikiqat diplomatik çağırışla üzləşib, o, Qərb müttəfiqlərinin sabit dəstəyini saxlamalı və neytral ölkələri öz tərəfinə cəlb etməlidir..."
Səudiyyə Ərəbistanında keçirilən sammit böyük neytral dövlətlərin Kiyev tərəfə meylləndirilməsi üzrə səylərin bir hissəsidir
Səudiyyə Ərəbistanında keçirilən sammit Rusiyaya qarşı böyük diplomatik hücum olmalıdır. Ukrayna indiyədək müharibədən kənarda qalan onlarla ölkənin dəstəyini qazanmağa çalışır.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Ukrayna və Səudiyyə Ərəbistanı Ciddədə keçirilən danışıqlara təxminən 40 hökumətin diplomatlarını dəvət edib. Bunların arasında Çin, Hindistan, Braziliya, Cənubi Afrika və Fars körfəzinin bəzi neftlə zəngin ölkələri var.
Bu ölkələr müharibənin gedişində həm Ukrayna, həm də Rusiya ilə yaxşı münasibətlər saxlamağa cəhd edib.
Dəvət edilən bir çox hökumətlər iştirak etmək istəmədikləri müharibəni qlobal güclər arasında yarış hesab edərək tərəf tutmaq konsepsiyanın özünü rədd edir.
"Bu görüşün Rusiyanı təcrid etmək üçün Ukraynanın yaxın aylarda böyük diplomatik təkanı olacağı gözlənilir", - qəzet yazıb.
Nəşr qeyd edir ki, bu həftə Ukrayna prezidenti Vladimir Zelenski müxtəlif ölkələrdəki Ukrayna səfirlərini fövqəladə müşavirəyə toplayıb.
Müşavirədə o, sərəncamda olan "rəsmi və qeyri-rəsmi, institusional və media, mədəni diplomatiya və adi insani səmimiyyət kimi" bütün vasitələrdən istifadə edərək həm sarsılmaz müttəfiqləri, həm də neytral mövqedə olan ölkələri sülhə aparan yeganə yolun Rusiyanın məğlubiyyəti olduğuna inandırmağı tələb edib.
Ukrayna və Qərbin rəsmi şəxsləri danışıqlarla bağlı gözləntiləri azaltmağa cəhd edərək vurğulayıb ki, bu danışıqlar çətin ki, müharibənin sonunu yaxınlaşdıracaq və dəvət edilən ölkələr çətin ki, öz mövqeyini dəyişəcək.
Hamı müharibənin törətdiyi iqtisadi çətinlikləri nəzərə alaraq onun bitməsini istəyir, lakin bu, onları Moskva əleyhinə dönməyə məcbur etmək üçün yetərli olmaya bilər.
Nəşr qeyd edir ki, Ukrayna ikiqat diplomatik çağırışla üzləşib. Bunlar Qərb müttəfiqlərinin sabit dəstəyini saxlamaq və qərəzsiz qalan digər ölkələri cəlb etməklə bu dəstəyi genişləndirməkdən ibarətdir.
Bu yolda Ukrayna neytral ölkələrlə Rusiya arasında münasibətlərdəki çatlardan, məsələn, Rusiyanın Səudiyyə Ərəbistanını aldadaraq dünya bazarına "OPEK plyus" formatı ilə razıladırılandan daha çox neft satmaq cəhdlərindən istifadə etməyə cəhd göstərəcək.
Ciddədə sammit-bəlli olanlar
Avqustun 5-də Səudiyyə Ərəbistanında iki günlük sammit işə başlayıb. Əsas mövzu Ukraynada sülhün bərpa edilməsidir. Sammitin keçirilməsinə öz tərədaşlarının dəstəyi ilə Ukrayna təşəbbüs göstərib. Rusiya sammitə dəvət edilməyib.
Prezident Ofisi rəhbərinin müavini İqor Jovkov məlumat verib ki, hələlik bu görüş milli təhlükəsizlik və xarici siyasət üzrə müşavirlər və müvafiq XİN-lərin siyasi direktorları səviyyəsində keçirilir.
Bu, ikinci belə görüşdür. İlk görüş iyunun 24-də Kopenhagendə keçirilib, 15 ölkə iştirak edib. Hazırda 40 ölkə dəvət olunub.