Xaçaturyanı yaxaladıq, amma Putinin “desantı” hələ Kəlbəcərin kəndində kilsə təmir etdirir...
2842
31 Jul 2023 | 08:03

Xaçaturyanı yaxaladıq, amma Putinin “desantı” hələ Kəlbəcərin kəndində kilsə təmir etdirir...

"İyulun 28-də, söz verdiyimiz kimi, Müqəddəs Akobavank monastırının bərpasına başladıq. Monastırın keşişi Ter-Hovannes tərəfindən təklif olunan bu layihə təkcə yaxınlıqdakı kəndlərin sakinlərini deyil, həm də Artsaxın müxtəlif bölgələrindən, Martakertdən, Stepanakertdən olan sakinləri birləşdirdi. Bir neçə nəsil bir yerdə işləyirdi - ən kiçiyinin 16-17, ən yaşlı babanın isə 83 yaşı var idi. Biz ərazini təmizləməyə və monastırın ətrafındakı bərpa işlərini  başladıq".
Moderator.az xəbər verir ki, “ArmenianReport”un yaydığı məlumata görə, bunu özünün “Facebook” səhifəsində Putinin Azərbaycan torpaqlarındakı milyarder “desantı”, separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyan yazıb.
 
Söhbət Kəlbəcər rayonunun Rusiya “sülhməramlı”larının müvəqqəti(?) nəzarəti və separatçı-terrorçu rejimin faktiki işğalı altında qalan Kölətək kəndi yaxınlığındakı qədim Azərbaycan-türk tayfalarına aid xristian məbədindən gedir.
“Biz Artsaxda çoxlu sayda uzunmüddətli strateji proqramlar həyata keçiririk və onlar, əlbəttə, vacibdir. Lakin bu layihə mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Məhz bu çətin zamanda belə işlər mənəvi dəyərlərimizi qoruyub saxlamağa kömək edir və hər şeyə rəğmən torpağımızda yaşayacağımıza inamı gücləndirir.
Biz həmçinin burada məktəbi təmir etməyi, evləri yenidən tikməyi, ərzaq saxlamaq, uşaqları və qadınları hərbi əməliyyatlar zamanı təhlükəsiz saxlamaq üçün sığınacaqlar təşkil etməyi planlaşdırırıq",- deyə R.Vardanyan davamında yazır.
 
Zəruri şərh:
 
Şükür Allaha ki, 32 il öncə Qarabağda xalqımıza qarşı cinayət törətmiş hayklardan birini - Vaqif Xaçaturyanı Laçın “sərhəd-buraxılış” məntəqəsində həbs etdik... Amma təəssüf ki, hələ Qarabağ torpağımızda minlərlə belə terrorçu canilər var. Və ən başlıcası,onları Azərbaycana qarşı növbəti revanşist hərəkata həvəsləndirən indiki və keçmiş separatçı rejim rəhbərləri  Araiklər, Saakyanlar, Qukasyanlar, Babayanlar, həmçinin artıq bir ilə yaxındır ki, qanunsuz olaraq torpaqlarımızda ictimai-siyasi, iqtisadi-maliyyə fəaliyyəti ilə məşğul olan Rusiya milyarderi Ruben Vardanyan var.  Gərək “strateji müttəfiqimiz” olan Rusiyanın, Putinin dəstəyi ilə adları Vaqif Xaçaturyan kimi beynəlxalq(!) axtarış siyahısında olan Araikləri, Saakyanları 2020-ci ilin noyabrın 10-dan bəri, R.Vardanyanı isə 2022-ci ilin sentyabrından həbs edə idik... 

Zəruri arayış və xatırlatma:

1992-ci ilədək Ağdərə rayonuna daxil olmuş Kolatağ(yaxud Kolətək) kəndi Qırxqız dağ silsiləsindən axıb Xaçınçay çayına tökülən eyniadlı çayın sol sahilində, Xocalı rayonu ərazisindəki 1706 metr dağ yüksəkliyindən 3 km məsafədə yerləşir.  Kəndin adının əsli Kolətəkdir. Oykonim kol (meşəlik, xırda meşə) və ətək komponentlərindən düzəlib, "meşə ətəyi" mənasındadır. Yaşayış məntəqəsi meşə ətəyində salındığı üçün belə adlandırılmışdır. Bəzi tədqiqatçıların fikrinə görə, toponim əslində Gulyataq olub, "güllü, çiçəkli yataq" mənasındadır. 
 
Kolatağ kəndi 1993-cü ilin yayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib və 44 günlük savaşdan sonrakı 10 noyabr razılaşmasına əsasən Rusiyanın sülhməramlı kontingentinin nəzarətinə və faktiki olaraq separatçı-terrorçu rejimin və Ermənistanın nəzarətinə verilib.
Hələ bu ilin fevral ayında xəbər verdiyimiz kimi, inzibati-hüquqi cəhətdən Azərbaycanın Kəlbəcər rayonuna aid olan Kolatağ kəndində Milli Ordumuzun müzəffər savaşından sonra işğaldan azad olunmuş digər ərazilərimizdən, əsasən Şuşa və Hadrutdan  köçmüş erməni ailələri üçün separatçı rejim tərəfindən yeni evlər tikilməyə başlanıb. İyun ayında isə erməni “xeyriyyəçi” Ayk  Maqakelyanın maliyyə dəstəyi sayəsində bu Azərbaycan kəndində tikilmiş yeni  24  ev artıq köçkün(?) ermənilərin istifadəsinə verilib...

Yenicə  “Akopavank” məbədinə qanunsuz keşiş təyin olunmuş Ovanes Ovannisyan isə işğal dövründə Kəlbəcər rayonunun qanunsuz keşişi olmuş erməni terrorçusudur. Ovannes Ovannisyan birinci Qarabağ müharibəsində də Azərbaycana qarşı vuruşub, oğulları ilə bərabər 2016-cı ilin aprel savaşında da iştirak edib. 44 günlük savaş nəticəsində Kəlbəcərdən ermənilərin çıxmalı olduğu elan edildiyi vaxtda, yəni 2020-ci ilin noyabrında isə bu üzdəniraq “keşiş” əlində avtomat Xudavəng məbədinin yanında dayanaraq "Erməni xaçkarlarına toxunmayın. Dadivank Azərbaycana verilməyəcək!” bəyan edərək deyib ki, məbədi tərk etməyəcək...

Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər