“Ağıllarına, ağızlarına gələn əndrabadi mahnıları oxuyurlar”
“Mahnıda əsas söz gözəl olmalıdır. Ümumiyyətlə mənim üçün ən birinci sözdür. Söz çox önəmlidir. Musiqi də yaxşı olmalıdır. Söz mənalı olmalıdır ki, musiqi də yerinə otursun. Gərək onu ifa edən müğənni də savadlı olsun. “Gedəcəyəm” mahnıma görə bir toyda mənə 15 min manat qonorar ödəyiblər. Sevilən mahnıdır, illərdir dinlənilir. 21 il bundan əvvəl oxumuşam. Mahnı yaşayır. Zatən mənim repertuarımda zəif mahnı yoxdur. Musiqi zövqümlə, istedadımla fəxr edirəm. İstedad hamıda ola bilər, amma zövq hamıda olmur. Yaxşı ki, elə belə mahnılar oxumuşam”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni İlahə Fəda deyib.
“Şansı insan özü yaradır. Yaxşı sənət olmalıdır. Oxumağı, ifa etməyi bacarmalısan. Yaxşı oxuyursansa 3 gün tez, 3 gün gec o görünəcək. Mən sənətin müqəddəsliyinə inanıram. Sənət mənim üçün çox müqəddəsdir. Çalışıram ki, Allahın mənə verdiyi bu istedada xələl gətirməyim. Musiqi adı altında əndrabadi sözlər oxuyub, hərəkətlər edənlər var. Bilmirsən ki, nə oxuyurlar. Ağıllarına, ağızlarına gələni ifa edirlər. Bir savadlı musiqiçi kimi, vətənpərvər insan kimi bu məni narahat edir. Musiqimizi mühafizə etmək istəyirəm. Üzeyir bəyin bizim üçün yaratdığı möhtəşəm musiqidən sonra bayağı mahnılar ifa etmək heç cür qəbul edilməzdir. Ən əsas məsələ də odur ki, cəmiyyətin yarı hissəsi də həmin mahnıları və ifaçıları dinləyir”, - deyə müğənni bildirib.
Müğənni bacısı Fədayə Laçından da danışıb.
“İkimiz də eyni vaxtda oxumağa başlamışıq. Mən böyük bacı olduğuma görə çalışmışam hər zaman ona kömək edim. Lazım olanda mahnıları ona başa salmışam, çalışmışam yaxşı mənada repertuarına müdaxilə edim ki, yaxşı ifalar olsun. Çünki oxuya bilir axı! Mənim bacım sənətkardır! Mən hələm-hələm ağlayan deyiləm. Amma bacım Fədayənin ifasına ağlayıram. Bəzən olur ki, evdə özümüz üçün oxuyuruq, yaxud da efirdə o oxuyanda izləyirəm, deyirəm ki, az qalır ürəyi partlasın. O duyğuları insanlara, tamaşaçılara çatdıra bilir. Ona qurban olaram” , - deyə sənətçi bildirib.
İlahə Fəda sevgidən də danışıb.
“Sevgi təkcə qarşı cinsə olan bir hiss deyil ki. Həyat sevgi üzərində qurulub. Sevgisiz həyat yoxdur. Yaradıcı insanlara sevgi ümumiyyətlə vacibdir. Mən o sevginin lap gözəlini yaşamışam”, - deyə müğənni bildirib.