"Moskva Ukrayna iqtisadiyyatını əsas gəlir mənbəyindən məhrum etmək istəyir və dünyada insanların ərzaq tələbatına etinasız yanaşır..."
ABŞ Dövlət Departamenti Rusiyanın Ukrayna şəhərləri və limanlarına raket zərbələrini şərh edib. Departamentin nümayəndəsi Metyu Miller vurğulayıb ki, Rusiya məqsədyönlü şəkildə Ukrayna iqtisadiyyatını həlledici gəlir mənbəyindən məhrum etmək istəyir.
Moderator.az xəbər verir ki, bu barədə "unian.net" nəşri yazıb.
"Rusiyanın Qara dəniz taxıl təşəbbüsündən çıxdıqdan sonra ötən həftə pilotsuz uçuş aparatları ilə atəşlər və zərbələri nəticəsində onlarla insan həlak olub və yaralanıb.
YUNESKO-nun irsinə aid obyektlər, o cümlədən Spas-Preobrajenski məbədi dağıdılıb, liman infrastrukturu və taxıl ehtiyatı məhv edilib, bu da bütün dünyada yüz minlərlə insana təsir göstərə bilər", - bəyanatda deyilir.
Dövlət Departamentinin spikeri təcavüzkarın Qara dənizin bütün limanlarını blokadaya saldıqdan sonra mühüm ixrac marşrutunun keçdiyi Dunaydakı taxıl anbarlarına Rusiyanın hücumunu xatırladıb.
Onun sözlərinə görə, bu "qəsdən edilən zərbələr Rusiyanın Ukraynaya qarşı özünün qanunsuz müharibəsində ərzaqdan silah kimi istifadə edilməsinə hazır olduğuni nümayiş etdirir".
O, vurğulayıb ki, Moskva "Ukrayna iqtisadiyyatını əsas gəlir mənbəyindən məhrum etmək istəyir" və bütün dünyada insanların ərzaq tələbatına etinasız yanaşır.
"Birləşmiş Ştatlar, müttəfiq və tərəfdaşlarımız özünü müdafiə edən və suveren ərazilərini geriyə qaytarmaq uğrunda mübarizə aparan Ukraynaya sarsılmaz dəstəyini davam etdirəcək. Biz bərpa və yenidənqurma üzərində işləyən ukraynalılara dəstək verməkdə davam edəcəyik.
Rusiya öz qoşunlarını geriyə çəkməyincə və sülhdə maraqlı olduğunu nümayiş eydirməyincə, bizim ümumi məsuliyyətimiz Kremldən Ukraynaya və onun xalqına hücumlara son qoymağı tələb etmək, Ukraynaya öz ərazisini və öz insanlarını müdafiə edilməsində kömək etmək, həmçinin Rusiyanı bir çox insanlara yaşatdığı əzab və iztirablara görə məsuliyyətə cəlb etməkdən ibarətdir", - Miller deyib.
Ukrayna limanlarının atəşə tutulması
İyulun 17-də Rusiya Ukraynanın öz taxılını Qara dənizlə Afrika və Asiya ölkələrinə ixrac etməyə imkan verən "taxıl sazişi"nin müddətinin uzadılmasından imtina etdikdən sonra Odessa vilayəti raket zərbələrinə məruz qalır.
Rusiyalılar həm liman infrastrukturuna və taxıl anbarlarına, həm də, sadəcə, Odessanın mərkəzinə zərbələr endirir. Nəticədə xeyli dağıntılar var.
Odessanın mərkəzində yerləşən və YUNESKO-nun mühafizəsi altında olan Spas-Preobrajenski məbədi, Çinə göndəriləcək 60 min ton taxıl məhv edilib. Eyni zamanda, uyulun 24-ə keçən gecə rusiyalılar Dunay limanlarına dronlarla hücum edib.
Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov hesab edir ki, Rusiyanın limanlara hücumlarının məqsədi Rusiyanın müvəqqəti işğal etdiyi ərazilərindən oğurlanan taxılın satışına imkan əldə etməkdir.