“Ey insanlar, niyə düz bildiyiniz şeyləri rahat şəkildə demirsiniz? Niyə bunları içinizdə saxlayır və haqqı gizlətməklə batilə don geyindirirsiniz?”(Qurani-Kərim, Ali-İmran surəsi, 71-ci ayə)
"Danışmaq haqqını insandan alsan, düşünməsinə əngəl yaratsan, onun insanlığına təcavüz etmiş olursan. Siz fikirlərinizi dilə gətirməsəniz, düşüncəniz paslanacaq..."
"Bütün dünya bu nəticəyə gəlib və azad düşüncəni boğan diktator rejimlər həmişə süquta uğrayıblar.."
İslamda söz azadlığı...
İslam nədir və İslamı necə tanıyırıq? Bu iki məsələni bir-birindən ayırmaq lazımdır. Müasir dövrdə ən böyük problemlərimizdən biri İslamı olduğu kimi deyil, təqdim edildiyi kimi tanımağımızdır. İslamla tanış olmaq üçün birbaşa bu dinin özünü, qaynağını araşdırmaq əvəzinə ən subyektiv vasitələrə üz tuturuq. Hansısa şəxsləri, yaxud hansısa ölkələri etalon qəbul edirik, ata-babalarımızın islam olaraq qəbul etdiyini, ictimai şüuru meyar götürürük, bəzənsə təəssübkeş bir xristianın, hətta ateistin sözlərini qeydsiz-şərtsiz qəbul edirik. Aydındır ki, bir nəsnənin həqiqətinə çatmaq üçün ən uzun və dolaşıq yol özündən kənar vasitələrə üz tutmaqdır. Bir şəxsi tanımaq üçün ən ağıllı seçim onun özü ilə görüşmək, suallar vermək, fikirlərini dinləmək və davranışlarını müşahidə etməkdir. Subyektiv vasitələri kənara qoymaq lazımdır. İslam necədir və necə təqdim olunur? İslamı tanımaq üçün də ən ən doğru yol onun özü ilə bilavasitə təmas edib və nəzəriyyələri, konsepsiyaları ilə tanış olmaq və ən mühüm qavramlara olan münasibətini araşdırmaq lazımdır. Bunlardan da ən mühümü – söz azadlığıdır...
İslamda söz azadlığı varmı? İslama görə düşüncəni rahat ifadə etmək olarmı?..
Bir çoxları İslamın qətiyyən söz azadlığını qəbul etmədiyi, insanları doqmalarla düşünməyə məcbur etdiyi iddiasındadırlar. İslam deyir ki, burada otur. Niyə? Bunu soruşmağa ixtiyarın yoxdur. Ağılı susdurub doqmalarla yaşamaq, hər şeyə təqlidi yanaşmaq isə müasir azad təfəkkürlü insanın ruhuna ziddir. Müasir insan təqlidi yox, tənqidi düşünmək istəyir. Mahiyyətini dərk etmədiyi işi icra etməkdən boyun qaçırır. İbtidai icma quruluşundan orta əsrlərə qədər hakim olan təqlidi, doqmatik düşüncə tərzini çoxdan torpağa gömüb və düşüncə intibahı yaşamaqdadır. Və İslamın onun azad düşünmək, düşündüklərini bəyan etmək haqqına təcavüz etdiyini düşünür. İnsanam, düşünən varlığam və bu, mənim varlığımın mahiyyətini təşkil edir. İslam isə bu mahiyyəti, başqa sözlə, insanlığımı əlimdən almaq istəyir. Mən öz insanlığımdan əl çəkə bilmərəm, odur ki, məni buxovlayan məktəbi qara siyahıya salıram. Bəli, onlar bu cür düşünürlər. Bəziləri də tək İslamın deyil, ümumiyyətlə, bütün dinlərin insanları zəncirlədiyini deyir...
Fəlsəfə insanı belə təqdim edir: İnsan DÜŞÜNƏN canlıdır. Canlılar çoxdur, amma o canlılar növündən bizi ayıran özəlliyimiz – düşüncəmizdir. İslam isə gəlib deyir ki, mən məni MƏN edən, fərqli edən əsas xüsusiyyətimdən əl çəkməliyəm. O zaman digər canlılardan nə fərqim qalır? Mən də oluram bir heyvan. İslam gəlib birbaşa mənim mahiyyətimə hücum edir. Ona görə də İslamla düşmənəm. İslamafobiyanın əsas səbəblərinin kökündə də bu təfəkkür durur...
Digər bir incə məqam: Aristoteldən bu yana fəlsəfə insanı ˝düşünən canlı˝ kimi təqdim edəndə düşüncəni nitqlə xarakterizə edir. Deyir, insan DANIŞAN canlıdır. Görəsən, nəyə görə düşüncəni nitqlə əlaqələndirir? Tərif hərfi tərcümədə bu cür səslənir: İnsan danışan canlıdır. Məna olaraq təfəkkürü nəzərdə tutur, ancaq onu “nitq” kəlməsi ilə ifadə edir. Yəni rahatlıqla demək olardı ki, insan təfəkkür edən canlıdır. Lakin danışmaq, düşüncəni bəyan etmək insanın insanlığı olan təfəkkürlə o qədər ayrılmaz əlaqədədir ki, təfəkkürü məhz bu xüsusiyyət xarakterizə edir. Danışmaq haqqını insandan alsan, düşünməsinə əngəl yaratsan, onun insanlığına təcavüz etmiş olursan. Siz fikirlərinizi dilə gətirməsəniz, düşüncəniz paslanacaq. İnsan fitrən içindəki fikirləri, hiss və düşüncəsindəki təbəddülatları dilə gətirmək, başqaları ilə paylaşmaq istəyinə sahibdir. Kim bu cür deyilsə, həyatda sadəcə instinktlərlə yaşayır və digər canlılardan heç nə ilə fərqlənmir. Ona görə də fəlsəfə insanı digər canlılardan nitqə sahib olma xüsusiyyəti ilə fərqləndirir...
Deməli, fikir bəyanı bu qədər əhəmiyyətlidir. Bütün dünya bu nəticəyə gəlib və azad düşüncəni boğan diktator rejimlər həmişə süquta uğrayıblar. İslam isə nə edir? Bizi nitqdən, fikirlərimizi bəyan etməkdən, dolayısıyla da düşünməkdən məhrum etmək istəyir. Bu, islamofobların islam haqqında düşüncəsidir. Bəs onları belə düşüncəyə aparıb çıxaran səbəblər hansılardır? Bunun özü ayrıca bir araşdırma mövzusudur. Gəlin, əvvəlcə, İslam özü bu iddialara qarşı nə deyir, onu araşdıraq.
Dini mətnlərə müraciət etdikdə görürük ki, İslamın və dini mətnlərin boynuna yüklənən bir çox məsələlər heç bir tarixi faktla, nə də yazılı mənbə ilə təsdiqini tapmayıb. İlk öncə İslamın öz müqəddəs kitabına müraciət edək. Qurani-Kərim peyğəmbərlərin vəzifələrini açıqlayır. Qurana görə bu vəzifələr hansılardır? Peyğəmbər, ilk növbədə, tövhid inancını insanlar arasında yayır, dinin əsas konstitutsiyasını, bazasını və tezislərini təqdim edir, tərbiyə və mənəvi paklanma mövzularını, doğru yaşam qaydalarını ətraflı açıqayır. Və ən önəmlisi – insanlara danışmaq haqqı verir. Bunu, bəlkə də, bir çoxlarınız ilk dəfə eşidirsiniz. Gəlin, bir ayəyə baxaq. Əraf surəsinin 157-ci ayəsi əhli-kitabın öz müqəddəs kitablarından – Tövratdan və İncildən adını oxuyub qəbul etdikləri peyğəmbərin vəzifələrini bəyan edir:
˝O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların üzərlərində olan ağır yüklərini yüngülləşdirər və üzərlərində olan buxovlardan xilas edər˝.
Ayə gözəl işləri əmr etməyi, pis işlərdən çəkindirməyi peyğəmbərlərin missiyalarından biri kimi təqdim etməklə yanaşı onların başqa bir vəzifəsinə də işarə edir: insanların istismarına, haqq və hüquqlarının, yaradılışla layiq olduqları azadlıqlarının məhdudlaşdırılmasına səbəb olan buxovları qırmaq. Aydındır ki, insanın ən böyük haqqı və yaradılışla layiq olduğu ən böyük nemətlərdən biri – söz azadlığı, sərbəst fikir bəyanıdır. Peyğəmbərlər insanların nitqində, təfəkküründə olan zəncirləri qırır, sərbəst düşünmələrinin qarşısını alan qadağaları onların üzərindən götürür.
Ali-İmran surəsinin 71-ci ayəsi isə bu mənanı ifadə edir:
“Ey insanlar, niyə düz bildiyiniz şeyləri rahat şəkildə demirsiniz? Niyə bunları içinizdə saxlayır və haqqı gizlətməklə batilə don geyindirirsiniz?”
Bir çox ayələr isə həqiqəti, doğru bildiyini gizlədən insanı çox zalım biri kimi təqdim edir. Çünki bu əməli ilə yalanın, yanlışın möhkəmlənməsinə zəmin yaradır...
Bu hədis də İmam Sadiqdəndir: İnsanlar müxtəlif yerlərdən İmamın yanına gəlirlər. İmam onlara gəldikləri məntəqələrdən suallar verir. Soruşur: “Siz öz məmləkətinizdə istədiyiniz məkanda toplaşa bilirsiniz? (Bu, azad toplaşmaq haqqına işarədir) Həmin məkanlarda rahat şəkildə müzakirələr apara bilirsiniz? Çəkinmədən ürəyinizdəkiləri ifadə edə bilirsiniz? Bəyənmədiyiniz və ya qəbul etmədiyiniz fikirlərə, hadisələrə, yaxud şəxslərə qarşı etirazınızı bildirə bilirsiniz? İstədiyiniz adamla dostluğunuzu izhar edə bilirsiniz?” Bəzən müəyyən təzyiqlərə görə bəlli bir şəxslə yaxın olduğunu, onun fikirlərini qəbul etdiyini dilə gətirmək təhlükəli olur, imam da buna işarə edir. Həmin şəxs cavab verir ki, “Bəli, biz bunları edə bilirik”. İmam buyurur: “Mövcud olmaq, yaşamaq, həyat bu deyilmi?..”
(Davamı var)
Rövşən Abddullaoğlu
//rovshanabdullaoglu.com/meqaleler/islamda-soz-azadligi-175