“Yatıb durub, şit zarafat edib, sənətə gəlməyi düşünürlər, teatrlarda işləmək istəmirlər”
3476
21 Jul 2023 | 17:41

“Yatıb durub, şit zarafat edib, sənətə gəlməyi düşünürlər, teatrlarda işləmək istəmirlər”

“Mirvari Novruzova və Əli Zeynalov yaxın qohumlarımdır, heç vaxt adlarından istifadə etməmişəm”
 
“Xoşbəxt bir aktrisayam ki, hər janrda oynamışam. Elə bir aktyor, aktrisa var ki, ömrünün sonuna qədər deyir, arzulayır ki, özümü komediya janrında da sınayım. Vaxtında çox rollar istəmişəm ki, oynayım, amma bu mənə qismət olmayıb. Çox istərdim ki, Anna Kareninanı oynayım”
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva deyib.
 
 
Aktrisa yaxın qohumları olan sənətkarlardan da danışıb.
 
“Anamın xalası məşhur aktrisa Mirvari Novruzova olub. Xalq artisti Əli Zeynalov da onun həyat yoldaşı idi. Mən elə Mirvari xanıma da nənə deyə müraciət edirdim. Heç vaxt adlarından istifadə etməmişəm. Alın yazısına inanıram. Alın yazısı da, şans da vacibdir. Şanslı olmaq daha önəmlidir. Məndə daha çox alın yazısı olub. Bu gün nələri əldə etmişəmsə, göydən düşmə olmayıb. Hər bir işimin əziyyətini çəkmişəm. Tamaşaçılarım sağ olsun ki, onların sevgisini qazana bilmişəm. Bir insan deyə bilməz ki, hamı onu sevsin. Bu mümkün deyil. Uzun illər bundan öncə “Pəri Cadu” tamaşasında Hafizə xanım rolunu oynamışdım. Bu tamaşamıza Mirvari Novruzovanın qızı Sədaqət xanım da baxmışdı. Mənə dedi ki, Soniçka, illər əvvəl Mirvari xanım da bu tamaşada həmin rolu oynamışdı. Bundan mənim xəbərim yox idi. Çünki onlar sənətdə olanda mən çox balaca idim” deyə sənətçi bildirib.
 
 
Aktrisa gənclərə də məsləhətini bildirib.
 
“Bu sənəti sevsinlər. İlk növbədə sevsinlər və ciddi baxsınlar. Düşünməsinlər ki, yatdım, durdum, hardasa bir şit zarafat etdim və bu sənətə gələ bilərəm. Çox istərdim ki, aktyor-aktrisalar təhsilli olsunlar. Universitet tələbələri var ki, teatrlarda işləmək istəmirlər. Tez bir zamanda populyar olub, pul qazanmaq istəyirlər. Maddiyat da lazımdır. Amma sənətlə maddiyatı eyni tərəziyə qoyanda sənət daha ağır gəlir” deyə aktrisa bildirib.
Link kopyalandı!
Son xəbərlər