“Bəzən zəhmli, zabitəli göründüyümü, mənə yaxınlaşmağın onlar üçün çətin olduğunu deyirlər”
3230
18 Jul 2023 | 23:06

“Bəzən zəhmli, zabitəli göründüyümü, mənə yaxınlaşmağın onlar üçün çətin olduğunu deyirlər”

“Nə qədər gücüm var sənətdəyəm, yəqin ki, bir gün mən də səhnədən gedəcəm”
 
“Nə qədər gücüm, qüvvəm var hələ ki, sənətdəyəm. Səhnəni, sənəti sevirəm. Bəlkə də səhnə yeganə məkandır ki, mən orada tam xoşbəxtəm. Sağlamlığım imkan verən günə qədər səhnədə olacam. Hər şeyin əvvəli olduğu kimi, sonu da var. Yəqin ki, bir gün mən də səhnədən gedəcəm. Tələbələr yetişdirirəm, onlar gəlib səhnədə öz layiqli yerlərini tutacaqlar. Mən buna əminəm. 20 ilə yaxındır ki, Mədəniyyət və İncəsənət universitetində dərs deyirəm. Ümidvaram ki, o tələbələrin içindən istedadlıları çıxacaq. Bizim xalqımız çox istedadlı xalqdır. Nəslin davamı gəlir”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram teatrının aparıcı aktrisası Bəsti Cəfərova deyib. Aktrisa bildirib ki, teatrda hər zaman güclü qadın rollarını oynayıb.
 
“Həyatda da çox güclü qadınam. Bu oynadığım obrazlara da yansıyıb. Bəzən insan güclü olmaqdan da yorulur. Hərhalda qadın qadındır. Hər aktyorun, aktrisanın oynadığı bir mövzu olur. Mənim mövzum səhnədə tənha qadın mövzusudur. Oynadığım Afət də tənhadır, nə qədər Qaratay sevgilisi olsa da, həyat yoldaşı olsa da. Ağabəyim ağanın özü də, Qətibə İnanc da tənhadır. Bu mövzu mənə rast gələndə yüzdə yüz bilirəm ki, həmin tamaşa baş tutacaq” deyə sənətkar bildirib.
 
 
Sənətkar qızı, aktrisa-aparıcı Fidan Cəfərovadan da danışıb.
 
“Çox istəyirdim ki, qızım rəssam olsun. İncəsənət gimnaziyasında təhsil alırdı. Oranı bitirəndə dedi ki, mən istəyirəm elə bir sənət seçim ki, ömür boyu mənə maraqlı olsun. Fidan rejissorluğu seçdi. Bizim teatrda onunla bir tamaşa qurdum. Nağıl tamaşası idi. Həmin tamaşaya Fidanı da cəlb etdim. Daha sonra başqa bir tamaşada rejissor asistenti oldu. “Qətibə İnanc” tamaşası qoyulanda rejissor Mərahim Fərzəlibəyov belə məsləhət gördü ki, Qətibə İnancın cavanlığını Fidan oynasın. İndi aparıcılıq edir” deyə sənətkar bildirib.
 
Aktrisa tərəf müqabillərindən də danışıb.
 
“Çox güclü tərəf müqabillərim olub. Mən onların hamısından razıyam. Allah ölənlərə rəhmət etsin, qalanlara can sağlığı versin. Rafael Dadaşov mənimlə oynamağı çox sevərdi. Tərəf müqabillərimi çox sevmişəm. Tərəf müqabillərim içərisində zəif aktyor olmayıb. Olsa da mən çalışaram onu da öz səviyyəmə qaldırım” deyə sənətkar bildirib.
 
 
Aktrisa xasiyyətindən də danışıb.
 
“Kənardan çox zabitəli, zəhmli görünə bilərəm. Çoxları deyir ki, mənə yaxınlaşmaq bir qədər çətindir onlara. Mənimlə yaxın olan insanlar bilir ki, içimdə o balaca Bəstini hələ də öldürməmişəm. Nə pisliyi unuduram, nə də yaxşılığı. Bu mənim xasiyyətimdir” deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər