“Mənə deyirdilər ki, sənətdə olanların xoşbəxt ailəsi olmur...” - Xanım Qafarovanın qızı
Ekskluziv
9075
28 Jun 2023 | 18:20

“Mənə deyirdilər ki, sənətdə olanların xoşbəxt ailəsi olmur...” - Xanım Qafarovanın qızı


“Anam dünyasını dəyişəndə mən atamın yanında idim, eşidəndə şok yaşadım, məndən gizlətmişdilər”

 

“Həm anım günlərində, həm də doğum günlərimdə anamın məzarı üstünə gedirik. Adi günlərdə də getdiyimiz olur. Mən nənəmi də, xalamı da öz anam kimi görürəm. Onlar həqiqətən də məni öz övladları kimi böyüdüblər. Ana sevgisini, ana qayğısını, anamın iyini onlardan alıram. Tez-tez xalamla, nənəmlə məsləhətləşirəm. Xalam qızını özümə bacı bilirəm. Dərslərimlə də ciddi məşğul oluram. Anamın mənimlə bağlı ən böyük arzusu məhz təhsilli, savadlı biri olmağım idi. Ona görə də dərslərimi yaxşı, məsuliyyətli oxumağa çalışıram. İstərdim ki, xarici ölkədə təhsil alım”.

 

Bunu Moderator.az-a açıqlamasında mərhum aktrisa Xanım Qafarovanın qızı Gövhər Qafarova deyib.

 

“Anamım vaxtilə çalışdığı Akademik Musiqili Teatrdan hər zaman böyük diqqət və qayğı görürük. Amma teatra bir o qədər gedib-gəlmirəm. Çünki evdə bir xalamdır, bir də nənəm. Yolum da düşmür, aparan da yoxdur. Video görüntüləri, filmlərini, tamaşalarını internetdə izləyirəm. Anam xəstə olmağına baxmayaraq “Qaynana” serialında çəkilirdi. Orada qoca nənə rolunu oynayırdı. O rolunu çox sevirdim. Anam hər dəfə çəkilişdən qayıdanda mənə hədiyyə alıb gətirərdi, mən də onun ayaqqabılarını çıxartmağına kömək edərdim. Çünki xəstə idi, ağrıları var idi. Mən onun üzünü evdə çox görmürdüm. Çox işləyirdi, hədsiz dərəcədə çox” deyə sənətkarın övladı bildirib.

 

Gövhər anasının itkisini öyrənəndə böyük şok yaşadığını bildirib.

 

“Anam dünyasını dəyişəndə mən atamın yanında qalırdım. Anamın rəhmətə getdiyini mənə deməmişdilər. Mən bu xəbəri bağçada öyrənmişdim. Öyrəndiyim gün şok oldum, özümə gələ bilmədim. Heç bir uşağa arzulamıram ki, körpə vaxtından anasız qalsın. Hər gün anamın şəkili ilə danışıram. Təbii ki, bunu xalamdan, nənəmdən gizlin edirəm. İstəmirəm ki, onlar da eşidib, pis olsunlar. Dərdləşirəm, məsləhətləşirəm. Anamın mənə qayğısı böyük olub. Könlümü tez alırdı. Ağlayan kimi gözlərimdən, əllərimdən öpürdü. Böyüdükcə başa düşürəm ki, anasını itirən uşaq tək mən deyiləm. Bu da mənim ən böyük təsəllimdir” deyə sənətkarın qızı deyib.

 

Gövhər deyir ki, aktrisa olmaq istəsə də, bu istəyindən imtina edib.

 

“Böyüyəndə aktrisa olmağı düşünürdüm. Amma nənəm də, xalam da mənə başa saldılar ki, bu sənət çox çətindir. Sənətdə olanların əksəriyyətinin xoşbəxt ailəsi olmur. Ailələri olsa belə ona vaxt ayıra bilmirlər, daim problem olur. Azərbaycanda iki uşaq filmində çəkilmişdim. Sonra Mübariz Mənsimovun köməkçisi zəng vurub dedi ki, səni Mahsun Kırmızıgülün “Mucize aşk-2” filminə çəkmək istəyirlər. Mübariz bəy bunu ondan xahiş etmişdi. Çəkilişlərdə Mahsun bəylə yaxından tanış olduq. Çox sadə insandır. Mənim aktrisanın qızı olduğumu bilib, deyirdi ki, səndə istedad var, bu sənəti davam etdirməlisən. Amma mən aktrisa olmaq istəmirəm. Ola bilsin ki, bu sənəti gələcəkdə xobbi kimi davam etdirim” deyə sənətçinin qızı deyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər