“Biz ümumtürk əlifbasını yaradırıqsa, onun kamilliyini təmin etmək üçün...
5176
27 Jun 2023 | 19:35

“Biz ümumtürk əlifbasını yaradırıqsa, onun kamilliyini təmin etmək üçün..."-Psixolinqvist

“Əlifbamızda bunu etsək, zehində tormozlanmanın qarşısını alar, yazı sürətini üç dəfə artırarıq...”
 
Azərbaycan cəmiyyətini maraqlandıran əsas məsələlərdən biri də gənc nəslin xeyli hissəsinin savadsızlığa, mütaliəsizliyə və elmsizliyə meyillənməsidir. Aydındır ki, cəmiyyət, xüsusilə də pedaqoq və dilçilərimiz hər şeydən əvvəl bunun səbəblərini araşdırıb, nəticələr çıxarmalı və bu nəticələr  əsasında tədbirlər görməlidir. Bəzi mütəxxəssislər gənclərimizin, ümumiyyətlə, Azərbaycan insanının az mütaliə etməsinin səbəblərindən biri kimi çağdaş əlifba qrafikamızın oxunuş üçün yorucu olmasıyla izah edir... 
 
Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dilinin yaradılması məsələsinin  gündəmdə olduğu bir dövrdə bu aktual problemlə bağlı Moderator.az üçün söhbət etdiyimiz pedaqoq və psixo-linqvist alim,  "Dil və ədəbiyyat” elmi-nəzəri jurnalının (“Dil və ədəbiyyat” jurnalı 1993-cü ildən stabil şəkildə çıxan böyük həcimli,(45 çap vərəqəsi) məcmuədir. Onun səhifələrində minlərlə  tədqiqatçının elmi araşdırmaları çapdan çıxmışdır) baş redaktoru Tahir Cəfərli bir sıra maraqlı fikirlər səsləndirməklə yanaşı, Azərbaycan dilinin müasir latın qrafikası çatışmazlıqları haqda digər dilçi alimlərin etirazlarına səbəb ola biləcək rəylər irəli sürüb və həmin əlifbada islahatlar aparılması üçün təkliflər verib. Alimlə söhbətimizi ictimaiyyətin və elmi dairələrin müzakirəsinə buraxırıq...
 
 
-Tahir müəllim, siz Türkiyə əlifbasında erməni təxribatının göstəricisi kimi bəzi sait səsləri əks etdirən hərflər üzərindəki nöqtələri göstərirsiniz və isbat edirsiniz ki, məhz bu amil türklərin zehnini tormozlayır, düşüncə tempinin aşağı düşməsinə səbəb olur. Bu nəticəyə necə gəldiniz? 
 
-Bu nəticəyə uzun müddətli psixolinqvistik tədqiqatlar nəticəsində gəlmişik. Türkiyədə latın qrafikası qəbul edəndə, bu elm hələ yox idi, dilçilik  primitiv səviyyədə  idi. Əlbəttə ki, heç bir türkiyəli alim əlifbanın zehnə təsirindən danışa bilməzdi...  
Əlifbanın kamilliyinin yazı sürəti ilə ölçülməsi məsələsi ingilis, fransız, alman və s. Avropa mənbələrində geniş yer alsa da, o dövrün  Türkiyə cəmiyyətində belə hallara baxan belə yox idi. Bir kəlmə Atatürkün əlifbanı dəyişmə göstərişi vardı və ətrafı bunu qısa  müddətdə  həyata keçirmək əmri almışdı. Bunu həyata keçirən komissiyanın başında ermənilər durduğundan Türkiyə əlifbasında ciddi çatışmazlıqlar vardır. Amma indi bunları düzəltmək isə çox asan məsələdir...
 
- İndiki  dövrdə yüksək elmə sahib olan türkdilli xalqlar da Türkiyə əlifbasını əsas götürürlər... Bu halda nə etmək olar?
 
-Haqlısınız. Bu həqiqətən belədir. Türkiyə Respublikası türkdilli xalqların Türan ideyası ətrafında mənəvi birliyə çağırır. Türk birliyi ölkələri təşkilatı aktiv fəaliyyət göstərir. Əlbəttə ki, bu təşkilat türkdilli respublikaların birliyinin iqtisadi əsasını təşkil edir. Əlifba birliyi bu xalqları daha da yaxınlaşdıracaq və mənəvi birliyini təmin edəcək.
Aydındır ki, hər xalq öz türk əlifbasını öz dilinin fonetik qanunlarına uyğun yaradacaq, düşünməyə mane olan amillərdən uzaq duracaq. 
Biz ümumtürk əlifbasını  yaradırıqsa, həmin əlifbanın kamilliyini təmin etmək üçün NÖQTƏLƏRDƏN uzaqlaşmalıyıq. Çünki bu nöqtələr tormozlaşma  funksiyasını yerinə yetirir. Yazan insanı düşüncədən yayındırır, loru dildə desək keyləşdirir...
 
-Opponentləriniz sual verir ki, bir hərfi iki səslə ifa etməklə nəyə nail olmaq mümkündür ki? 
 
-Hər şeydən əvvəl əlifbadakı bir hərfi ixtisar etsək, zehində tormozlanmanın qarşısını alırıq. Yazı sürətini üç dəfə artırırıq. Yazı yazarkən nöqtələrin qoyulmaması bizi fikirdən ayırmır. Biz yazarkən qələm kağızdan ayrılmırıq. Əlifbanın kamilliyinə nail olmaq elə budur. Bununla yazı sürətini artırırıq, yazıya mane olan elementlərdən uzaqlaşırıq. Bütün dünyada gedən əlifba islahatlarının mahiyyəti də elə bundadır: yazı sürətini artırmaq... 
 
-Biz belə başa düşdük ki, əlifbamızda apara biləcəyimiz islahatlar ideyasına qardaş Türkiyə linqvistləri də qoşulacaq, çünki  bizim əlifbadakı nöqtələrlə  bağlı problemlər türk dilində də mövcuddur... 
 
-Yenə də təkrar edirik, biz sonuncu əlifbanı onların əlifbası üzərində yaratmışıq və onların buraxdığı səhvləri biz də buraxmışıq. Ötən söhbətimizdə dediyim kimi, apardığımız tədqiqatlar onu göstərir ki, Azərbaycan əlifbasından I-nı uzaqlaşdırsaq, İ-nin üzərindən nöqtəni götürsək, onun funksiyasına I - nı əlavə etsək, bu islahatın izi belə gözə dəyməyəcək, Azərbaycanın nöqtəsiz əlifbası öz hüsnxətini yaradacaq, insanlar üçün yazmaq asanlaşacaq...
 
-O da var ki, yaşlı nəslin bir hissəsi, yəni kirili bilənlər, hələ də heç cürə indiki qrafikaya uyğunlaşa bilmirlər...
 
- Səbəbi: indikinin sürətinin az olmasıdır. Bu  saat Azərbaycan cəmiyyətinin ən yüksək düşüncəli insanları yaşlı nəsildir. Yeni nəsil yaşlı nəslə tay olmaq üçün onun da düşüncə və yazı sürəti güclü olmalıdır. Biz psixolinqvistikanın dərin terminlərinə varmadan, adi dildə oxucularımıza sürətsiz əlifbanın vurduğu zərərlərdən danışdıq. Öz ziyalı  mövqeyimizi bildirdik. Çalışdıq ki, acı da olsa, həqiqəti xalqımıza çatdıraq... 
 
-Əifbamızda belə islahat bizə nə verə bilər?
 
(Davamı var)
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər