Azərbaycanda latın qrafikası yaratmaq tapşırığını Axundova Rusiya kəşfiyyatı verib?..
Ekskluziv
6009
23 Jun 2023 | 09:47

Azərbaycanda latın qrafikası yaratmaq tapşırığını Axundova Rusiya kəşfiyyatı verib?..

“Türk məmləkətlərində “əlifba islahatı”  ideyasının arxasında Rusiya imperiyasının türkdilli xalqların tarixi keçmişini öyrənə bilməməsi siyasəti də dayanırdı...”
 
Azərbaycan cəmiyyətini maraqlandıran əsas məsələlərdən biri də gənc nəslin xeyli hissəsinin savadsızlığa, mütaliəsizliyə və elmsizliyə meyillənməsidir. Aydındır ki, cəmiyyət, xüsusilə də pedaqoq və dilçilərimiz hər şeydən əvvəl bunun səbəblərini araşdırıb, nəticələr çıxarmalı və bu nəticələr  əsasında tədbirlər görməlidir. Bəzi mütəxxəssislər gənclərimizin, ümumiyyətlə, Azərbaycan insanının az mütaliə etməsinin səbəblərindən biri kimi çağdaş əlifba qrafikamızın oxunuş üçün yorucu olmasıyla izah edir... 
 
Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dilinin yaradılması məsələsinin  gündəmdə olduğu bir dövrdə bu aktual problemlə bağlı Moderator.az üçün söhbət etdiyimiz pedaqoq və psixo-linqvist alim,  "Dil və ədəbiyyat” elmi-nəzəri jurnalının (“Dil və ədəbiyyat” jurnalı 1993-cü ildən stabil şəkildə çıxan böyük həcimli,(45 çap vərəqəsi) məcmuədir. Onun səhifələrində minlərlə  tədqiqatçının elmi araşdırmaları çapdan çıxmışdır) baş redaktoru Tahir Cəfərli bir sıra maraqlı fikirlər səsləndirməklə yanaşı, Azərbaycan dilinin müasir latın qrafikası çatışmazlıqları haqda digər dilçi alimlərin etirazlarına səbəb ola biləcək rəylər irəli sürüb və həmin əlifbada islahatlar aparılması üçün təkliflər verib. Alimlə söhbətimizi ictimaiyyətin və elmi dairələrin müzakirəsinə buraxırıq...
 
-Tahir müəllim, XIX əsrin sonu  XX əsrin əvvəllərində Latın qrafikası ideyasının haradan gəldiyini diqqətlə təhlil edəndə belə bir nəticəyə gəlmək olur ki, bəlkə də bu, türkdilli xalqlar arasında mənəvi-irsi əlaqələrin pozulması məqsədi daşıyan Rusiya  imperiya siyasətinin nəticəsidir...
 
-Bu, düzgün fikirdir. Əski əlifba bütün türkdilli xalqları birləşdirirdi. Rusiya imperiyası xalqlarımızı yumruq kimi birləşdirməyə qadir olan əlifbanı aradan götürmək  məsələsini ortaya 19-cu əsrin sonlarında atdı və müsəlman xalqlarını latın qrafikasına keçirməyi qarşısına məqsəd qoydu. 
 
Azərbaycanda latın qrafikasını həyata keçirmək tapşırığını Rusiya xüsusi xidmət orqanları imperiyanın  kəşfiyyat polkovniki M.F.Axundova həvalə edib... 
 
“Əlifba islahatı”  ideyasının arxasında Rusiya imperiyasının türkdilli xalqların tarixi keçmişini öyrənə bilməməsi siyasəti də dayanırdı. Maraqlı bir fakt: indi məlum olur ki, Rusiya Tartariya, yəni türkdilli xalqların ən böyük imperiyasının əsasında 18-ci əsrdə meydana gəlib. Moskvanın özü Tartariyanın bir hissəsi olub. Qərb tarixçiləri açırlar sandığı, tökürlər  pambığı... 
 
İnformasiya əsrində ortaya çıxan faktiki materiallar türk xalqlarının tarixinin  necə dəyişdirildiyindən xəbər verir. Götürək elə IV İvan  Qroznını. O, özünü  Moskva knyazı, Simon Bekbulatoviçi (keçmiş adı Qasım xanı Sain Bulatı) 1575-ci ildə  “Bütün Rusiyanın hökmdarı” kimi tanıdı. Bu fakt IV İvanın taxt-taca oturması zamanı  qəbul olunan fərmanlarda öz əksini tapmışdır. Tarixi sənədlər ortaya çıxdıqca məlum olur ki, Simon Bekbulatoviç bu  vəzifəni 20 ilə yaxın müddətdə daşıyıb... 
 
Tariximizi sonralardan saxtalaşdıran rus tarixçiləri “Ermənistan” adlı coğrafi məkanı siyasi səhnəyə gətirməklə  erməniləri Qafqaz xalqları siyahısına sırıyıblar...
 
Bizim bəzi filoloq alimlərimiz M.F.Axundovun latın qrafikasına keçməyin təşəbbüskarı kimi qələmə versələr də, həqiqət başqadır. Arxiv materialların təhlil etsək  görərik ki, bu, Rusiya imperiyasının  türkdilli əyalətlərdə həyata keçirdiyi siyasətin bir elementidir. Çünki bu ideya  M.F.Axundovun yox, öncə dediyimiz kimi, Rusiya imperiyasının xüsusi xidmət orqanlarının  tapşırığı kimi qiymətləndirilməlidir...
 
İosif Stalinin də Latın qrafikasına start verməsi də bu siyasətin davamı kimi baxılmalıdır. Aydındır ki, onun  sanksiyası olmasaydı, Bakıda türkoloji konfrans keçirilməz və Latın qrafikasına mütləq keçməsinə yol verilməzdi... 
 
Türkiyənin  bu prosesə qoşulması aramızda olan yaxınlığı gücləndirsə də, 1939-cu ildə S.Vurğunun aktiv iştirakı ilə  “Kirill qrafikasına  keçməyimiz ilk növbədə Azərbaycanı Türkiyə və başqa türkdilli ölkələrin yeni mətbuat və kitablarından uzaqlaşdırmaq məqsədi  güdürdü...
 
Onu da qeyd etməliyik ki, Türkiyədə Latın əlifbasına tələm-tələsik keçdiklərindən əlifbanın yazı mahiyyəti  nəzərə alınmamışdır. İndiki bizim yeni latın  əlifbamızda da  Türkiyənin buraxdığı səhvlər təkrar olunmuşdur. Ən ciddi səhv türk əlifbası ilə yazanların yazı sürətinin düşünçə sürətindən geri qalmasıdır. Bu, psixolinqvistik nöqteyi-nəzərdən ən ciddi  çatışmazlıqdır...
 
Odur ki, istər bizim, istərsə Türkiyə əlifbasında  islahatların aparılması məsələsi aktuallaşmalıdır, çünki başqa türkdilli xalqların da Latın qrafikasına keçməsi məsələsi ortaya çıxıb və biz elə etməliyik ki, onların da yazı tempi düşüncə tempindən geri qalmasın... 
 
-Gəlin  məsələnin mahiyyətini açıqlayaq. Psixolinqvistik nöqteyi-nəzərindən əlifbamızı araşdıraq...
 
-Yadınıza maraqlı bir faktı salmaq istəyirəm. Latın qrafikasına 1991-ci ildə keçsək də, 2000-ci ildən sonra bütün qəzet və jurnalların latına keçməsinə göstəriş Prezident Heydər Əliyev tərəfindən veridi. Yəni hakimiyyətə gəlməsindən yeddi il sonra...  Heydər Əliyev iki əlifbanın fərqini bilirdi. Çünki həm kirillə, həm də latınla yazan Azərbaycan lideri bu fərqi aydın hiss edirdi. Kirillə latını müqayisə etsək Azərbaycan kiril qrafikasının yazı surəti  latın qrafikamızın yazı sürətindən üç-dörd  dəfə çoxdur, yəni kirillə yazanın düşüncə surəti latınla yazanın sürətindən yüksəkdir...
 
Bir sözlə, elmi tədqiqatların  nəticələrinə arxalanaraq tam əminliyi ilə deyə bilərik ki, Latın qrafikamız kamil qrafika deyil Bu səbəbdən  mövcud olan əlifbaların təkmilləşdirmə məsələlərini gündəmə gətirməliyik. Gəlin görək hansı cəhətlərinə görə bu əlifbalar, yəni Türkiyə və Azərbaycan əlifbaları insanların düşünmə qabiliyyətini tormozlaşdırır... 
 
Azərbaycan ziyalılarının yaratdığı Birinci Latın qrafikasına bunun  dəxli yoxdur, çünki bu əlifba  Azərbaycan dilinin  bütün xüsusiyyətlərini nəzərə alan mükəmməl əlifba idi. Onun yazı sürəti heç də Kiril qrafikasından geri qalmırdı. İkinci  Latın qrafikamız Türkiyə əlifbasının faktiki olaraq əksi olduğundan, ermənilərin yaratdığı və ortaya çıxartdığı qeyri-kamil əlifbanın təkrarıdır. Bu əlifba yazı sürətini aşağı saldığından düşünmə sürətini də heçə endirir. Yazı isə düşüncənin əks etdirən faktdır. Yazı sürəti nə qədər düşüncə sürətinə uyğun gəlsə, fərdin beyin məhsulu daha çox olar, loru dildə desək, daha çox yazı yaza bilər...
 
-Belə çıxır ki,  çağdaş Azərbaycan əlifba qrafikasında ilk gözə çarpan və yazıda tormozlanma yaradan faktor: bu əlifbada nöqtələrin çoxluğudur... 
 
(Davamı var)
 
Sultan Laçın
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər