“Bu gün işlətdiyimiz latın qrafikalı əlifba düşüncə sürətimizi tormozlayır...” -Psixolinqvist
5021
22 Jun 2023 | 10:53

“Bu gün işlətdiyimiz latın qrafikalı əlifba düşüncə sürətimizi tormozlayır...” -Psixolinqvist

“Türkiyədə də, Azərbaycanda da tətbiq olunan bu əlifba qeyri-kamildir  və təkmilləşdirməyə möhtacdır...”
 
“Hazırda hər iki ölkədə işlənən həmin əlifba qrafikasının əsasını milliyyətcə erməni dilçilər qoyub...”
 
Azərbaycan cəmiyyətini maraqlandıran əsas məsələlərdən biri də gənc nəslin xeyli hissəsinin savadsızlığa, mütaliəsizliyə və elmsizliyə meyillənməsidir. Aydındır ki, cəmiyyət, xüsusilə də pedaqoq və dilçilərimiz hər şeydən əvvəl bunun səbəblərini araşdırıb, nəticələr çıxarmalı və bu nəticələr  əsasında tədbirlər görməlidir. Bəzi mütəxxəssislər gənclərimizin, ümumiyyətlə, Azərbaycan insanının az mütaliə etməsinin səbəblərindən biri kimi çağdaş əlifba qrafikamızın oxunuş üçün yorucu olmasıyla izah edir... 
 
Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dilinin yaradılması məsələsinin  gündəmdə olduğu bir dövrdə bu aktual problemlə bağlı Moderator.az üçün söhbət etdiyimiz pedaqoq və psixo-linqvist alim,  "Dil və ədəbiyyat” elmi-nəzəri jurnalının (“Dil və ədəbiyyat” jurnalı 1993-cü ildən stabil şəkildə çıxan böyük həcimli,(45 çap vərəqəsi) məcmuədir. Onun səhifələrində minlərlə  tədqiqatçının elmi araşdırmaları çapdan çıxmışdır) baş redaktoru Tahir Cəfərli bir sıra maraqlı fikirlər səsləndirməklə yanaşı, Azərbaycan dilinin müasir latın qrafikası çatışmazlıqları haqda digər dilçi alimlərin etirazlarına səbəb ola biləcək rəylər irəli sürüb və həmin əlifbada islahatlar aparılması üçün təkliflər verib. Alimlə söhbətimizi ictimaiyyətin və elmi dairələrin müzakirəsinə buraxırıq...
 
- Tahir müəllim, Azərbaycan gənclərinin, demək olar ki, çox az hissəsi kitab oxuyur, oxuduqları isə çox az həcmli materiallar olur. Digər tərəfdən, gənclərin yazı qabiliyyətləri də heçə çox aşağıdır. Yazılarda hüsnxət yoxdur.  Ali məktəb tələbələrinin yazdıqları yazı işlərini təhlil etsək, görərik ki, çoxu basma-qaradır. “İnsanın yazısı isə onun qəlbinin güzgüsüdür! - Avropa prinsipi ilə yanaşsaq, görərik ki, doğrudan da, çox geridəyik. Sizcə, bunun səbəbləri nədədir?
 
-Bunun səbəbi yeni latın  əlifbamızdır. Çünki yazı və oxu sistemimiz dilimizin tələblərinə uyğun gəlmir. Psixolinqvistik nöqteyi-nəzərdən əlifbamızı təhlil etsək, görərik ki, o, tələm-ələsik qəbul edildiyindən Azərbaycan dilinin linqvistik xüsusiyyətləri nəzərə alınmayıb. Nəticədə yeni əlifbamız, sadəcə, Türkiyə qrafikasını Azərbaycan dilinə uyğunlaşdırmaqla formal şəkildə  qəbul edilib...
 
Təəssüf ki,  XX əsrin 30-cu illərində Türkiyə latın qrafikasını yaradanlar ermənilər olublar və elə hiyləgərliklərə əl atıblar ki, Türkiyə əhalisinin düşünüb-yazmaq qabiliyyətinin sürətini də heçə endiriblər.  Müasir Türkiyə əlifbasını və dilini Akop Maratyan adlı bir erməninin yaratdığını deyirlər. Mustafa Kamal ona "Dilaçar" ləqəbini vermişdi...
 
Daha qəribəsi budur ki, Türkiyə Milli məclisində Mustafa Kamala "Atatürk" soyadının verilməsi təklifinin müəllifi də Akop Maratyan olub. Uzun müddət "Türk ensiklopediyası" nın baş redaktoru vəzifəsində çalışıb. Ətrafında olan erməni türkoloq dilçilərin əlifbanın və türk dilinin “ avropalaşdırılmasında” “Dilaçar”a yaxın erməni türkoloqlarının böyük rolu olub. “Erməni olasan, türkə zərər verməyəsən? - prinsipindən onların fəaliyyətinə yanaşsaq, həmin hayların gizli şəkildə Türkiyəyə vurduqları zərəri görərik. Bu, hazırda da tətbiqi davam etdirilən Türkiyə latın qrafikasıdır. Onun yaradılmasında iştirak edən fərdlər, türk dilinin leksikologiyası və fonetikasına zidd olan hərifləri türk dilinə uyğunlaşdırmamışlar, əksinə, elə etmişlər ki, türklərinyazı sürəti aşağı ensin. Təbii ki, bu, özünü düşünmə qabiliyyətində də göstərir. Sürəti az olan əlifba ilə yazarkən düşünmədə də tormozlaşma yaradır. Bu məsələ o qədər gözədəyməz olmasa da, maraqlıdır ki, bu günə qədər Türkiyə dilçi-alimləri bu məsələnin mahiyyətini belə, anlamayıblar...
 
- Yəni, sizin fikrinizcə, Türkiyədə latın əlifba qrafikasının yaradılmasında yaxından iştirak edən erməni alimlər qardaş ölkəyə qarşı bilərəkdən təxribat ediblər?
 
-Bəli... Təəssüf ki, bu, gerçəkdir... Özü də çox gizli və uzun sürətli və müddətli təxribat: insan, bu halda Türkiyə vətəndaşı yazarkən düşünmə sürətini aşağı salmaq... Psixolinqvistik nöqteyi-nəzərdən bu, çox ciddi məsələdir. Yazarkən dayanmalar baş verirsə, bu qeyri-iradi olaraq yazan fərdi düşüncədən yayındırır. Buna psixolinqvistikada tormozlaşma deyilir. Adi dildə desək, belə dil hadisələri insanı düşüncədən yayındırır. Bir sözlə, bu gün Türkiyədə də, Azərbaycanda da tətbiq olunan bu əlifba qeyri-kamildir  və təkmilləşdirməyə möhtacdır... Belə ki, Azərbaycanın ikinci latın qrafikası da islahatlara möhtacdır, çünki Türkiyə əlifbasında buraxılan səhvlər, Azərbaycan qrafikasında da təkrarlanır... 
 
-Sizin  fikrinizdən belə çıxır ki, bugünkü yazı sürətlərinin aşağı olması ermənilərin yaratdığı əlifbanın Azərbaycan dilinə tətbiqinin nəticəsidir. Bunu necə izah edə bilərsiniz?
 
- Gəlin əlifbamızı psixolinqvistik nöqteyi-nəzərdən təhlil edək. Avropa linqvistlərinin fikrincə, ən mükəmməl qrafikada yazarkən qələmin ucunun vərəqdən ayrılmaması əsas götürülür. Bu baxımdan Avropa xalqları arasında ən mükəmməl sürətli qrafika  ingilis əlifbası sayılır. Onu da qeyd etməliyik ki, ingilis qrafikası bu həddə çatana qədər bir çox islahatlara məruz qalmışdır. Eyni ilə başqa xalqların dillərində də...
 
Biz ingilislərin və başqa Avropa xalqlarının  əlifba islahatları ilə o cümlədən Rus qrafikasının təkmilləşməsi ilə bağlı  məsələləri öyrənsək, əlifbanın kamillik prinsipinin nədə olduğunu anlayarıq. Əlbəttə ki, kamil əlifbanın mahiyyəti özünü yazı tempində büruzə verir...
 
Bu problemə psixolinqvistik nöqteyi-nəzərdən  yanaşsaq, insanın yazı sürətinin tempi düşünmə sürətindən  geri qalmamalıdır. Yazı tempi nə qədər sürətli olsa, düşüncənin də sürətli olmasına gətirib çıxarar. Başqa sözlərlə desək, düşüncənin məhsuldarlığını artırar. Bu mövqedən psixolinqvistlərin  fikri birmənalıdır: yüksək templi yazı zehni tormozlanmanın qarşısını alır  və düşüncənin  effektivliyini artırır...      
 
Əlbəttə ki, Azərbaycan filoloqları digər ölkələrdə oldğu kimi əlifbamızın bütün psixolinqvistik cəhətlərini öyrənməli, sürəkli latın qrafikalarının təcrübələrindən dəyərlənməli və elə etməlidirlər ki, əlifbamız daha da kamilləşsin... 
 
- Azərbaycanda yeni əlifbaya keçmək həmişə siyasi məzmun daşıyıb və xalqımızın ümumi savad və təhsilə, elmi bilgilərə yiyələnməsi, adi mütailəyə yiyələnməsi baxımından ciddi fəsadlar yaradıb... 
 
-Bu haqda çox danışmaq olar. Ancaq bizim məqsədimiz bunu təhlil etmək deyil. Sadəcə olaraq dil xüsusiyyətlərini nəzərə almadan yeni qrafikanın  törətdiyi fəsadlardan danışmaq istərdik...
 
-Hər halda əlifbamızın tarixinə qısaca nəzər salsaq, oxucularımız üçün də bir sıra məsələlər daha aydın olar...
 
 -İndiki əlifba. Şimalı Azərbaycanın dördüncü əlifbasıdır. 1925-ci ildə Latın qrafikasına keçməklə hər şeydən əvvəl ölkədə olan savadsızlığa son qoymaq və Azərbaycan xalqının intellektual  səviyyəsini  qaldırmaq məqsədi güdürdü. Türkiyə respublikası  latın qrafikasına 1928-ci ildə keçsə də onların qrafikası bizimkindən fərqlənirdi. Türkiyə qrafikasından fərqli olaraq, bizim qrafikaya erməni əli dəyməmişdi
 
Azərbaycanın  ziyalılarının qəbul etdiyi latın qrafikasınına keçməklə qısa müddət ərzində savadsızlığa son qoyduq, bundan əlavə xalqın ali təhsilli ziyalılarının sayını birə on artırdıq. Bu illərdən Azərbaycan elminin İntibah dövrü başladı. Bununla belə, onu da qeyd etməliyik ki, yeni əlifba bizi 1300 illik  kitab mədəniyyətinizdən və tariximizdən ayırdı...
 
(Davamı var)
 
Sultan Laçın
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər